Gözləyənlərə ithaf olunur…
Emin MIlli
Belə bir mövqe var ki, qırağda duraq və gözləyək. Qoy Milli Şura siyasi mübarizəni uduzsun, əzilsin, döyülsun, üzvləri həbs edilsin, biz isə seçkidən və saxtalaşdırma prosesindən sonra, ağ köynəklərdə, deyək ki, gördüz, biz demişdik axı bacarmayacağlar. Bunun hesabına güclənmək istəyənlər, önə çıxmaq istəyənlər var. Məntiq budur. Çox səhv bir məntiqdir, səhv bir gözləntidir, dostlar.
Bu siysətin üzərində siyasi kapital qazanmaq mümkün olmayacaq. Ümidli olmayın. Mübarizənin içində olmaq lazımdır. Uduzan Milli Şura olmayacaq, xanımlar və cənablar, uduzan yenə də Azərbaycan xalqı ola bilər. İlk növbədə elə qırağda duranlar. Əksəriyyət.
Deyirdilər ki, muxalifət birləşə bilməyəcək, vahid namizədi olmayacaq. Vahid namizəd olsa onda dəstəkləyərik. Hanı dəstək? Nə oldu? Görmürəm. Yalnız mızıltı eşidirəm.
Siyasi səhnədə beş ildi siyasi hərəkat yaratmaq istəyən qruplar, şəxslər var. Nə ediblər? Görmürəm. Bacarmırsız? Çətindi? Bilirik. Onda hərəkatlarınızı birləşdirin. Birlikdə hərəkat edin. Bizdən yaşlı müxalif liderlərin səhvlərini təkrar etməyin. Eqolarınızın xodunu alın. Siz də buna 20 il vaxt sərf etməyin.
2010-cu ili, 2013-cü ili tək və ya elə-belə yola verən siyasi fiqurlar və qruplar heç vaxt 2015-ci ildə qələbə qazana bilməzlər. 2015-ci il uğrunda mubarizə dünən başlayıb. Qələbəni yalnız öndə gedənlər qazana bilər, qirağda durub başqaların məğlubiyyətini gözləyənlər yox.
Mən özüm Milli Şura haqqında da, Rüstəm bəy haqqında da çoxlu tənqid söyləyə bilərəm. Amma indi bunun faydasın görmürəm. Azərbaycanın xilas olunması uğrunda mübarizə aparılmalıdır. Bu şəxsi və ya korporativ bir mübarizə deyil. Öndə olanları bü gün dəstəkləməlisiz. Bəyənmirsiz? Onda özünüz önə çıxın. Çıxa bilmirsiz? Onda dəstəkləyin.
2013-cü ilin oktyabrından sonra, 2015-ci ildə və 2018-ci ildə mənim sualım belə olacaq: Siz 2013-cü ildə harda idiz? Niyə mübarizədə yox idiz? Nəyi gözləyirdiz? Sizə bu sualı mən verə bilməsəm də, başqa birisi mütləq verəcək!
Hər kəsi Milli Şuranı dəstəkləməyə çağırıram. Bu qələbə də, bu məğlubiyyət də hər birimizin olacaq. Heç kim kənarda durmağla ağıllı görsənə bilməyəcək. Bu səhvi çoxumuz etmişik və bu gün də edirik. Artıq yetər.


