Heydər Əliyev: «Rüstəm İbrahimbəyovun Azərbaycan xalqı qarşısında böyük xidmətləri var»
İlham Əliyev: «Mən Rüstəm İbrahimbəyovu tanıdığım üçün fəxr edirəm»
Milli Şura yarandığı gündən hakimiyyətin “iştahı” qaçıb. Nə qədər desələr də ki, biz Milli Şuranı rəqib görmürük, xalq müxalifəti dəstəkləmir, yenə də müxalifətin fəaliyyətini gözdən salmaq üçün əllərindən gələni əsirgəmirlər. YAP-ın sədr müavini Əli Əhmədov son günlər keçirdiyi görüşlərdə Milli Şuradan xüsusi ilə bəhs edir.
Iyulun 4-də isə Əli Əhmədov Lənkəranda Heydər Əliyev Mərkəzində rayon təşkilatının fəalları qarşısında çıxış edib. Əli Əhmədov partiya üzvlərini ayıq-sayıq olmağa, bəzi qüvvələrə qarşı fəal mübarizə aparmağa çağırıb: “Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və Milli Şuranı yaradanlar da bu reallığı dərk etməlidirlər. Milli Şura deyilən qurumun özünə lider seçdiyi Rüstəm Ibrahimbəyov 30 ildir Azərbaycanda yaşamır.ÿBu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalitetinə yad bir şəxsdir. Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin gələcək seçkilərdə cüzi bir şansı yoxdur” -deyə Əli Əhmədov bildirib.
Biz Əli Əhmədova öz liderlərinin sözləri ilə cavab vermək istəyirik.
Əli Əhmədovun mərhum lideri Heydər Əliyev 4 dəqiqə 49 saniyəlik çıxışında Rüstəm Ibrahimbəyov haqqında deyir: “Biz Rüstəm Ibrahimbəyovla fəxr edirik. O, nə qədər çətinliklər də olsa, əziyyət də çəksə, hər dəfə qalib gəlmişdir. Rüstəm Ibrahimbəyov heç zaman öz iradəsindən dönməmişdir. Rüstəm Ibrahimbəyov çox məhsuldar yazıçı, dramaturq, kinossenarist və rejissordur. Onun yaradıcılığının çoxşaxəli, çoxistiqamətli olması da fitri istedadından irəli gəlir. Rüstəm Ibrahimbəyovun Azərbaycan xalqı qarşısında böyük xidmətləri var”.
Əli Əhmədovun digər lideri Ilham Əliyev isə, Rüstəm Ibrahimbəyovun ad günündə deyir: “Rüstəm Ibrahimbəyov Azərbaycanın fəxridir və bütün dünyada ölkəmizi yüksək səviyyədə təmsil edir. Mən 20 il öncə də bu insanla fəxr etmişəm. Mən bu insanı yaxından tanıyanda bütün hisslərim səmada uçmağa başladı. Rüstəm Ibrahimbəyov dahi incəsənət xadimidir”.
Göründüyü kimi, YAP liderləri Rüstəm Ibrahimbəyovu müxalifətdən daha çox tərifləyib.
Əli Əhmədov Rüstəm Ibrahimbəyova qarşı fikirlər işlədəndə liderlərinin bu insanla bağlı komplimentlərini unutmasın.
Bəlkə, Əli Əhmədov üçün Heydər Əliyev və Ilham Əliyevin fikirlərinin heç bir önəmi yoxdur. Ancaq, cənab Əhmədov, liderə qarşı getmək yaxşı hal deyil. Bu nə hörmətsizlikdir?
İlham Hüseyn


