Soçi görüşü nəticəsiz olacaq

Vəfa Quluzadə: “Görüşün məqsədi danışıqlar prosesinin davam etdiyini göstərməkdir”

 

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Qarabağ münaqişəsinin nizamlanmasına dair bu gün Soçidə keçiriləcək növbəti görüşü ilə bağlı ciddi gözləntilər yoxdur. Bir çox ekspertlər bu görüşün əvvəlkilərdən heç nə ilə fərqlənməyəcəyini və nəticəsiz qalacağını deyir. Bunun əsas səbəbi isə münaqişə tərəflərinin güzəştə getmək niyyətində olmamasıdır. Ermənistanda əhalinin bir qismi hakimiyyətdən narazıdır. Son vaxtlar isə etiraz aksiyalarının sayı artıb. Belə bir dövrdə Sərkisyanın Qarabağ məsələsində güzəştə getməsi onun üçün hakimiyyətin sonu deməkdir. İndiki məqamda Azərbaycan iqtidarının da güzəştə gedəcəyini gözləməyə dəyməz. Maraqlıdır ki, hakimiyyətə yaxın mətbuat Ermənistan tərəfinin Soçi görüşündən sonra güzəştə gedəcəyini deyir. Əslində vəziyyət nə yerdədir və prezidentlərin Soçi görüşü nə vəd edir?          
Politoloq Vəfa Quluzadə bu görüşün də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcəyini deyir. Buna səbəb isə məsələnin çözülməsi üçün zəmin yaranmamasıdır. Digər tərəfdən, münaqişədə Rusiyanın marağı dəyişməyib. Bu da problemin həllinə imkan vermir: “Rusiya nə hərb, nə sülh vəziyyətini mümkün qədər uzatmağa çalışır. Azərbaycanın səbri tükənib, ancaq Rusiyanı məğlub etmək iqtidarında deyil. Söhbət Ermənistandan getmir. Ermənistanın özündə də vəziyyət qarışıb. Məlum deyil orda nə baş verəcək”.
Ekspertin fikrincə, görüşün məqsədi danışıqlar prosesinin davam etdiyini göstərməkdir. Bu səbəbdən də nəticə gözləməyə dəyməz.

 

Fizzə