“Onların günahı Azərbaycandakı rejimi tənqid etmələridir”

Keçmiş ABŞ diplomatı Azərbaycanda hakimiyyətin şərləmə metodundan yazır

Rebekka Vinsent: «Bu kriteriyalarla bizim çoxumuzu «xuliqan» adlandırmaq olar»

ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, hazırda insan hüquqları sahəsində fəaliyyət göstərən Rebekka Vinsent ölkəmizdə demokratiya fəallarının, tənqidçi jurnalistlərin saxta ittihamlarla həbs olunması haqda geniş məqalə hazırlayıb. Keçmiş diplomatın “Azərbaycanda daha bir ”xuliqan” dəmir barmaqlıq arxasında” başlıqlı məqaləsi “Azad Avropa” radiosunda yayımlanıb. Məqalənin tərcüməsini təqdim edirik:

***

Azərbaycanda ötən ay hakimiyyətin daha bir tənqidçisi siyasi motivlərlə həbs olunub xuliqanlıqda ittiham edildi və dəmir barmaqlıqlar arxasına göndərildi.
Müxalifətçi fəal, Müsavat partiyasının üzvü Yadigar Sadıqov iyunun 27-də yaşadığı Lənkəran rayonunda həbs olundu. Sadıqov həbsindən iki gün əvvəl Masallıda çayxanada bir nəfərə qarşı hücumda ittiham olunurdu. Həbsinə qədər Sadıqov hadisə barədə ictimaiyyətə ətraflı məlumat verərək bildirmişdi ki, bu bir təxribatdır və o, planı başa düşərək, vəziyyətdən çıxıb – onu provakasiyaya çəkməyə çalışan adama baş qoşmayıb.
Sadıqov Azərbaycanda bu cür situasiyaya düşən ilk fəal deyil. Son altı ildə xuliqanlıq ittihamı Azərbaycanda hakimiyyətin tənqidçi jurnalistlər və fəallarla “haqq-hesab” çəkməsi üçün ən populyar vasitələrdən biri olub.
Azərbaycanda “xuliqanlıqla” bağlı ən məşhur hadisələrdən biri gənc fəal və bloggerlər Emin Milli ilə Adnan Hacızadənin həbsilə nəticələnən olaydır. Onlar “Youtube”da satirik video yerləşdirəndən sonra 2009-cu ildə həbs olunaraq, 17 ay həbsxana həyatı yaşadılar. Həmin satirik videoda hakimiyyətin dövlət vəsaitlərini havaya sovurması, Almaniyadan absurd həddə baha qiymətə iki eşşəyin alınmasını tənqid etmək məqsədilə eşşəyin mətbuat konfransı keçirərək, suallara verdiyi cavablar öz əksini tapmışdı. Emin Millinin də dediyi kimi, həmin eşşəklərin hər birinin 41 min dollara alınması üçün onlarda nə isə xüsusi bir üstünlük olmalıydı…
Hakimiyyətdə kimlərsə onların yumor hissini bölüşmədi. 2009-cu il iyulun 8-də Milli və Hacızadə Bakıdakı restoranlardan birində dostlarıyla şam edərkən iki nəfər onlara hücum etdi. Bu hücumdan sonra Milli və Hacızadə şikayətlənmək üçün polis bölməsinə müraciət etdi. Amma son nəticədə onların özlərini həbs edərək, xuliqanlıq ittihamı irəli sürdülər. Bir qədər sonra onlardan biri iki il, digəri isə iki il yarım azadlıqdan məhrum edildi. 2010-cu ilin noyabrında isə azadlığa buraxıldılar.
Azərbaycanda hakimiyyəti tənqid edənlərə qarşı siyasi motivlərlə xuliqanlıq ittihamından istifadəyə dair başqa nümunələr də var. Bu hallardan biri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı baş vermişdi. O da təxribatın qurbanı olaraq, 2007-ci ildən 2010-cu ilə qədər həbsxana həyatı yaşayıb. 2007-ci il noyabrın 7-də Qənimət Zahid iş yerinin yaxınlığında hərəkət edərkən heç vaxt tanımadığı bir qadın qışqıraraq, onun tərəfindən təhqir olunduğunu bildirib. Bu məqamda kənardan bir nəfər müdaxilə edib və nəticədə Qənimət Zahid xuliqanlıqda, eləcə də həmin şəxsə qarşı az ağır xəsarət yetirməkdə günahlandırılaraq, 4 il azadlıqdan məhrum edildi. O, 2010-cu ilin martında əfv fərmanı ilə azadlığa buraxıldı.
Hazırda Sadıqovla yanaşı, siyasi motivlərlə həbs olunmuş daha iki nəfər də xuliqanlıq ittihamıyla həbsdədir. “Azad Gənclik” təşkilatının fəalı Ilkin Rüstəmzadə Bakıda lentə alınan “Harlem Shake” videosuna görə bu il mayın 17-də həbs olunub.
Müstəqil jurnalist Fuad Hüseynov Ucar rayonunda yerli məmurlar arasında korrupsiyanı ifşa edəndən sonra 2010-cu ilin oktyabrında xuliqanlıqda günahlandırılaraq həbs olundu.
Bundan başqa, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Dəyanət Babayevə qarşı xuliqanlıq ittihamıyla hazırda məhkəmə prosesi davam edir. Onu bu ittiham üzrə 5 ilə qədər həbs cəzası gözləyir.
Ittihamın əsasında Babayev və dostu ilə bir başqa kişi arasında ötən il noyabrın 7-də baş vermiş dava dayanır. Babayev noyabrın ortalarında keçirilən etiraz aksiyasında iştiraka görə 7 günlük inzibati həbs cəzasına məhkum edilmişdi. Bu cəzadan dərhal sonra ona qarşı xuliqanlıq ittihamı irəli sürüldü. Sonradan noyabrın 26-da barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilsə də, ittiham üzərinə qaldı.
Xuliqanlıq ittihamı bir sıra başqa siyasi motivli işlərdə də rol oynayıb. “Xeber44.com” saytının redaktoru Araz Quliyev həm də bir sıra başqa ittihamlarda günahlandırılaraq, hazırda 8 illik həbs cəzasını çəksə də, həbs olunarkən ona qarşı irəli sürülmüş ilk ittiham xuliqanlıqla bağlı idi. “Xural”ın əməkdaşı Aydın Canıyev də Lənkəranda məscidin pəncərələrini sındırmaqda günahlandırılaraq, xuliqanlıq ittihamı ilə 2011-ci ilin sentyabrından 2012-ci ilin dekabrına qədər həbsdə saxlanıldı.
Hüquq müdafiəçisi Taleh Xasməmmədov da Ucarda yerli məmurlar arasında korrupsiya hallarını dilə gətirdiyinə görə xuliqanlıq ittihamıyla həbs olundu və 2011-ci ilin noyabrından 2012-ci ilin dekabrına qədər həbsdə saxlanıldı.
“Gündəm-xəbər” qəzetinin əməkdaşı Ilham Süleymanov Saatlı rayonunun icra başçısı haqda bir neçə tənqidi məqalədən sonra xuliqanlıqda ittiham edilərək, 6 aylıq şərti həbslə cəzalandırıldı.
Bu ittiham hakimiyyəti tənqid edən ayrı-ayrı şəxsləri susdurmaq cəhdində alət kimi istifadə olunur. Məsələn, hazırda fotojurnalist, blogger və gənc fəal Mehman Hüseynova qarşı eyni addım atılır. Mehman Hüseynov ötən il mayın 21-də Bakıda “Eurovision” öncəsi keçirilən aksiya zamanı polislə mübahisə etməkdə günahlandırılaraq, barəsində xuliqanlıq ittihamıyla cinayət işi başlanıb. Baxmayaraq ki, bu ittiham üzrə Mehman Hüseynov hələ ki, 48 saat həbsdə saxlanılıb, amma 5 ilə qədər həbs cəzası gözləyir. Baxmayaraq ki, cinayət işinin başlanmasından bir ildən artıq vaxt keçir, onun ölkəni tərk etməsi üçün hökumətin icazəsi tələb olunur. Iyunun 17-də o, mükafatını almaq üçün Norveçə getmək istəsə də, hava limanında saxlanıldı və bildirildi ki, onun ölkəni tərk etməsinə qadağa var.
Əlbəttə, Azərbaycanda hakimiyyəti tənqid edənləri həbsxanaya salmaq üçün xuliqanlıq ittihamı tək bəhanə deyil. Hazırda 80 nəfərdən artıq siyasi məhbus bir sıra saxta cinayət işlərilə, o cümlədən narkotik, silah, kütləvi ixtişaşlara təhrik etmə və s. ittihamlarla həbsdə saxlanılır.
Həmin adamların əsl cinayəti xuliqanlıq və ya ittiham verilmiş digər əməl yox, hakim rejimi tənqid etmələridir.
Emin Milli və Adnan Hacızadənin məhkəməsi gedən zaman onların dostları və bir sıra başqa fəallar məhkəmə binası qarşısına toplaşaraq, əyinlərindəki köynəklərə “Mən də xuliqanam” yazdırmışdılar. Həqiqətən, bu kriteriyalarla bizim çoxumuzu “xuliqan” adlandırmaq olar.