Böyük Britaniya səfirliyi «Azadlıq»ın məlumatına reaksiya verdi
“Böyük Britaniya azərbaycanlı məmurları ”qara siyahı”ya salır?” başlığı ilə dərc etdiyimiz yazıya adıçəkilən ölkənin Bakıdakı səfirliyindən reaksiya almışıq.
Yazıda göstərilirdi ki, Ingiltərə hökuməti Azərbaycanda insan hüquqlarının pozulmasında “qəhrəmanlığı” ilə seçilən məmurların siyahısını tərtib edib və onlar barədə yaxınlarda sanksiya veriləcək. Sanksiya həmin şəxslərin Böyük Britaniyaya girişini yasaqlayacaq, həmin ölkədə bank hesabları varsa, onları donduracaq.
Məqalədə Naxçıvan Ali Məclisinin sədri Talıbovun oğlanlarının Londonla sıx əlaqələri təəccüblü fakt kimi göstərilmişdi və etimal olunmuşdu ki, bir sıra parametrlər üzrə onlar sanksiyaya məruz qalan ilklərdən olacaq.
“Azadlıq”a məqalə ilə bağlı açıqlama verən Böyük Britaniya səfirliyinin əməkdaşı Günel Əhmədova məqaləni tam şərh etmək istəməyib. O sadəcə xatırladıb ki, həqiqətən Ingiltərənin imiqrasiya qanununa insan hüquq və azadlıqlarını kobud formada pozan şəxslərin ölkəyə buraxılmaması ilə bağlı maddə əlavə edilib.
Azərbaycanlı məmurların bu maddənin zavalına gəlib-gəlməyəcəyi barədə səfirlik mövqe bildirməyib, sadəcə deyilib ki, belə bir hal hələ yoxdur.
Azərbaycanda insan haqlarına qənim kəsilənlərə – konkret halda Talıbovlara (onlara sanksiya tətbiq edilməsi ilə bağlı Naxçıvan ziyalılarının bir neçə dəfə yerli və beynəlxalq hüquq təşkilatlarına, səfirliklərə müraciəti olub) səfirliyin rahatlıqla viza verməsi barədə sualımıza isə cavab belə olub: “Böyük Britaniya səfirliyinin vizanın verilib-verilməməsinə heç bir təsir mexanizmi yoxdur. Vizaların verilməsini Britaniya sərhəd agentliyi müəyyənləşdirir”.
Sonda onu da bildirək ki, səfirlik sözçüsünün bu mövzuda “xəsisliklə” danışması başadüşüləndi. Bircə faktı yada salmaq kifayətdir ki, London Olimpiadası zamanı ictimaiyyətə “qara siyahı” açıqlanmasa da, Ərəb inqilablarının hədəfi olan şəxslərin Böyük Britaniyaya girişi qadağan edilmişdi.
Siyasət şöbəsi


