Əliyevlərin ordusu

İsa Sadıqov

Əliyevin güclü müstəqil dövlət quruculuğundakı “uğurlarından” çox yazmışam. Bu dəfə Milli Ordu quruculuğu haqqında yazmaq istəyirdim. Ordu bizim gənclərin, övladlarımızın, pulnan orduda xidmətdən yayınmağa imkanı olmayan əhalinin uşaqlarının ölüm maşınına çevrilib. Əgər onlarda bu pul olsaydı, sizi əmin edirəm, onlar bunu edərdi. Niyə? Çünki bu gün heç kimin zəmanəti yoxdur ki, oğlu hərbi xidmətdən sağ-salamat qayıdacaq. Uşaqların orduya böyük təmtəraqla göndərildiyi vaxtları xatırladırıq.
O zaman bu şərəf sayılırdı. Bu gün vəziyyət dəyişib, orduya əhalinin inamı yoxdur. Ona ehtiyatla və inamsız yanaşırlar. Qürur duymalı, inanmalı olduqları ordu töhmət obyektinə çevrilib. Ərazisinin 20 faizi işğal olunmuş müharibə şəraitində olan dövlət əsas diqqəti orduya yönəltməli, onu güclü, təminatlı, döyüş qabiliyyətli etməli idi, ordu isə gülüş və inamsızlıq obyektinə çevrilib. Ona daha inanmırlar, ondan qorxurlar. Ona görə qürur duymurlar.

Ordunu gəlir mənbəyinə, qorxu mexanizminə çevirən rejimdir

Hansı qürur və inamdan söhbət gedə bilər ki, atəşkəs dövründə 5 min əsgər ölüb. Hamısı da kasıb ailədən. Bu siyahıda heç olmasa kiçik bir məmurun övladının adını görmürük. Bu yalnız ölənlərdir. Hələ sağalmaz xəstəliklə valideynlərin üstünə göndərilən nə qədər uşaqlarımız var. Orduda nə qədər korrupsiya, cinayət var? Nə qədər özbaşınalıq və qanunsuzluq var? Cəmiyyətdə olduğu qədər! Çünki ordu bu cəmiyyətin bir hissəsidir və cəmiyyətdə baş verənlər orduda əksini göstərir. Nəyə görə bu özbaşınalığın qarşısı alınmasın, nəyə görə situasiyanı dəyişib bu ölüm maşını dayandırılmasın, orduda çoxminli itkilərə son qoyulmasın?! Bu nə qədər davam edə bilər və nəhayət kim bu cinayətlərə görə cavab verəcək? Biz nə qədər susub bunu seyr edəcəyik?
Ordunu, zabitləri, generalları ləkələmək istəmirəm, həqiqəti yazıb ordumuzu, zabitlərimizi qorumaq istəyirəm. Onları müdafiə edib həqiqəti deyək ki, bütün bu cinayətlərdə bütövlükdə ordunu, zabitləri, generalları günahlandırmaq olmaz. Onların arasında ləyaqətli, xalqına sadiq, bizim qədər orduda baş verənlərə, orduya cəmiyyətdəki inamsızlığa görə narahat olanlar var. Ordu, zabitlər, generallar həmişəki kimi dövlətin, xalqın keşiyindədir. Çünki onlar öz vətənini, millətini qoruyur. Onlar heç vaxt öz xalqını qorxutmaq aləti olmayıb. Ən əsası, hər kəsə çatdırmaq istəyirəm ki, baş verənlərdə ordunu gəlir mənbəyinə, milyardlarla pulların yuyulması obyektinə, qorxu mexanizminə çevirən rejim, sistemdir. Bunun günahı ağır şəraitdə olan zabitlər və generallarda deyil. Kimsə inana bilər ki, komandir şüurlu şəkildə tabeçiliyində olanı məhv edə, yaxud buna imkan verən bilər? Heç vaxt. Ancaq bu yaradılan şərait, ordudakı mövcud sistem hamını tapşırıqla yaşayan robota çevirib. Sistem islahatlara, təşəbbüslərə imkan vermir. Sistem təklif oluna biləcək bütün yaxşı və perspektivli nə varsa, hamısını rədd edir. Burda yalnız bir adam qərar verir. Yalnız o müəyyən edə bilər ki, kim yaşasın, kim ölsün, kim qulluq etsin. Kim artıq 20 ildir səngərdə çürüsün, kim isə dünyanı gəzib dolaşsın. Kim oğurluq etsin, kim isə acından ölsün, bir tikə çörək dalınca ölkəni, yaxınlarını tərk etsin. Yalnız o islahatlara imkan verə bilər. Ancaq bunun üçün onun nə biliyi, nə təcrübəsi, nə də arzusu var. Nə qədər adamın öldüyü və öləcəyi onu narahat etmir. Çünki o artıq kimlərin öləcəyini müəyyən edib. Bir də ki, ordunun bu vəziyyəti hamını qane edir, bu cəmiyyətin əhvalına da təsir edib. Yadımdadır, qəzet, televiziya, radioda Qarabağ, müharibə, vətənpərvərlik haqqında xatirələrə geniş yer verilirdi. Bu gün bütün bunlar yoxdur və ola da bilməz. Bu gün hamı qorxu ilə gözləyir ki, kimin oğlu tabutda gələcək? Bu gün yüz minlərlə insan belə düşünür. Çünki heç kimin ordudan sağ salamat qayıdacağına zəmanət yoxdur. Artıq 20 ildir hər gün, hər həftə, hər ay, hər il belədir. Daha nə qədər olacaq? Əgər buna son qoyulmasa hələ çox. Atəşkəs dövründə itkilər bir neçə min nəfər təşkil edir. Bu da müharibədəki itkilərdən az fərq edir. Bir müddət sonra bizdə müharibədə itkisi olmayan ailə qalmayacaq, eynilə Böyük Vətən Müharibəsində olduğu kimi.

Onlar Azərbaycanı öz mülkiyyəti hesab edir

Sovet dövründə Əliyev planlarını artıqlaması ilə yerinə yetirdiyimiz kimi indi də hər şeyi artıqlaması ilə edirik. Sual olunur, niyə bu belədir, nəyə görə islahatlar aparıb vəziyyəti dəyişməyək? Cavabı çox sadədir: onlar dəyişiklikdən, güclü ordudan qorxur, onlar belə gəlir mənbəyini itirməkdən qorxur. Onlar qorxur ki, orduya böyük vəsaitlər xərclənməli olacaq. Nəhayət cinayətlərinin  açılmasından qorxurlar, onların üstü isə mütləq açılacaq. Zəif, çirkab və korrupsiya içində itib-batan ordu onlara sərf edir. Onların hakimiyyəti qoruyan güclü dəstələri, bandit qruplaşmaları var və hərbi büdcənin milyardları ordunun yox, məhz onların saxlanılmasına xərclənir. Daha bir fakt. Tez-tez ağızları köpüklə hərbi büdcə, güclü ordudan danışırlar. Soruşmaq lazımdır: Hanı bütün bunlar? Milyardları hara xərcləyirsiniz və hanı güclü ordu? Bu gücü hansı tərəzidə ölçürsüz, deyin, bizə də maraqlıdır. Uşaqlarımız ölürsə, zabitlərimiz və onların ailələri alçaldıcı vəziyyətdədirsə, evləri yoxdursa və heç vaxtda olmayacaqsa, bu milyardları hara xərcləmisiniz? Texnika və silahlar hardadır? Hazırlanmış ehtiyatlar, hərbçilərin sosial təminatı hanı? Hanı bütün bunlar? Siz bu nağılları uşaqlarınıza, nəvələrinizə və özünüzə bənzər oğru və qumarbazlara danışın. Güclü ordunun nə olduğunu bilirəm. Bu ilk növbədə mənəvi-psixoloji ruh, zabit kadrları və ordunun döyüş hazırlığını müəyyən edən digər göstəricilərdir. Ordunun yarısı səngərlərdə çürüyürsə, hansı hazırlıqdan söhbət gedə bilər? Ordu hərbi və siyasi hazırlıqla məşğul olmur, taktiki təlimlər keçirilmir? Ordunun gücü poliqonlardakı təlimlərdə və döyüşdə bilinir. Siz bu ordunu harda yoxlamısınız? Bakının küçələrində, paradda? 2001-ci ilin fevral ayında deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla debatımı xatırlayıram. O zaman mən Zabitlər Birliyinin sədri idim. O zaman o güclü, torpaqları azad etməyə qadir olan ordu barədə danışanda ona cəmi bir sual verdim: Hardan bilirsiniz ki, bu ordu güclüdür? Cavab olaraq o bildirdi ki, bu yaxınlarda hərbi hissələrdən birində olub və orada əsgərlər təzim edir, yeməkxanaya gedəndə mahnı oxuyur. Onlar ordunun gücünü məhz belə müəyyən edir. Qısa müddətdə islahatlar aparıb torpaqları azad edəcək güclü, fəxr edəcəyimiz, etibar edəcəyimiz, uşaqlarımızı göndərməyə qorxmayacağımız ordu yaratmağın xeyli yolu var. Öyrənə biləcəyimiz xeyli nümunə var. Velosiped icad etmək lazım deyil. Problemlərin həllinə imkan verəcək islahatlar üzərində dayanmaq istəyirəm. Ancaq bu recimin ilk növbədə hakimiyyətə görə qorxusundan həmin islahatları keçirmək imkanı yoxdur. Xeyli vəsait hakimiyyətin qorunmasına deyil, ordunun güclənməsinə xərclənməli olacaq. Axı onları ordu, işğal olunmuş ərazilər narahat etmir, hakimiyyət və sərvətlər maraqlandırır. Onlar Azərbaycanı öz mülkiyyəti hesab edir və əbədi olaraq idarə etmək niyyətindədir. Biz isə qul kimi əl altında olmalıyıq. Ağılsız, qorxaq. Onlar elə hesab edir.

Güclü ordu qurmaq üçün nə etmək lazımdır?

Bəs güclü ordu yaratmaq üçün hansı köklü dəyişikliklər olmalıdır? Birinci və ən əsası. Ordunu azı iki dəfə azaldıb (70-80 faiz) peşəkar orduya keçmək və alternativ xidmət tətbiq etmək. Bu vacib və çox əhəmiyyətli faktordur. Bizim şəraitdə çoxsaylı, ləng, yöndəmsiz orduya ehtiyac yoxdur. Zəruri texnika ilə təmin olunmuş hərbi hissələr üçün ideal hərbi şəhərciklər, daimi dislokasiya məntəqələri tikmək və hərbi hazırlıqla məşğul olmaq. Şəxsi heyətin 100 faizi hərbi döyüş hazırlığı vəziyyətinə gətirilməlidir. Digər bir neçə hərbi hissəsi kiçik komandirlər, mütəxəssislərin hazırlığı ilə məşğul olmalıdır. Ancaq ordu bu gün səngərlərdə çürüməməlidir, bu ordunun vəzifəsinə daxil deyil. bir çoxları soruşan bilər ki, peşəkar orduya bu qədər vəsait hardan götürmək olar? Bu vəsait var. Saxlanmasına böyük vəsaitlər xərclənən polisi, daxili qoşunları ixtisar etmək. Az qala jandarm funksiyasını yerinə yetirən qurumları ixtisarı etmək. Biz bilirik ki, bəzi nazirliklərdə silahlı banbit qruplaşmaları və onlar az qala güc strukturlarına çevrilib. Polisin və digər strukturların bəzi funksiyalarını (obyektlərin mühafizəsi, keşik çəkmə və s.) alternativ xidmət çəkənlər yerinə yetirə bilər. Qarabağdan kənar zonanı dövlət sərhədlərini qorumalı olan sərhəd qoşunlarına tapşırmaq olar. Qarabağ zonasına isə polis, daxili qoşunlar və hərbi xidmət çəkməli olan yerli əhaliyə tapşırmaq lazımdır. Onlara təlim keçəndən və müqavilə imzalayandan sonra daha ağır şəraitdə, məsələn, dağlıq yerlərdə xidmətə göndərmək olar. Çünki onlar həmin ərazilərə daha yaxşı bələddir. Təmas xətti boyunca işsiz qalan və iş tapmaq üçün ölkədən gedən xeyli adam var.
Başqa variantlar da var. Sovet dövrünün təcrübəsindən bilirik ki, hərbi vəzifəli şəxslər ildə 1-1,5 ay toplanışa çağırılırdı. Beləcə müharibə olacağı təqdirdə ölkənin strateci ehtiyatları hazırlanırdı. Ildə ya iki ildən bir vətəndaşları toplanışa çağırmaq olar. Burada onlar 3 həftəlik təlim keçər, 2-3 həftə posta qulluq edərdi. Bu müharibəyə hazırlıq üçün vacibdir. Görürsünüz müharibəyə hazırlıq üçün nə qədər tədbir görmək olar. Bütün dünyada da belə edilir. Belə etməyə də borcludurlar. Bu cür islahatlarla “dedovşina”nın qarşısını almaq olar, hamı bərabər hüquqla qulluq edir. Bu yolla biz nizamnamədən kənar münasibətləri qarşısını ala bilərik. Bu yolla itkilərə son qoyular və xalqın orduya inamı bərpa olar. Əgər biz güclü ordu istəyiriksə, bu sadə islahatlardır.
Daha bir vacib məqam var. Bu kadr siyasəti, zabit korpusu və sosial təminatdır. Kadr siyasəti olmadan deyilənləri  həyata keçirmək mümkün olmayacaq. Ən yaxşı şagirdlərin hərbi məktəblərdə oxuması üçün şərait yaratmaq lazımdır. Orduda yüksək maaş, nüfuz olmalıdır. 10-15 il xidmətdən sonra istənilən ali məktəbə qəbul olmağa, istənilən işə düzəlməyə, ev almağa imkan olmalıdır. Əmək haqqı çox yüksək olmalıdır. Ordunun nüfuzunu qaldırmaq üçün xeyli imkanlar var. Zabitlərə gəldikdə, zabitlərin statusu haqqında qanun qəbul olunmalıdır. Zabit cəmiyyətdəki rolu və vəzifəsi ilə fəxr etməlidir. Xidməti ərzində mənzillə təmin olunmalıdır. Bu kompleks tədbirlər ordudakı situasiyanı kəskin dəyişəcək və oğullarımızın itkisinin qarşısını alacaq. Ancaq düşünmürəm ki, bu hakimiyyət islahatlara getməyə hazırdır. Bunu artıq yeni hakimiyyət etməli olacaq. Buna əminəm.

P.S  İsa Sadıqovun yazdıqları ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə cəhd etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxlaya bilmədik. Müavini Teymur Abdullayev isə ezamiyyətdə olduğunu deyərək məsələ barədə danışa bilməyəcəyini söylədi. Bununla belə Müdafiə Nazirliyinin Isa Sadıqova cavabı olacaqsa dərc etməyə hazırıq.