Ənvər Məmmədxanlı adına kitabxana bütünlüklə ailə şirkətinin əlinə keçdi
“Azadlıq”ın diqqətli oxucuları yəqin ki, Səbail rayonunda yerləşən Ənvər Məmmədxanlı adına kitabxana ilə bağlı yaranmış qalmaqalı unutmayıblar. 2009-cu ildə məhz “Azadlıq” qəzeti bu kitabxananın məkrli və korrupsiya dolu plan nəticəsində “Azal” prezidenti Cahangir Əsgərovun şirkətinin əlinə keçdiyini aşkarlamışdı.
Bəlli olmuşdu ki, sahəsi 260 kv metr olan kitabxana heç işçilərin də xəbəri olmadan “SW Travel” şirkətinə (bu şirkət prezidentin qızlarına məxsusdur – red.) satılıb.
Hadisə ictimailəşəndən sonra kitabxananın direktoru Roza Rzayeva (xalq artisti Yalçın Rzazadənin həyat yoldaşı) da öz etiraz səsini ucaltdı, amma nəticə heç də onun xeyrinə olmadı. Yalçın Rzazadənin mətbuata verdiyi məlumata görə, həyat yoldaşı buna görə döyülərək xəstəxanaya da salındı.
Bundan sonra hökumət işə don geyindirmək üçün Bakı şəhər Mədəniyyət və Turizm Idarəsinin Kitabxana Direktorlar Şurası adından bəyanat yaydı. Bəyanatda göstərilirdi ki, Ə.Məmmədxanlı adına kütləvi kitabxananın Bakı şəhərinin mərkəzində yerləşməsinə baxmayaraq, kitabxananın fəaliyyəti uzun illərdir acınacaqlı vəziyyətdə salınıb. Bu işdə isə direktor günahkar bilinirdi: “Kitabxana Direktorlar Şurası dəfələrlə iclas keçirib, qeyd olunan məsələlər müzakirə olunub, müvafiq tədbirlər görülməsi üçün Bakı şəhər Mədəniyyət və Turizm Idarəsinə müraciət edilərək kitabxananın fəaliyyətini normal şəraitə gətirilməsi məqsədilə kitabxanada kadr islahatlarının aparılmasının, müvafiq ixtisaslı və təcrübəli kadrların təyin olunmasının zəruriliyi bildirilib”.
Nazirlik isə guya işə qarışıb təsirli tədbir gördü. Kitabxananın kitabları tam boşaldıldı. Orda təmir işləri başlandı. Təmir bitəndə isə məlum oldu ki, kitabxanın dörddə üçü Cahangir Əsgərovun şirkətinə verilib, qalanı isə oxucuların ixtiyarına.
Dünən isə “Azadlıq” kitabxana ilə bağlı daha bir dəhşətli faktı aşkarlayıb. Artıq birmənalı demək olar ki, kitabxana üzərində Cahangir Əsgərov tam qələbə çalıb. Artıq həmin ünvanda heç bir oxucuya xidmət olunmur. Bunu bizə oranın administratorları bildiriblər. Ötən gün kitabxanadan istifadə etmək istədikdə bizi ora buraxmadılar. “Bura artıq kitabxana deyil” dedikdə, sual etdik ki, “bəs niyə binanın qarşısında ”kitabxana” lövhəsini götürmürsüz?”.
Şirkətin işçiləri dedilər ki, lövhə ilə də bağlı irad tezliklə həll ediləcək. Yəni daha kitabxana heç lövhədə də olmayacaq.
Azərbaycanda daha bir mədəniyyət nöqtəsi belə susduruldu. Özü də Mədəniyyət Nazirliyinin əli ilə.


Natiq


