Elsevər Abdullayevin Mahir Abdullayevlə bağlı ifadəsi yayıldı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı, Baş Prokurorluğun istintaqa Nəzarət Baş Idarəsinin böyük prokuroru işləyən Elsevər Abdullayev Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı istintaqa verdiyi ifadəsində maraqlı məqamlar var. Ifadəni “Təzadlar”ın Araşdırma Qrupunun dərc etdiyi ifadənin bəzi hissələrini təqdim edirik.
Sual:
– Qardaşımız Mahir Abdullayevin axtarışı ilə bağlı hansı vəzifəli şəxslərlə görüşmüsünüz?
Cavab:
– 2003-cü ilin oktyabr-noyabr ayları ərzində Elşadla birlikdə ilk əvvəl daxili işlər nazirinin müavini Oruc Zalovun qəbulunda olduq. O, bizimlə uzun müddət söhbət etdi, Mahirin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmasını biləndən sonra nazir Namiq Abbasovla telefonda danışaraq bizim məsələmizi ona bildirdi və sonuncu Mahirin tapılması ilə ciddi məşğul olacağına söz verdi. Lakin bu görüşün heç bir nəticəsi olmadı. Ardınca biz DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin o vaxtkı rəisi Vilayət Eyvazovla görüşdük. Vilayət Eyvazov bizi arxayın etməyə çalışdı ki, texnikanın son nailiyyətləri olan texniki avadanlıqlarla işləyirlər və müsbət nəticə əldə olunarsa, bizə məlumat verəcəklər. Bu dəfə də heç bir nəticə əldə olunmadı. Vəziyyəti belə görüb Elşadla mən Ramil Usubovdan xahiş etməsindən ötrü mərhum Aqil Əliyevin bağına getdik, çünki Aqil Əliyev Elşadı öz balası kimi çox istədiyindən daxili işlər naziri Ramil Usubova zəng edərək qardaşımız Mahirin tapılmasını sonuncudan xahiş etmişdi. Sabahısı gün Ramil Usubovun qəbulunda olduq. Nazir bir saata yaxın bizimlə söhbət etdikdən sonra Zahid Dünyamalıyevi yanına çağıraraq Mahirin itkin düşməsi ilə bağlı ona müvafiq göstərişlərini verib, bu işin nəzarətini şəxsən ona tapşırdı. Bundan sonra mən və Elşad Zahid Dünyamalıyevin otağına getdik. Bir saat orada Mahir Abdullayevlə bağlı söhbətimiz oldu. Bildirmək istəyirəm ki, Ramil Usubovun otağında Zahid Dünyamalıyevlə biz olan vaxt şəxsən Ramil Usubov bildirdi ki, Elşad müəllim, bu işə sizin tərəfinizdən də köməklik olunmalıdır. Belə ki, ən xırda məsələ olsa belə bu barədə mənə məlumat verilməlidir. Bundan sonra o öz telefonlarını Elşada verdi.
Sual:
– Mahir Abdullayevin kiməsə borcunun olması və ya kimlərinsə Mahir Abdullayevə borcunun olması barədə nə deyə bilərsiniz?
Cavab:
– Onu deyə bilərəm ki, Mahirə “Tri korona” adlı kafenin əvvəlki sahibi və həmin kafeni Mahirə satmış Eldarın 10.000 dollara qədər borcu olmuş, bundan başqa gürcüstanlı tələbə yoldaşı Qulu adlı şəxsin Mahirə 70.000 dollar borcu olmuşdur. Qulu adlı şəxs bu məbləği Mahirdən borc almışdı. Bunlarla yanaşı, hazırda MTN-də işləyən Akif Çovdarov adlı şəxsin Rusiyada olan taxta məsələsi ilə bağlı Mahirə 72.000 dollar borcu olmuşdur. Bunu Mahir itkin düşməmişdən əvvəl şəxsən özü bizə dəfələrlə bildirmişdir. Biz qardaşlardan çox Mahirin yanında Sənan adlı dostu olmuşdur. Sənan adlı bu şəxs Mahir itkin düşəndən sonra qardaşıma məxsus “Gənclik” metro stansiyasının yaxınlığında olan mənzilini satmışdır. Bundan əlavə, Mahirin “Prado” markalı avtomaşını da Sənanın adına olmuşdur, Mahir itkin düşdükdən sonra dəfələrlə avtomaşın ondan tələb etməyimizə baxmayaraq, avtomaşın uzun müddət keçəndən sonra güc-bəla ilə ondan alınmışdır.
Sual:
– Cinayət işinin materiallarından görünür ki, ögey qardaşınız oğlu Abdullayev Mübariz Aslan oğlu 16 noyabr 2003-cü il tarixdə Elşad Abdullayevə zəng edərək Mahir Abdullayevin onda olmasını bildirmiş və onun qaytarılması üçün 50.000 ABŞ dolları tələb etmişdir. Bu barədə siz nə deyə bilərsiniz?
Cavab:
– Göstərə bilərəm ki, həqiqətən 2003-cü ilin noyabr ayında mən Elşad Abdullayevin evində qalan müddətdə nömrəsini xatırlamadığım mobil telefonundan Elşadın mobil telefonuna Elşadın xüsusi qeyd etdiyi nömrədən zəng edilərək bildirildi ki, Mahirin qaytarılması üçün 50.000 ABŞ dolları pul götürüb Zaqatala rayonunun ərazisinə gəlmək lazımdır. Lakin bildirmək istəyirəm ki, həmin səs çox təcrübəli və yaşlı bir şəxsin səsinə oxşayırdı və Elşada bildirdi ki, sənin avtomaşının BMV X-5 markalı tünd göy rənglidir. Maşınını da tanıyıram. Sənin bütün hərəkətlərin izləniləcək və həmin yerə tək gəlməlisən, əks təqdirdə, sən Mahiri görməyəcəksən. Elşad həmin şəxslə danışarkən onu səsli vəziyyətə qoşdu və beləliklə də mən bu şəxsin danışdığını Elşadla bərabər eşidirdim. Mən qardaşım Elşadla bu məsələni müzakirə etdik və o bildirdi ki, bu nətər iş olur ki, bir tərəfdən məndən külli miqdarda pul alırlar qardaşıma görə (Arzunu nəzərdə tuturdu), digər tərəfdən 50.000 ABŞ dolları pul istəyirlər…