Hakim partiyanın Ilham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsinə baxmayaraq, hakimiyyətə yaxınlığı ilə seçilən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) bir qanadının Mehriban Əliyevanın namizədliyini irəli sürməsi geniş müzakirə predmetinə çevrilib. YAP rəsmiləri iqtidarın seçkilərdə vahid namizədlə iştirak etdiyini desə də, Mehriban Əliyevanın namizəd kimi gündəmə gətirilməsi təsadüfi görünmür.
Hakimiyyətə yaxın partiyanın iqtidarın razılığı olmadan belə bir addım atması da inandırıcı deyil. DADP-nin M.Əliyevanı dəstəkləyən qanadının rəhbəri prezident Administrasiyasında keçirdiyi görüşdən sonra da onlar üçün heç bir problem yaradılmadığını deyib. Bütün bunlardan hakimiyyətin planları ilə bağlı müxtəlif versiyalar ortalığa çıxır. Hakimiyyət isə hələ ki, qəti mövqe bildirməyib. Əslində bu məsələyə nöqtə qoya biləcək adam elə Mehriban Əliyevanın özüdür. Lakin o hələ ki, susur. Bu susqunluğunun səbəbi nədir?
«İlham Əliyevin üçüncü prezidentliyini qəbul etməyən beynəlxalq aləm üçün Mehriban Əliyevanın namizədliyi məqbul sayıla bilməz»
İstiqlalçı deputat, müstəqil ekspert Ibrahim Ibrahimli hələ 2007-ci ildən Mehriban Əliyevanın siyasi iddialarının görünməyə başladığını deyir.
Ekspertin sözlərinə görə, 2009-cu ildə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə imkan yaradan referendumun keçirilməsi də Mehdiyev qruplaşmasının Mehriban Əliyevanın siyasi iddialarının qarşısının alınmasına hesablanmışdı. Çünki Mehriban Əliyevanın siyasi iddiaları hakimiyyət qruplaşmaları arasında gərginliyə səbəb olmuşdu: “Hakimiyyət vahid namizədini müəyyənləşdirə bilməyib. YAP Ilham Əliyevin namizədliyini irəli sürəndə o, bununla bağlı hər hansı açıqlama vermədi. Bu da Mehriban Əliyevanın namizədliyinin ehtiyat variant ola biləcəyini göstərir.
Ekspertin fikrincə, Mehriban Əliyevanın namizədliyi məsələsinin Ilham Əliyev Brüsseldən qayıdan kimi ortaya çıxması təsadüfi deyil. Çünki Ilham Əliyevin namizədliyini beynəlxalq təşkilatların qəbul etməyəcəyi ehtimalları güclənir. Görünür, Əliyev Avropadan yox cavabı aldı.
Ekspertin sözlərinə görə, Mehriban Əliyevanın namizədliyi məsələsinin gündəmə gətirilməsi həm ölkədaxili, həm də beynəlxalq ictimai rəyin öyrənilməsinə hesablanıb. Lakin Ilham Əliyevin üçüncü prezidentliyini qəbul etməyən beynəlxalq aləm üçün Mehriban Əliyevanın namizədliyi məqbul sayıla bilməz.
«Mehriban Əliyevanın YAP-ın qurultayında Ilham Əliyevin namizədliyinə səs verməsi onun yekun mövqeyi kimi qəbul oluna bilər»
Ekspert Əliyevlər namizəd ola bilməyəcəyi təqdirə hakimiyyətin üçüncü varianta əl ata biləcəyini də istisna etmədi. Hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə YAP rəsmilərindən hadisələrə verilən reaksiyaları yetərli hesab edir.
Onun sözlərinə görə, Mehriban Əliyevanın YAP-ın qurultayında iştirak etməsi, Ilham Əliyevin namizədliyinə səs verməsi onun yekun mövqeyi kimi qəbul oluna bilər. Bundan sonra müxtəlif təşkilatların fərqli addım atmasına M.Əliyevanın reaksiya bildirməsi isə vacib deyil.
Fizzə


