Hakimiyyət Milli Şura qarşısında tərkisilah olur; İlham Əliyev növbəti mandatı niyə polisdən istədi?
Müxalifətin vahid namizədi Rüstəm Ibrahimbəyov avqustun 2-də Bakıya qayıdır. Bu tarixə qədər ölkə xaricində onun səfər proqramı zəngindir. Milli Şura rəhbəri Avropa Komissiyasında, Avropa Parlamentində, Türkiyədə, Rusiyada mühüm görüşlər keçirəcəyini bəyan edib. Rüstəm Ibrahimbəyov səfərlərinin əsas predimetinin Azərbaycanda ədalətli seçkilərin keçrilməsinə beynəlxalq dəstəyin əldə olunmasından ibarət olduğunu vurğulayıb.
Artıq nüfuzlu Qərb mətbuatı Azərbaycan müxalifətinin vahid namizədini dünya ictimaiyyətinə təqdim edir. Əliyev diktaturasının bərbad imici fonunda R.Ibrahimbəyovun təqdimatı yaxşı səslənir. Üstəlik, Azərbaycan müxalifətinin iki onillikdə birləşərək seçkiyə belə bir namizədlə qatılması xüsusi vurğulanır. Hələlik ilkin nəticələr bundan ibarətdi ki, Milli Şura sədrinin səyləri bəhrəsini verir. Onun Vaşinqtonda yüksək səviyyədə qəbul olunması, nüfuzlu mətbuat orqanlarının müxalifət koalisiyasına böyük diqqət ayırması beynəlxalq ictimaiyyətin nəzərlərini Azərbaycandakı seçkilərə yönəltməsi istiqamətində mühüm məsafənin qət olunmasından xəbər verir.
Milli Şura üzvləri mənasız diskusiyalara niyə qoşulur?
Amma təbii ki, Milli Şuranın seçki strategiyası Azərbaycanda özünü doğrutmalıdır, bunun üçün qarşıdakı çox böyük manelər aşılmalıdır. Cəmiyyətdə siyasi fəallıq artırılmalı, insanlarda seçkiyə inam hissi bərpa olunmalı, müxalifətin islahatlar platforması xalqa çatdırılmalıdır. Vaxt kifayət qədər azdır, Milli Şura ətrafında gedən mənasız diskusiyalara əhəmiyyət vermədən strateji hədəfə doğru ardıcıl, məqsədyönlü addımlar atmalıdır. Təəssüf ki, bəzi halllarda hakimiyyətdən istiqamətləndirilən tezislər Milli Şura üzvləri arasında da polemikalara yol aça bilir. Rüstəm Ibrahimbəyov haqqında şayiələr, onu Rusiyaya, hakmiyyətin özünə bağlamaq cəhdləri, namizədliyinin qeydə alınıb-alınmayacağı barədə yersiz mübahisələr cəmiyyətdə ruh düşkünlüyü yaradır. Hökumətin aşkar-gizli mediası o zaman məqsədlərinə yaxınlaşır ki, Milli Şura üzvlərinin bəziləri onların qondarma versiyaları ətrafında müzakirələrə qoşulur.
Xəyallardakından da yaxşı birlik
Əslində müzakirə etmək üçün xeyli yaxşı mövzular var, onların üzərində siyasi təhlillər, müzakirələr aparmaq ümumi işin xeyrinə olar, həm də cəmiyyəti ümidləndirər, fəallaşdırar.
Məsələn, hakim rejimin bütün çabalarına rəğmən ölkənin nüfuzlu ictimai-siyasi sektorunu bir araya gətirib demokratiya uğrunda mübarizəyə səfərbər edən Milli Şuranın tarixi hadisə olması cəmiyyətə yetərincə təqdim olunmur. Illər uzunu belə bir birliyi cəmiyyət xəyal kimi təsəvvür edirdi, bu gün hətta təsəvvürlərdən də ideal bir birlik ortaya qoyulub. Onun vahid namizədi, ölkəni idarə etmək üçün yaxşı komandası, beynəlxalq dəstəyi, bir sözlə, yetərincə siyasi gücü var. Milli Şura özünə elə bir vahid namizəd seçib ki, hakimiyyət ona qarşı əks-təbliğat aparmaq imkanında deyil. YAP təmsilçiləri R.Ibrahimbəyovu siyasətçi olmamaqda ittiham etməkdən uzağa gedə bilmirlər.
Ölkəyə əliboş, məyus dönən elçilər
Hakimiyyətin düşdüyü böhranlı vəziyyət də yetərincə cəmiyyətin diqqətinə çatdırılmır. Ilham Əliyev başda olmaqla hakimiyyət komandasının önəmli simalarının dünyaya səpələnib kömək axtarmaları və sonda ölkəyə əliboş, miskin vəziyyətdə dönmələri əslində rejimin dəstəksiz qalmasının bariz sübutudur. Artıq rejim mənsublarının bir-birini təkzib edən bəyanatları, qeybətləri lətifəyə çevrilib, kimin yanında nə danışırlarsa, bir saat sonra mətbuat səhifələrində, siyasi bəyanatlarda əksini tapır. Bu faktlar göstərir ki, Əliyev diktaturasına heç yerdə inam qalmayıb, istər Iranda, istər Israildə, Rusiyada, ABŞ-da, Avropada eyni şeylər təkrar olunur. Sanki bütün beynəlxalq qüvvələr Əliyevlərlə gizli heç nə danışmaq niyyətində olmadıqlarını bir-birlərinə sübut etmək istəyirlər.
Əliyev polisə niyə pislik elədi?
Əliyevin polisin qabağına çıxıb “vur, cavabını mən verəcəyəm” bəyanatı bu ümidsizlikdən doğur. Həmin gün polis dövlət başçısından maaş artımı gözləyirdi, amma Əliyev onlarla pis davrandı. Sanki polisin dərdi yaxşı maaş deyil, müxalifətçi döyməkdir. Polis bu sistemin keşiyindədir, amma ölkədəki problemlər, hakimiyyətin xərac sistemi onu da əzir. Polis daha çox qazanmaq, yaxşı yaşamaq üçün cinayət törətməyə, özünə düşmən qazanmağa məcburdur, polis yığdığının əhəmiyyətli hissəsini özündən yuxarılara verməlidir. Nəhayət, orta, babat maaşa 14-16 saat xidmət etmək, rəislərin təhqiramiz münasibətinə dözmək, əksər hüquqlarından məhrum olmaq polisin ürəyindən deyil. Dövlət başçısının məlum çıxışından belə nəticə çıxır ki, polisin ən sevimli əyləncəsi adam döymək, qan tökməkdir. Bəlkə də mitinqlərdəki fotolara baxandan sonra belə qənaətə gəlib, amma reallıq budur ki, cinayət törətmək hüququ vermək heç də polisə yaxşılıq eləmək deyil.
Hakimiyyətdə namizəd davası
Nəhayət, sistemin daxilindəki duruma diqqət yetirək. Etiraf edək ki, Milli Şura üzvlərinin bəziləri hakimiyyətdəki bu acınacaqlı vəziyyəti yetərincə tirajlamağa həvəsli görünmürlər.
Bu gün faktiki olaraq hakimiyyətin vahid namizədi yoxdur. Hakimiyyət komandası Ilham Əliyev tərəfdarlarına və Mehriban Əliyeva dəstəkçilərinə bölünüb. Məlumdur ki, hakim ailə haqqında hətta kitab yazmaq belə Prezident Administrasiyasının xüsusi razılığı ilə mümkündür. O halda M.Əliyevanın prezidentliyə namizəd göstərilməsinin yüksək səviyyədə sanksiyalaşdırıldığı şübhə doğurmur. DADP adlanan partiya üzvləri sonuncu mətbuat konfransı ilə müəyyən şübhələrə də birdəfəlik son qoydu. Bəlli oldu ki, hakimiyyətdə bunu istəməyən qrup sadəcə mane olmağa çalışır. Necə ki, Naxçıvan klanının nümayəndəsi Əli Həsənov DADP üzvlərini özünə məxsus Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirməyə qoymadı.
Naxçıvan klanının sözçüləri hər gün palaz-palaz müsahibələr verməklə Ilham Əliyevdən başqa namizədin hakimiyyəti param-parça edəcəyini vurğulayırlar. M.Əliyevanın namizədliyi barədə xəbərləri kiçiltməyə, əhəmiyyətsizləşdirməyə, qeyri-ciddi forma verməyə cəhdlər göstərilir. M.Əliyevanın komandası da boş dayanmır. Seçkilərə həlledici təsir imkanlarına sahib olan Ramiz Mehdiyev tamamilə küncə sıxışdırılıb. Onun hakimiyyətin idarə olunmasındakı rolu sıfıra endirilib. Daha sonra Naxçıvan klanının önəmli simalarından olan Vasif Talıbova qarşı hücumlar başlayıb. Mətbuatda onun dəyişdiriləcəyi, cəzalandırılacağı barədə tez-tez məqalələr peyda olur. Talıbov bu günlərdə Naxçıvanda klanının vurulmuş üzvü, Cəlal Əliyevin 85 illik yubileyini təmtəraqla qeyd etməklə Paşayevlərə geri çəkilməyəcəyi barədə mesajını verdi. Kəmaləddin Heydərov, Bəylər Əyyubov da müxtəlif vasitələrlə M.Əliyevanın namizədliyinə qarşı kampaniya aparırlar. Prezidentə daha yaxın məsafədə dayandıqlarına görə onları zərərsizləşdirmək hələ mümkün deyil. Paşayevlər daha bir hədəfə nail olmağa yaxındırlar, yaxın zamanlarda baş nazir Artur Rəsizadənin istefaya göndəriləcəyi, onun yerinə M.Əliyevaya yaxın sayılan kadrlardan biri – Samir Şərifov və ya Fazil Məmmədovun təyin olunacağı gözlənilir.
Nəticə
Bütün bunlar nə deməkdir? Uzun müddət müxalifəti bir-birini qırmaqda ittiham edən hakimiyyət indi bir ailənin daxilində vahid namizəd seçə bilmir. Hakim komanda iki cinaha bölünüb bir-birinə qarşı mübaizə aparır. Cəmiyyət bu reallıqları çılpaqlığı ilə bilmək haqqına sahibdir. Hakimiyyətdaxili durum, ölkədəki kütləvi sosial narazılıq, rejimin xarici müttəfiqlərlə münasibətlərinin qırılması və nəhayət, müxalifətin geniş koalisiyada birləşib vahid namizədlə seçkiyə getməsi dəyişikliklərə ümidləri artırır. Bunun fonunda Rüstəm Ibrahimbəyovun namizədlyinin qeydə alınıb-alınmayacağı, Müsavat Partiyasının namizədini saxlaması ətrafında diskusiyalar açmaq bəsit, mənasız işdir.
Yeri gəlmişkən, diplomatik qaynaqlar Ilham Əliyevin ABŞ-dan gələn xüsusi missiyaya R.Ibrahimbəyovun ölkəyə qayıtmasında və seçkilərdə iştirakında heç bir problem olmayacağı barədə vəd verdiyini xəbər verirlər…
Turqut