Milli Şura Rüstəm Ibrahimbəyovu yekdilliklə vahid namizəd seçdi. Ancaq Milli Şurada təmsil olunan bir neçə partiya öz namizədini də qüvvədə saxlamaq qərarı verdi. Bu hal müxtəlif müzakirələrə səbəb oldu. Bu hallara aydınlıq gətirmək üçün Rüstəm Ibrahimbəyov Milli Şura üzvlərinə göndərdiyi müraciətdə deyir:
“Hər kəs bunu dərk edir ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir. Bu halda, Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd qeydiyyata alınsın.
Əslində, bu namizədin qeydiyyatına mane olmaq üçün heç bir qanuni əsas yoxdur və ümid edirəm ki, olmayacaq da. Təkrar edirəm ki, indiki situasiyada bu cür yanaşma daha məqsədəuyğundur və seçkilərdə qələbəyə nail olmağın bəlkə də yeganə düzgün yolu budur”.
Bildiyimiz kimi, seçkilərə qədər öz namizədini qüvvədə saxlamaq istəyən partiyalardan biri də Müsavat partiyasıdır və partiya Isa Qəmbərin namizədliyini irəli sürüb.
Rüstəm Ibrahimbəyovun “Milli Şuranın seçkilərdə bir namizədi olmalıdır” fikrinə Müsavat başqanı Isa Qəmbər də münasibət bildirib. “Biz Müsavat partiyasının mövqeyini bildirmişik və bu mövqenin dəyişməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. Milli Şuranın seçkidən kənarda qalmaq riski var. Bu riskə yol vermək olmaz. Əgər kimsə seçkilərin boykot variantına meyl edirsə, bu istək Milli Şura formatında axtarılmamalıdır. Real müxalifətin seçkidən kənarda qalmasına heç cür yol vermək olmaz”- deyə Isa Qəmbər bildirib.
Milli Şuranın 3-cü sessiyasında nəzərə çatdırıldı ki, ikinci namizəd ümumi işə ziyan verə bilər.
Milli Şuranın 3-cü sessiyasında aşağıdakı fikirlər səsləndirildi:
“Əgər biz vahid namizədi irəli sürdükdən sonra hər hansı ehtiyat namizədlər irəli sürməyə başlasaq, bu, hakimiyyətə vahid namizədi seçkidən asanlıqla uzaqlaşdırmaq imkanı verəcək. Bu, hakimiyyəti daha da şirnikləndirəcək ki, vahid namizədin qeydiyyatı məsələsində sərt mövqe nümayiş etdirsin”.
Bəs Milli Şurada təmsil olunan digər şəxslərin məsələyə münasibəti necədir?
«Digər namizədlərin iştirakı hakimiyyətin saxtalaşdırdığı seçkiyə legitimlik donu geyindirəcək»
Milli Şura üzvü Eldəniz Quliyev bildirdi ki, bu məsələdə fikri birmənalıdır, vahid namizədlə seçkiyə getmək yeganə uğurlu addımdır: “Milli Şuranın yaranma məqsədi demokratik seçkilərin keçirilməsinə nail olmaq və vahid namizədlə seçkidə iştirak etməkdir. Əgər kimsə bunun əksinə hərəkət edəcəksə, bu, qərəzli mövqe kimi qiymətləndirilməlidir. Hətta Rüstəm Ibrahimbəyov qeydiyyata alınmasa belə, bizim məğlubiyyətimiz qələbəyə bərabər bir məğlubiyyət olacaq. Və bu hadisə seçkilərin qeyri-legitimliyini bütün dünyaya açıq şəkildə göstərəcək, Azərbaycan demokratik dünyadan təcrid olunacaq. Əgər kimsə qələbə naminə yox, seçkidə iştirak naminə seçkiyə gedəcəksə, bu, hakimiyyətin saxtalaşdırdığı seçkiyə legitimlik donu geyindirmək olacaq”.
«Milli Şura daxilindəki hansısa təşkilatın öz namizədinin olması, vahid namizədin qeydə alınmamasına şərait yarada bilər»
ALP sədri, Milli Şura üzvü Əvəz Temirxan da hesab edir ki, seçkiyə digər namizədlərin qatılması daha çox uğursuzluq gətirən addım olacaq: “Indiki şəraitdə hansı təşkilatın seçkiyə öz namizədi ilə qatılacağını bildirmək tezdir. Ancaq bir təşkilatın vahid namizədi varsa və bu təşkilatın tərkibində digər namizəd də varsa, bu, iqtidara şans verəcək. Hakimiyyət bu halda vahid namizədi seçkiyə buraxmayıb, digər namizədi qeydə ala bilər. Və əsaslandırar ki, bu adamın sənədləri qaydasında olduğu, namizədliyə uyğun görüldüyü üçün qeydə alınıb. Ona görə də öz namizədi olan təşkilatlar məsələni yenidən təhlil etməlidilər. Çünki bir namizəd ilə seçkiyə qatılmaqla, həmin namizədin qeydə alınmasına daha çox nail olmaq olar”.
«İndiki dövrdə Milli Şura daxilindəki təşkilatların namizədlə çıxış etməsi paradoksdur»
Hüquq müdafiəçisi, Milli Şuranın üzvü Arzu Abdulayeva bildirdi ki, namizəd olmaq, seçkidə iştirak etmək hər kəsin hüququdur. Ancaq indiki mərhələdə ikinci bir namizədin olması ümumi işə ziyan vura bilər: “Uzun müddətdən sonra, cəmiyyətin də, demokratik qüvvlərin də arzuladığı birlik forması yarandı və birləşmiş müxalifətin vahid namizədi seçildi. Bu hadisəni böyük uğur hesab etmək olar. Ancaq Milli Şura daxilində müxtəlif təşkilatların öz namizədi ilə çıxış etməsi poradoksdur. 2 illik etimad hökumətindən sonra hər kəsin seçkidə iştirak edib, öz şansını sınamaq imkanı var. Indiki dövrdə isə, bu hal ümumi işə zərər vura bilər”.
İlham Hüseyn


