Sabitliyin yeni qarantı

Aydan arı, sudan duru hakimiyyətimiz uzun illərdi bizə sübut eləməyə çalışır ki, ölkədə sabitlik hökm sürür. Atəşkəs dövründə 4000-dən çox əsgərin həlak olmasına, intiharların rekord həddə çatmasına, vətəndaşların sosial fəlakət bataqlığında çırpınmasına baxmayaraq, biz “sabit” ölkədə yaşayırıq.

Ancaq rejim bu sabitliyin qarantı kimi həmişə bizə müxtəlif hədəfləri göstərib. Hakimiyyət sözçüləri ordumuzun gücünü, prezidentin məqsədyönlü siyasətini, ölkəmizdəki iqtisadi inkişafı, sabitliyin əsas şərti kimi bizə sırıyırdılar.

Ancaq YAP-ın liderlərindən olan Əli Əhmədovun sayəsində öyrəndik ki, “sabitliyimizin” əsl göstəricisi başqa şey imiş.

Sitat: “Azərbaycanda parlamenti buraxmaq mexanizmi yoxdur. Hesab edirəm ki, parlamenti buraxmaq mexanizminin olmaması Azərbaycanın siyasi sisteminin sabitliyinin ən mühüm göstəricilərdən biri hesab olunmalıdır”.

Əvvəlcə Əli müəllimə əsəbləşsəm də, sonradan ona haqq qazandırmağa məcbur oldum. Doğurdan da saxta parlamentin buraxılması, bu parlamentdə təmsil olunanların deputatlıq bioqrafiyasının araşdırılması, parlamentdə qəbul edilən qərarların sifarişçilərinin aşkarlanması, hakimiyyətin siyasi sabitliyinə kölgə sala bilər. 

Ancaq Əli müəllim yenə bütöv danışmayıb. Sabitliyə təhlükə yarada bilən onlarla siyasi məhbusu qeyd etməyib. Əgər bu adamlar saxta ittihamlarla həbs olunublarsa, deməli, siyasi sabitliyə təhlükədilər.

Düzdür, bu “sabitliyi” pozmaq istəyənlərin qarşısı rayonlarda yumurta ilə peşəkarcasına alınır, düşmən cavab atəşi ilə susdurulur. Ancaq yaptokratiyanın yaşaması üçün bu kifayət deyil.

Istənilən halda, bir hakimyyətin ki, sabitliyi 10 gəncin varlığı ilə pozula bilirsə, o hakimiyyətin gec-tez sabitliyi həqiqətən pozulacaq.  

Yazının sonunda Əli Əhmədovu təbrik etmək istəyirəm. Səbəb də budur ki, Əli müəllimin yuxarıda sitat gətirdiyim müsahibəsi 50 dəfə oxunub. Indiyə qədər olan nəticələrin 10-20 arasında dəyişdiyini nəzərə alsaq, 50 rəqəmi rekord göstəricidir. 600 min üzvü olan partiyada inkişaf hiss olunur (2 dəfə də mən oxumuşam).

Prezidentin saytı

Yəqin eşitmiş olarsınız ki, bizim ölkədə prezidentlə yanaşı, prezident.az saytı da var. Tənbəllik etməyib bu sayta daxil oldum. Saytda “müraciətlər” bölümü var. Fikirləşdim ki, yəqin müraciətlər bölümündə insanlar öz problemlərindən, məmurların süründürməçiliyindən, üzləşdikləri ədalətsizliklərdən prezidentə şikayət məktubları yazıblar. Ancaq müraciətlər bölümündə mütləq xoşbəxtlik hökm sürürdü. Bir nəfər də olsun şikayətçi yoxdur. Əksinə, əməkdar və xalq artistləri prezidenti kompliment yağışına tutublar. Xalq artisti Afaq Bəşirqızı, Cəfər Namiq Kamal, Ilham Namiq Kamal, Şəfiqə Məmmədova, əməkdar artist Nicat Kazımov, Əməkdar Incəsənət xaidimi Əliqismət Lalayev və digərləri prezidentə rəsmi şəkildə müraciət ünvanlayıb, təşəkkürlərini bildirirlər. Bu sayta girəndə fikirləşirsən ki, ölkədə yeganə problem təşəkkür etmək üçün növbəyə durmaqdı. Analoqu olmayan ölkəmizdə, təfəkkür tərzimiz o qədər inkişaf edib ki, prezidentə təşəkkür etmək üçün müraciət edirik. 

Ancaq yuxarıda adlarını sadaladığım artistlərin bir-birinə yaxın tarixlərdə, eyni saytın vasitəsilə prezidentə təşəkkür göndərmələri təsadüfi görünmür.

Yəqin, artistlərin prezidentə təşəkkür göndərməsi də yuxarıda qeyd etdiyimiz “sabitliyin” mühüm faktorudur.  

Tezliklə bu “sabitlik”, rejimi sabiqliyə göndərəcək.