“Milli Şuranın ikinci namizədi olmayacaq”

“Vahid namizədimiz Rüstəm İbrahimbəyovdur, hər hansı ehtiyat namizəd hakimiyyəti onu qeydə almamağa şirnikləndirəcək”

“Milli Şuranın vahid namizədi qeydiyyata alınmasa, demokratik dünya seçkini legitim saymayacaq”

İyulun 9-da Açıq Cəmiyyət Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının üçüncü sessiyası keçirilib. Qapalı keçən sessiyanın gündəliyinə Milli Şuranın komissiyalarının formalaşdırılması, Şuraya yeni üzvlərin qəbulu qaydalarının müəyyənləşdirilməsi, Şuranın prezidentliyə vahid namizədinin seçki qərargahının yaradılması kimi təşkilati məsələlər salınmışdı.
Qəbul olunan qərarlar barədə sessiyanın gedişində və sonda keçirilən mətbuat konfranslarında məlumat verilib.

Komissiyalar və komitələr yaradıldı

Sessiyanın gedişi ilə bağlı jurnalistlərə ilk açıqlamada ACP sədri Sülhəddin Əkbər Milli Şuranın yeni komissiya və komitələri barədə məlumat verib. Milli Şuranın üçüncü sessiyasında yaradılan komissiyaların adı və rəhbərləri belədir:

İqtisadiyyat somissiyası – Qubad İbadoğlu,
Sosial siyasət komissiyası – Eldar Əliyev,
İctimaiyyətlə əlaqələr komissiyası – Mehman Əliyev,
Hüquq komissiyası – Vidadi Mirkamal,
Beynəlxalq əlaqələr komissiyası – Gültəkin Hacıbəyli,
Humanitar siyasət komissiyası – Kamil Vəli Nərimanoğlu,
Etika komissiyası – Nurəddin Mustafayev,
Qarabağ komissiyası – Cəmil Həsənli.

Eyni zamanda Milli Şuranın kütləvi tədbirlər (Mitinq) komitəsi yaradılıb. Təşkilata daxil olan bütün qurumlar Mitinq komitəsinə namizədlərini verdikdən sonra qurumun rəhbərliyi seçiləcək. Eyni zamanda İnsan hüquqları, Gənclər və Qadınlar komitələrinin də rəhbərliyi seçilməyib.
Sessiyada Milli Şuranın vahid namizədinin seçki qərargahının yaradılması da müzakirə olunub. Sülhəddin Əkbər bildirib ki, Milli Şuranın əsasnaməsi ilə seçki qərargahını formalaşdırmaq sədrin səlahiyyətinə aiddir. Ancaq o, Milli Şura üzvlərinə etimad edərək bu məsələnin sessiyada müzakirə edilməsini lazım bilib.
Rüstəm İbrahimbəyovun Bakıya dönüşü və namizədliyinin qeydə alınması məsələsindən danışan Sülhəddin Əkbər bildirib ki, bu məsələdə hər hansı maneə görmür: “Rüstəm bəyin Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı hüququ prosedurlar davam edir. Namizədlərin qeydə alınmasına başlanana qədər Rüstəm bəyin vəkilləri bu məsələni həll edəcək. Onun Azərbaycana dönüşünə gəlincə, özü Milli Kino Günündə – avqustun 2-də Azərbaycana qayıdacağını deyib. Hakimiyyətin onun namizədliyini qeydə almaması üçün də heç bir hüquqi əsas yoxdur. Əgər İlham Əliyev birləşmiş müxalifətin namizədini qeydə almayacaqsa, bu o deməkdir ki, o seçki keçirmək niyyətində deyil”.

Yeni üzvlərin qəbul qaydası müəyyənləşdi

Milli Şuranın sessiyası başa çatdıqdan sonra yekunda Sülhəddin Əkbər və Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov birgə mətbuat konfransı keçiriblər. Milli Şuarnın strukturlarının formalaşdırıldığını deyən Namazov vurğulayıb ki, təşkilatın komissiya və komitələri, prezidentliyə vahid namizədinin seçki qərargahı yaradılıb. Amma seçki qərargahının tərkibi sonra formalaşdırılacaq. “Seçki qərargahı prezident seçkisinin təbliğat-təşviqat mərhələsinə bir ay qalmış fəaliyyətə başlayacaq. Qərargahın formalaşdırılması İcra Aparatına tapşırılıb. Qərargah İcra Aparatının strukturu kimi fəaliyyət göstərəcək. Sessiyada Şuraya yeni üzvlərin qəbulu üçün meyar da müəyyənləşdirilib. Bundan sonra Milli Şuraya üzv olmaq istəyənlər hazırkı 131 nəfərlik tərkibin 1/3-nin imzasını toplamalı və müraciətlərinə Milli Şuranın sessiyasında baxılmasını gözləməlidirlər».
Sülhəddin Əkbər isə bildirib ki, yaxın zamanlarda seçki qərargahının formalaşdırılmasıyla bağlı Rüstəm İbrahimbəyovun sərəncamı olacaq.

“Ehtiyat namizədlə bağlı Milli Şurada konsensus yoxdur”

Milli Şuranın vahid namizədinin qeydiyata alınmama riski barədə suala cavabında Eldar Namazov vurğulayıb ki, hakimiyyət onların namizədini qeydə almalıdır. Ya namizəd qeydə alınacaq, ya da seçkilərin legetimliyi sual altında olacaq: “Milli Şuranın daxilində həqiqətən prezidentliyə layiq olan xeyli sayda insan var. Bizim uzun illərdir demokratiya uğrunda mübarizə aparan təcrübəli partiya liderlərimiz, görkəmli ziaylılarımız, vətəndaş cəmiyyətinin nümayəndələri var. Namizəd baxımından biz çətinlik çəkmirik. Söhbət siyasi strategiyasından gedir. Əgər biz vahid namizədi irəli sürdükdən sonra hər hansı ehtiyat namizədlər irəli sürməyə başlasaq, bu, hakimiyyətə vahid namizədi seçkidən asanlıqla uzaqlaşdırmaq imkanı verəcək. Bu hakimiyyəti daha da şirnikləndirəcək ki, vahid namizədin qeydiyyatı məsələsində sərt mövqe nümayiş etdirsin. Onu da nəzərə almaq lazımdır ki, Milli Şuradakı qüvvələr Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı konsensusa gəlib. Bu namizədin qələbə qazanması üçün hamı səy göstərməyə hazırdır. İyirmi ildə ilk dəfədir ki, demokratik düşərgə vahid namizədlə seçkilərə qatılır. Bu, çox mühüm qərardır. Hər hansı ehtiyat namizədlə bağlı Milli Şurada konsensus yoxdur. Rüstəm bəyin namizədliyi ona görə ortaya çıxdı ki, başqa cəhdlər nəticə vermədi. Vahid namizəd qeydə alınmayacağı təqdirdə Milli Şura dinc aksiyalar keçirməklə hakimiyyəti məcbur etməlidir ki, təşkilatın vahid namizədi qeydiyyata alınsın. Hamı bir yerdə bunun üçün mübarizə aparmalıdır. Milli Şuranın vahid namizədi qeydiyyata alınmasa, demokratik dünya seçkini legitim saymayacaq. Əgər Milli Şura namizədinin qeydiyatına nail ola bilmirsə, o zaman demokratiyaya hansı keçiddən, hansı qələbədən danışmaq olar? Əgər Milli Şurada təmsil olunan partiyalar, gənclər təşkilatları hamımız birlikdə qanuna uyğun qərarımızı həyata keçirməyə qadir deyiliksə, ayrı-ayrı namizədlər seçkiyə qatılmaqla nə qazanacaqlar? Ona görə mən bütövlükdə bu fəlsəfəni qəbul etmirəm. Mən bu fəlsəfəni əvvəldən təşəbbüsü hakimiyyətə vermək kimi başa düşürəm. Ona görə bizim vahid, əsas, ehtiyat namizədimiz də Rüstəm İbrahimbəyovdur».

“Kimsə namizədliyini saxlayacaqsa, hakimiyyətə manevr imkanı tanıyacaq”

Rüstəm İbrahimbəyovun namizədliyi ilə yanaşı Milli Şurada prezidentliyə digər namizədlərin olmasıyla bağlı suala Sülhəddin Əkbər də cavab verib. O, bildirib ki, bu mövzu sessiyanın müzakirə mövzusu olmayıb: «Amma bəyan etmək istəyirəm ki, Milli Şuranın bir namizədi var. Milli Şuranın ikinci namizədi olmayacaq. Bu ən azı fiziki cəhətdən mümkün deyil. Hazırda söhbət Milli Şuranın namizədinin müdafiəsi ilə yanaşı öz namizədliklərini saxlamaqdan gedir. Məncə, bu, düzgün yanaşma deyil. Bu, Milli Şuranın qətiyyətinə, iradəsinə şübhə yaradır və hakimiyyətə, onun MSK-sına imkan verir ki, manevr etsin. Bu gün Azərbaycanın birləşmiş müxalifətinin real namizədi var və o namizəd qeydiyyata alınmadan seçkiyə gedilə bilməz. Kimsə namizədliyini saxlayacaqsa, hakimiyyətə manevr imkanı tanıyacaq. Bu taktiki cəhətdən yanlışdır. Bu narahatçılığını məktubunda Rüstəm bəy də çatdırıb. Müsavat Partiyası bəyan edib ki, onların namizədinin irəli sürülməsi barədə qərar Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınana qədər qüvvədə qalacaq. Müsavat Partiyasının bu qərarı ona hesablanıb ki, Milli Şura seçkidə namizədsiz qalmasın. Amma əgər Milli Şura namizədini qeydə aldıra bilmirsə, o necə demokratik dəyişiklikləri reallaşdıracaq, seçkidə qalib gələn namizədinin səslərini qoruyacaq? Bu bizim üçün bir testdir. Həm demokratik qüvvələr, həm də Azərbaycan xalqı birləşmiş müxalifətin vahid namizədinin qeydiyyata alınmasına nail olmalıdır. Əgər biz bunu edə bilməsək, deməli ölkədə seçki olmayacaq. Təsəvvür edin ki, Milli Şura namizədinin qeydiyyatı uğrunda mübarizə aparır. Digər tərəfdən də müxalifətdən başqa namizədi qeydiyyata alınır. Bu, elə hakimiyyətin planıdır. Hakimiyyət desin ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa da, real müxalifətdən başqa namizəd qeydə alınıb».

“Debatdan deməyə sözü olmayan adamlar qaçar”

Mətbuat konfransında İlham Əliyevin Rüstəm İbrahimbəyovla debata qatılmasına heç bir ehtiyacın olmadığı barədə hakimiyyət təmsilçilərinin bəyanatına da toxunulub. Bu barədə suala Eldar Namazov cavab verib. «İlham Əliyev 2003-cü ildən nəinki müxalifət namizədləri ilə debata çıxmayıb, hətta yerli jurnalistlərə normal açıqlama da verməyib. Şəxsən mən hesab edirəm ki, belə bir debata ehtiyac var. Özünü siyasi lider sayan adam heç olmasa on ildə bir dəfə çıxıb siyasi rəqibi ilə yarım saat debat keçirsin. Amma ənənəvi olaraq hakimiyyət bu mövzudan qaçır. Özünə arxayın olan, seçkiləri udmağa qadir olan adam debatdan qaçmaz. Əksinə debata can atar ki, üstünlüyünü nümayiş etdirsin. Debatdan deməyə sözü olmayan adamlar qaçar».

***

Mətbuat konfransında o da bildirilib ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi Milli Şura tərəfindən yaradılan təşəbbüs qrupunun adından irəli sürüləcək.

Xəyal Şahinoğlu