ABŞ-ın ATƏT-dəki səfiri hakimiyyətin insan haqları və qanunlara hörmətsizliyindən danışdı
Bugünlərdə ATƏT-in Vyanada keçirilən toplantısında Azərbaycanla bağlı məsələ müzakirə olunub. Bu mövzuda ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli çıxış edib. Onun çıxışı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın illik hesabatına cavab məqsədi daşıyıb.
Yan Kelli bildirib ki, ABŞ Azərbaycanın demokratik, təhlükəsiz, suveren ölkə kimi inkişafını istəyir. Amma təəssüf ki, bu ölkədə vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar, jurnalistlər və vəkillər hakimiyyətin çox ciddi təzyiqləri altındadır: “Demokratik dövlətin əsasını insan hüquqları və əsas azadlıqlara, qanunun aliliyinə hörmət təşkil edir. Biz Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü öhdəliklərə tam əməl etməyə, o cümlədən, vətəndaşların sərbəst toplaşma, birləşmə və ifadə azadlıqlarını təmin etməyə, insan haqları və qanunun aliliyinə hörmətlə yanaşmağa çağırırıq. ABŞ Azərbaycan hökumətini vətəndaş cəmiyyətilə əməkdaşlığa dair ATƏT-in tövsiyələrinə əməl etməyə çağırır. Daimi Şuranın toplantısında qeyd etdiyimiz kimi, biz Azad Fikir Universitetinin bağlanmasından, həbsdə olan demokratiya fəallarının, o cümlədən ”NIDA” Gənclər Hərəkatının üzvləri və “Respublikaçı Alternativ” (ReAL) Hərəkatının sədri, prezidentliyə namizəd Ilqar Məmmədovun vəziyyətindən dərin narahatlığımızı ifadə edirik”, – deyə Yan Kelli bildirib.
ABŞ səfiri onu da qeyd edib ki, problemlərin həlli üçün Azərbaycanla konstruktiv dialoqa hazırdılar.
Amerikalı diplomat çıxışının sonunda Azərbaycan hakimiyyətini qarşıdan gələn prezident seçkilərində beynəlxalq müşahidəçilərin məhdudiyyətsiz fəaliyyətinə imkan yaratmağa çağırıb.
Aytən


