Bilgisizləşdirmək, bilallaşdırmaq

Hazırda bir xeyli yaptokratın başı müğənnilərlə qırğına qarışıb, onları baltalamaqla məşğuldular. Heç müğənnilər də az aşın duzu deyillər, haqlarında deyilənləri cavabsız qoymurlar, ağızlarını açıb gözlərini yumurlar. Məsələn, mən xalqsız xalq artisti Ilhamənin bir yaptokrat deputata cavabını oxudum, bir batman balla yeyiləsi deyildi.

Bəzi yaptokrat-deputatlar isə deyir, bu şou-biznes ulduzlarının ipini çəkmək lazımdır, daha bu qədər də olmaz, lap ağ eləyiblər, hədlərini aşıblar, xalqa pis örnək-filan olurlar.

Guya, özləri çox yaxşı nümunədirlər. Barı Gülərgeyt işindən sonra xalqa örnək məsələsindən danışanda ehtiyatlı olmaq lazımdır. Bu öz yerində.

Amma indi mənə sadəcə o təəccüblü gəlir ki, yaptokrat yoldaşlar nədən narazıdırlar? Onlar nəyə və kimə etiraz edirlər? Illərdir deməkdən dilimiz, yazmaqdan əlimiz qabar oldu, etməyin-eləməyin, ekran-efiri fikir adamlarına, düşüncə adamlarına qapamayın, toplumu kitabsızlaşdırmayın. Bu xalqa mədəniyyət adına qaraçuxurluları, qafarzadələri, rəqsanələri sırımayın. Heç bir istedad və intellekt göstəricisi olmayan, bozbaş qoxuyan, zövqsüzlüyün, bayağılığın kulminasiya nöqtəsinə çevrilən adamları zorla evlərimizə soxmayın.

Bu ölkənin gəncliyinə, yeni nəslinə karyera qurmağın, yüksəlməyin yolunun “Azəristar”lardan, “Yeni Ulduz”lardan, “Toylar kralı”ndan keçdiyi hissini aşılamayın. “Oxumaq” sözünü yalnız mikrafonla assosiasiya etməyin.

Dinləmədiniz.

Ömründə bir kitab üzü açmamış, iki cümləni ard-arda söyləyə bilməyəcək qədər cahil adamlarla doldurdunuz efiri.

Telekanalları aydın insanlara qapatdınız – yalnız ona görə ki, fərqli fikirli idilər. Azad düşüncəli idilər. Toplumun beynində fırtınalar qopara bilərdilər. Onu qəflət yuxusundan ayılda, düşünməyə zorlaya bilərdilər.

Çünki sizə uyuyan bir topluluq lazım idi. Hər cür ictimai, siyasi, sosial təpkidən uzaq…

Zövqsüz…

Bütün qəlbini, ruhunu şit, əttökən musiqilərə, savadsız, bilgidən nəsibini almamış, həyat kredosu “daha çox toy tutmaqdan” o yana keçməyən müğənnilərə təslim edən bir topluluq lazım idi sizə.

Belələrini insanların gözündə ucaldaraq, əlçatmaza çevirərək, onlardan “ulduz”, “yaşayan əfsanə” düzəldərək sonra da zamanı gələndə öz siyasi məqsədlərinizə alət etmək lazım idi – məsələn, seçki konsertləri üçün.

Hər cür ödülləndirdiniz onları.

Ölkənin baş tacı etdiniz.

Yalnız müxalifətçidir deyə, yüksək intellekt və istedad sahiblərini ölkədən dışlayarkən, onlara həbsi, şantajı rəva görərkən heç bir istedad və intellekt göstəricisi olmayan toyxana müğənnilərini sizi mədh etmələri üçün başa çıxardınız. Dürlü-dürlü fəxri adlar, təltiflər, təqaüdlərlə bu ölkənin mədəni potensialının ancaq onlardan ibarət olduğu görüntüsü yaratdınız.

Bu da nəticə!

Bu da məntiqi son!

Millətə zövqsüzlük, bayağılıq aşılasın, onu qəflət yuxusuna versin deyə, yağ içində böyrək kimi bəslədikləriniz özlərini o qədər əvəzedilməz, vazkeçilməz, toxunulmaz, doğrudan da bir dəyər kimi görməyə başladılar ki, artıq sizi belə endirmirlər. Eyinlərinə almırlar.

Onlarda zərrəcə günah yoxdur.

Öz cəzanızdır, özünüz də çəkəcəksiniz.

***

Keçənlərdə Bilal Əliyev adlı bir müğənni toylara 150 min dollardan aşağı getmədiyini açıqladı.

O anda bu ölkənin qəpik-quruş qazanan, ailəsi, uşaqları yanında boynubükük müəllimini, alimini, gözünün nurunu elmə, kitablara axıdan bilgili insanlarını düşündüm.

Nə hisslər keçirirdilər, əcəba?

Məmləkəti başına alan bu bilgisizləşdirmə, bilallaşdırma oyunlarına alət olmağın peşmançılığınımı?

Yoxsa ömrünü kitaba, elmə, təhsilə xərcləmənin üzüntüsünümü yaşayırdılar?