Hakimiyyət elitasında yaranan paradoksal vəziyyət uzandıqca, düşərgədə parçalanmalar böyüyür
Seçki yaxınlaşdıqca, rəqib düşərgələrdə gərginlik artır. Bütün cəhdlər özünü daha təmkinli göstərmək üçün olsa da, bunu təmin etmək elə də mümkün deyil. Iqtidar düşərgəsində vəziyyətin daha çətin olduğunu gözdən yayındırmaq isə aşkar müşkülə çevrilib.
Hakimiyyət daxilində bir neçə aşılması mümkün olmayan dilemma yaranıb ki, bu da iqtidar komandasının psixoloji vəziyyətini müxalifət koalisyasının xeyrinə dəyişir. Hakimiyyət texnoloqları çox ciddi keçilməzliklərlə üzləşdiklərini bir neçə suala aydınlıq gətirə bilmədikləri ilə ortaya qoyublar.
Birincisi, Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyov pis adamdırmı? Elə isə niyə Heydər Əliyev onun haqqında ən yüksək tərifləri deyib, Ilham Əliyev onunla bir masada yeyib-içib, onun şəninə tostlar deyib. Onunla fəxr etdiyini deyib. Niyə? Onlar Rüstəm Ibrahimbəyovla uzun müddətdir tanış deyillərmi?
Ikincisi, Ibrahimbəyov pis adam deyilsə, indi ona qarşı aralarında olan bütün insani münasibətlərə baxmayaraq, niyə antikampaniya aparılır? Heydər Əliyevin qürur mənbəyi olan adama Siyavuş Novruzov niyə təhqirlər yağdırır? Bütün bunlar hakimiyyətin danışanlar kamandasında və bu komandanın ağzına baxanlar ordusunda ciddi çaşqınlıqlar, arqument qıtlıqları yaradıb. Buna görə də onlar nəinki geniş kütlələr qarşısında, hətta daxili müzakirələrdə belə ciddi görünə bilmirlər.
Üçüncüsü, Ibrahimbəyov Rusiyanın adamıdırmı? Belədirsə, onda niyə hakimiyyət bu istiqamətdə olan təbliğatını inkar etməyə başladı? Uzun zaman bu təbliğata alət olan müxalif kimi görünən media orqanları nüfuzlarını elə itirdilər ki, indi onlar hakimiyyətin başqa tezislərini yazanda rəsmi qəzetlərdən heç nə ilə fərqlənmir.
Dördüncüsü, hakimiyyətin əsas namizədi Ilham Əliyevdirmi? Ilham Əliyevdirsə, onda niyə Mehriban Əliyevanın da namizədliyi var?
Beşincisi, Mehriban Əliyevanın namizədliyi Ilham Əliyevə dəstək üçün nəzərdə tutulubsa, o zaman onun namizədliyini irəli sürən partiyanı mətbuat konfransı keçirmək üçün Ramiz Mehdiyevin nəzarətində olan BMM-ə niyə buraxmayıblar?
Əsas namizəd Mehriban Əliyevadırsa, onda niyə Ramiz Mehdiyev açıqlama verib əsaslandlrmağa çalışır ki, Mehriban Əliyeva Ilham Əliyevi dəstəkləyir?
Bu açıqlama həqiqətdirsə, niyə təsdiqini hansısa formada ala bilmir?
Bütün bu suallar hakimiyyət daxilindəki vəziyyəti günü-gündən gərginləşdirir. Məsələ burasındadır ki, bu məsələlər haqqında hətta dar çevrələrdə də açıq danışa bilmirlər. Bu da qeyri-müəyyənliyin tirajlanmasına və ümidsizliyin güclənməsinə səbəb olur. Açıq danışmağın mümkünsüzlüyü isə mövzunun əsaslı olduğunu sübut edir. Yəni hakimiyyət daxilində sözün həqiqi mənasında qarşıdurma var. Bu tərəflərin arasında isə hələlik konsensus əldə etmək mümkün olmayıb.