AXCP funksionerinə qarşı təzyiq

AXCP Naxçıvan şöbəsinin sədr müavini Həsən Şıxəliyev dünən Bakıdan Muxtar Respublikaya qayıdarkən Culfa rayonundakı gömrük-keçid məntəqəsində təzyiqlərə məruz qalıb. Bu barədə “Azadlıq”a AXCP funksioneri özü məlumat verib.

Həsən Şıxəliyev bildirib ki, Culfa gömrüyündən keçəndən sonra qapıda onu yenidən mülki geyimli şəxslər saxlayıb: “Onlar əvvəlcə pasportumu istədilər, verdim. Sonra bir otağa apardılar, orada üstümdə olan bütün sənədləri, telefonuma gəlib-gedən zəngləri yoxladılar. Bununla da kifayətlənmədilər. Məni soyunduraraq, üstümə baxış keçirdilər. Soruşdular ki, siqaret çəkib, araq içirsən? Dedim ki, xeyr. Ardınca soruşdular ki, narkotikdən istifadə eləyirsən? Cavab verdim ki, mən heç siqaret çəkmirəmsə, narkotikdən istifadə edərəmmi? Əlbəttə ki, yox. Yenə də barmaqlarımın arasına qədər yoxladılar. Təbii ki, qeyri-qanuni heç nə tapa bilmədilər. Bu cür axtarışın səbəbini soruşdum, cavab verdilər ki, sadəcə, yoxlayırıq. Amma aşkar görünürdü ki, digərlərinə qarşı bu cür davranmırdılar. Hamı gömrük məntəqəsindən keçib gedirdi, heç kimi mənim kimi saxlamırdılar. Yalnız mənə qarşı belə münasibət var idi”.

Bir saata yaxın məntəqədə saxlanıldığını deyən Həsən Şıxəliyev onu da qeyd edib ki, təxminən iki ay əvvəl Biləsuvar gömrük-keçid məntəqəsində də bənzər münasibətlə üzləşib.