Milli Şura – birliyimizin simvolu

Son günlər Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovla bağlı bir neçə tezis ortaya atılıb. Gah deyirlər Rusiyanın layihəsidir (gerçəklik isə budur ki, Rusiya layihəsi 20 ildir milləti, dövləti sökür, Azərbaycan 70 illik sovet dönəmində bu miqyasda talan olunmayıb), gah da deyirlər namizəd Azərbaycanda yoxdur, gəlmək haqqında da düşünmür və s. Indi də namizədin qeydə alınmaması ehtimalı gündəmə gətirilib (bəri başdan deyək ki, sabah da başqa bir söhbət ortaya atıla bilər).
Tutaq ki, R. Ibrahimbəyovun namizədliyini qeydə almadılar. Bəs Milli Şuradan Isa Qəmbərin, Əli Kərimlinin, Rəsul Quliyevin, Eldar Namazovun namizədliyini qeydə alacaqlarmı? Alacaqlarsa, niyə birincini almayacaqlar, digərlərini alacaqlar? Əmin ola bilərsiniz ki, iddiaçıların hamısını qeydə ala bilərlər, ancaq öz partiyalarının ( və ona bitişik bir-iki xırda siyasi qrupun) namizədi kimi. Məsələ də burasındadır ki, hakimiyyət ayrı-ayrı partiyaların namizədlərini həvəslə qeydə alar və alır da. Deməli, hakimiyyət üçün problem məhz Milli Şuranın – koalisiyanın vahid namizədidir. Rejim ciddi-cəhdlə bu işi pozmağa çalışır (təbii ki, seçkidə uğur qazanmayacağını bildiyinə görə) və bütün gücünü Milli Şuranın daxilində vahid namizədlə bağlı təfriqə yaratmağa sərf edib. Digər tərəfdən, rejimdən olsa, əlbəttə, qeydə almayacaq. Milli Şura da elə ona görə yaranıb ki, mübarizə aparsın və bu mübarizənin də əsas istiqamətlərindən biri vahid namizədin qeydə alınmasına nail olmaqdır. Bəlkə Milli Şurada kimlərsə fikirləşir ki, namizəd qeydə alınmadıqda dağılışıb evə getmək lazımdır?
Milli Şura cəmi iki illik keçid müddətində demokratik seçkilərin keçirilməsinə hərtərfli zəmin yaratmaq üçün formalaşıb və nəzərdə tutulur ki, bu keçid müddətindəki vahid namizəd növbəti demokratik seçkilərdə təkrar namizəd olmayacaq. Belə olan təqdirdə hansısa siyasi partiya lideri iki il öz ambisiyasını cilovlaya bilmirmi? Vahid namizəd məsələsini yenə mübahisə və müzakirə predmetinə çevirmək istəyənlərin məqsədi nədir?
Milli Şura təkcə seçki üçün formalaşmayıb. Onun üzərində saxtalaşdırıldığı təqdirdə xalqı bir arada cəmləşdirib rejimlə uzunmüddətli mübarizə aparmaq kimi çətin bir missiya da var. Əvvəllər belə olmurdu, rejim seçkini saxtalaşdırırdı, narazılıq edənləri cəzalandırıb bir gözqırpımında sükut yaradırdı. Siyasi partiyalar arasında anlaşma və konsensus olmadığından davamlı müqavimət göstərilmirdi, müxalifət daxilində qarşılıqlı ittihamlar qızışır, xalq da bu prosesi görüb meydandan uzaqlaşırdı. Milli Şura isə hamının bir araya gəldiyi bir qurumdur və kənarda ciddi qüvvə qalmadığından seçkidən sonra qarşılıqlı ittihamlar, məsuliyyəti başqasının üzərinə yükləmək cəhdləri də olmayacaq, hamı eyni taleyi yaşayacaq və eyni istiqamətli fəaliyyət barədə düşünəcək. Əmin ola bilərsiniz ki, rejim Milli Şuradan həm də buna görə qorxur. O yaxşı bilir ki, seçkini saxtalaşdırıb hakimiyyəti təkrar mənimsəməklə iş bitməyəcək , sonrakı mərhələdə ciddi müqavimət prosesi davam edəcək.
Nəhayət, Milli Şuranın vahid namizədi bir simvoldur-müqavimətin , ölkəni taqətdən salan bu rejimi siyasi səhnədən uzaqlaşdırmağın, milli birliyin, özünəinamın bərpasının simvolu. Əsas olan əksəriyyətin birliyini təmin edən və iki illik “yol xəritəsini ” reallaşdıracaq qurumun varlığıdır. Məhz buna görə də heç bir partiya lideri Milli Şuradan vahid namizəd olacağını gözləməsin. Bu qurum hər bir partiya liderinə ( həm də hər kəsə) normal siyasi mübarizə mühiti yaratmaq üçün formalaşdırılıb. Partiya lideri iki ildən sonra zəhmət çəkib, tər töküb mübarizəsini aparıb hakimiyyətə gələr,ya təklikdə, ya da koalisiyada. Bu gün Milli Şuranın gücündən, nüfuzundan heç kim istifadə etmək haqqında düşünməsin, onu “məni dəstəkləməsəniz, işpozanlıq edəcəyəm” zehniyyəti ilə təhdid etməsin.
Aradan pərdəni götürməmək, dava üçün girəvə axtaranlara bəhanə verməməkdən dolayı hər şeyi açıq yazmırıq. Bəndənizi  növbəti dəfə çox açıq, sərt və kompromissiz yazmağa məcbur etməyin, dostlar!

Ərturan