Hakimiyyətin seçki təlaşı

Əliyevlər saxta seçkini dünya birliyinin qəbul etməyəcəyini qətiləşdirib

Qarşıdan gələn prezident seçkisi ilə bağlı hakimiyyət rahatlıq tapa bilmir. “Azadlıq”a daxil olan məlumata görə, iqtidar çevrəsində bu ilki seçkinin ənənəvi qaydada keçirilməsinə dünya birliyinin susmayacağı qənaəti qətiləşib. Hakimiyyət düşünür ki, dünya birliyi saxta seçkini qəbul etməyəcək və bu iqtidar üçün fəlakətlə nəticələnə bilər.
Məlumatda deyilir ki, hakimiyyət xüsusilə ATƏT-in Vyanadakı tədbirindən sonra ciddi narahat olmağa başlayıb. Məlumat üçün deyək ki, iqtidar ATƏT-in mandatının dəyişdirilməsi təklifi ilə çıxış edirdi. Amma bu tədbirdən sonra hakimiyyət xarici işlər naziri Elmar Məmmədyarovun dililə bu niyyətindən daşındığını bəyan etdi. Bildirilirdi ki, ATƏT qarşıdan gələn prezident seçkisinə buraxılacaq.
Məlumata görə, hakimiyyət bununla gözlənilən prinsipial mövqeni bir qədər yumşaltamağa çalışır. Lakin iqtidarda ümid yoxdur ki, belə reveranslarla dünya birliyinin saxtakarlığa qəti etirazının qarşısı alınsın. Yeri gəlmişkən, bunun ardınca hakimiyyətlə dost sayılan ABŞ-ın keçmiş səfiri Metyu Brayza iqtidarı məyus edən fikirlər âdə səsləndirib. Metyu Brayza Azərbaycan iqtidarını Misirin devrilmiş prezidenti Mursinin aqibətini yaşamamaq üçün demokratik islahatlara çağırıb. Brayzanın belə fikirlər səsləndirməsi təsadüfi sayıla bilməz. ABŞ-ın keçmiş səfiri Qərbdə Azərbaycan hakimiyyəti barədə düşüncələrin nədən ibarət olmasını bilməmiş deyil. Onun iqtidara bu cür açıq mətnlə çağırış etməsi hakimiyyətin islahatlara getməyəcəyi, seçkini ənənəvi qaydada keçirəcəyi təqdirdə özünü bitirməsi anlamasına gəlməlidir. Elə hakimiyyət də Brayzanın mesajlarını bu cür dəyərləndirir. Məlumatda deyilir ki, hakimiyyət hazırda hansı addım atacağını müəyyənləşdirməkdə çətinlik çəkir. Çünki şəffaf seçki də bu iqtidarın məğlubiyyəti deməkdir.

Azad