İlham Əliyev Kremlə minnətçi düşüb

İqor Seçin Azerbaycana nə üçün gəlib?

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, “Rossneft” şirkətinin prezidenti İqor Seçin Bakıya səfər edib və ölkə başçısı İlham Əliyevlə görüşüb.
Qeyri- rəsmi mənbələrdəm aldığımız bilgiyə görə, İqor Seçinin bu səfəri Azərbaycan hökumətinin israrlı xahişlərindən sonra baş tutub. Prezident seçkiləri ərəfəsində Rusiya ilə münasibətlərinin olduqca pisləşdiyinin və bunun özü üçün hansı təhlükələr yarada biləcəyinin fərqində olan Azərbaycan hakimiyyəti Seçinlə danışıqlarda bu münasibətlərin qaydasına salınması üçün ağlagəlməz vədlər verib.
Kremlə yaxın mənbələrdən bəlli olub ki, İlham Əliyev və onun komandası Azərbaycanın neft-qaz sektorunda Rusiyanın ən yüksək imtiyazlarla təminatlı iştirakı barədə danışıqlar aparır. Sadəcə bir şərtlə ki, Rusiya bu seçkilər ərəfəsində Əliyev hakimiyyətinə qarşı olmadığını nümayiş etdirsin. “Konkret olaraq, hansı güzəştlərin vəd edildiyi barədə detallı bilgi hələ yoxdur, amma bu güzəştlərin, məhz, neft-qaz sektoruna aid olduğu dəqiqdir”.
Maraqlıdır ki, Azərbaycan müxalifətini Rusiya ilə əlaqələrdə ittiham edən Əliyevçi komanda öz ənənəvi  patronu olan Putin rejiminin daha isti münasibətini qazanmaq üçün ölkənin milli sərvətlərini belə peşkəş etməyə hazırdır.
Yeri gəlmişkən, Seçinin Bakıya səfərinin Moskvada keçirilən və İlham Əliyevin dəvət almadığı qaz ixracatçısı ölkələri rəhbərlərinin toplantısından sonraya təsadüf etməsi də diqqət çəkir. Belə ehtimallar var ki, Azərbaycan hakimiyyəti israrla Bakıya dəvət etdiyi “Rossneft” prezidenti ilə Moskvaya həm də qaz satışında onlarla eyni qiymət siyasəti yürüdə biləcəyi mesajını göndərib. Xatırladaq ki, deyilən toplantı da təbii qaz satışında vahid qiymət siyasətinin izlənməsilə bağlı idi.
Rusiyadan olan mənbə bildirir ki, Seçinin bu səfərindən sonra Vladimir Putin və komandası Əliyevin vədlərini dəyərləndirərək öz mövqeyini elan edəcək.
Vurğulanır ki, İqor Seçin Bakıya hər hansı konkret protokol və ya hazır işgüzar təkliflərlə gəlməyib. O, sadəcə olaraq İlham Əliyevin vədlərini və təkliflərini dinləmək üçün gəlib.

İnformasiya şöbəsi