Keçmiş deputatı oğlu ilə sınağa çəkirlər; hakimiyyət ən rəzil addıma belə, getdi
Nəsimi rayon məhkəməsi absurd, Azərbaycan məhkəmə tarixində analoqu olmayan bir qərar qəbul edib. Məhkəmənin görünməmiş bir sürətlə 2,3 və 4 iyul tarixində keçirilmiş iclaslarının yekunu olaraq hakim Etibar Hümbətov dünən keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb.
Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi. Buna Gültəkin Hacıbəylinin hazırkı siyasi mövqeyinin səbəb olduğu isə heç kimdə şübhə doğurmur.
Nəsimi rayonm məhkəməsinin absurd qərarının da keçmiş millət vəkilinin siyasi mövqeyi ilə bağlı olduğu şübhə doğurmur.
“Hakimiyyətin əsəbləri dözmədi və ən böyük səhvlərindən birini etdi”
“Azadlıq”a verilən məlumata görə, məhkəməyə təzyiq o qədər güclü olub ki, hakim vəkilin təqdim etdiyi bütün vəsatətləri nə qəbul, nə rədd etməyərək, baxılmamış saxlayıb. Maraqlıdır ki, Səbail rayon Icra Şöbəsindəki icraat üzrə Mahmud Mehdiyevin Toğrulla dörd görüşü olub və bütün görüşlərdə uşağın tələbkarla ünsiyyətdən qəti şəkildə imtinası vəkilin və icra məmurlarının iştirakı ilə aktlaşdırılıb. Görüşlərin uşağın səhhətinə və psixikasına sarsıdıcı zərbə vurması və görüşlərin dərhal dayandırılması haqqında psixoloqun rəsmi rəyi də var. Bütün bunlardan və uşağın həftədə bir dəfə görüşdən təkidlə imtina etməsindən sonra, heç bir məhkəmə araşdırması aparmadan Toğrulun onu 9 il ərzində böyüdən, təhsil verən və təmin edən anasından faktiki olaraq alınması haqda qərar verilib.
Məlumatlara görə, uşağın, iradəsi ziddinə verildiyi Mahmud Mehdiyevin daimi yaşayış yeri belə yoxdur. Üstəlik ötən 9 ildə o, uşaqla maraqlanmayıb, aliment ödəməyib və s. Məhkəmənin belə şərtlər daxilində “uşağın ataya verilməsi” haqda çıxardığı qərar yalnız Gültəkin Hacıbəylidən siyasi fəaliyyətinə, Milli Şurada təmsilçiliyinə görə qisas almaq üçün ola bilər. Belə aşkar pozuntularla qəbul edilən absurd qərarın arxasında isə mütləq yüksək səviyyəli siyasi göstəriş olmalıdır.
Məsələ ilə bağlı Gültəkin xanımın özünə müraciət etdik. Onun cavabı qısa oldu. “Hakimiyyətin əsəbləri dözmədi və ən böyük səhvlərindən birini etdi. Görünür, vəziyyət biz düşündüyümüzdən də ciddidir”.
“Hakimiyyət 9 yaşlı uşağın faciəsi üzərində siyasi ambisiya qurur”
“Amerikanın səsi” radiosuna açıqlamasında isə keçmiş millət vəkili bildirib ki, bu, Azərbaycan məhkəmə praktikasında analoqu olmayan bir qərardır. “Bu qərarlar yalnız qadının analıq hüququndan məhrum edildiyi halda verilə bilər, yəni, ana narkoman, xroniki alkoqolizmə düçar olmuş qadın olduqda verilə bilər,” deyə Gültəkin Hacıbəyli qeyd edib.
Onun sözlərinə görə, ata övladı ilə maraqlanmır və övladına bugünədək bir manat belə vəsait ayırmayıb: “Ümumilikdə 4 görüş olub, görüşlərin hamısında uşaq qəti surətdə görüşdən imtina edib, ağır depressiyaya düşüb, stress yaşayıb. Birinci görüşdən sonra təcili tibbi yardıma müraciət etməli olduq. Sakitləşdirici iynə vurduqdan sonra uşaq özünə gəldi. Adam mətbuat konfransı keçirib deyir ki, uşağımı mənə vermirlər, amma görüşə gəlir və oğluna “Cəhənnəm ol!”, “Sən mənə çox da lazımsan?”, “Heç ölmürəm səndən ötəri” kimi ifadələrlə müraciət edir, uşağı təhqir edir”.
Xanım Hacıbəyli qəbul edilən qərarı övladının faciəsi adlandırıb. “Hakim 9 ildə bir manat aliment ödəməyən tərəfi atalıq hüququndan məhrum etmək əvəzinə, 9 il övladına baxan ananın əlindən övladı alır və uşağı tanımadığı “atası”na verirlər. Qərarın qərəzli, sifarişli, vicdansız olması heç kimdə şübhə doğurmur.
Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti 9 yaşlı uşağın həyatının faciəsi üzərində öz siyasi ambisiyalarını gerçəkləşdirmək istəyir. Ola bilsin ki, bu qərarı qəbul edən insanların qolu zorludur, bu gün məhkəmələrə təzyiq etmək imkanları var. Amma bilirsiniz, imkanlar nə qədər çox olsa da Allahın imkanları qarşısında çox aciz və cılızdırlar”, – deyə keçmiş millət vəkili bildirib. İlk növbədə başda hakim Etibar Hümbətov olmaqla, bu qərarı qəbul edənlərin qanun qarşısında cavab verəcəklərinə əmin olduğunu dilə gətirən Gültətik Hacıbəyli o insanları eyni zamanda Allahın mühakiməsinə buraxdığını deyib.
“Özümü də, övladımı da bu yolda qurban verməyə hazıram”
Öz mövqeyindən çəkilməyəcəyini vurğulayan Gültəkin Hacıbəyli məsələnin yalnız onun oğlundan ibarət olmadığını bildirib. “Siyasi fəaliyyətinə görə cəzalandırılan valideyn tək mən deyiləm. Sadəcə övladımın yaşı az olduğu üçün onun cibinə narkotik qoymaq və ya maşınından silah çıxarmaq mümkün olmadığından məni bu formada cəzalandırmaq qərarına gəliblər,” – deyə o, qeyd edib. Çıxdığı yoldan – ədalət, azadlıq uğrunda mübarizədən onu heç nəyin yayındıra bilməyəcəyini deyən xanım Hacıbəyli hər şeyə hazır olduğunu söyləyib: “Məni bu yoldan heç nə çəkindirə bilməz. Övladımın əlimdən alınması onun həbsi ola bilərdi. Hazırda isə bu məhkəmə qərarı övladımın cəzalandırılmasıdır. Ancaq bu gün bizim həbsdə nə qədər övladlarımız yatır. Bu gün həbsdə talessimiya və astma xəstəsi Zaur Qurbanlı var. Bundan öncə 19 yaşlı Cabbar Savalanlı həbs həyatı yaşadı. Nigar qızımız absurd ittihamlarla həbs olundu. Düşünürəm ki, mənim övladım onların heç birindən, mən də onların analarından artıq deyiləm. Vətən, torpaq bizimdir. Hər birimiz nə vaxtsa, bu torpağın bir parçasına çevriləcəyik. Əgər vətən yolunda, demokratiya, azadlıqlar uğrunda qurban tələb olunursa, mən özüm də qurban olmağa hazıram, övladımı da qurban verməyə hazıram. Analar övladlarını vətən üçün doğurlar. Mən də düşünərəm ki, övladım vətən yolunda, vətənin azadlığı uğrunda şəhid olub. Bununla da qürur duyaram”.
“Bu, faktiki olaraq övladı anadan ayırmaq deməkdir”
Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov isə məhkəmənin qərarı ilə bağlı qəzetimizə bunları dedi: “Bu, heç bir əsası olmayan qeyri-adi qərardır. Azərbaycan müstəqil olduqdan bəri belə məhkəmə qərarına rast gəlinməyib. Bu, faktiki olaraq övladı anadan ayırmaq deməkdir. Qərar qəbul olunarkən uşağın mənafeyi nəzərə alınmayıb. Eyni zamanda nəzə alınmadı ki, eyni hal üzrə 2006-cı ildə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var və icraya yönəlib. Həmin qətnaməyə görə, ataya həftədə bir dəfə uşaqla görüşmək icazə verilir. O, həftədə bir dəfə övladı ilə görüşə bilərdi, amma 2013-cü ilin may ayına kimi bir dəfə də olsun, uşaqla görüşməyib. Amma indi görüş üçün iddia qaldırıb. Məhkəmə də onun uşaqla həftədə 6 dəfə – 5 gün saat 16-dan 21-ə, bir gün isə bütöv sutka ərzində görüşməsi haqda qərar çıxarıb. Hətta onu da nəzə almayıb ki, uşaq saat 15-də dərsdən çıxır, bəs dərslərinə nə zaman hazırlaşacaq. Eyni hal üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, işə baxılmamalı idi. Digər tərəfdən, uşaq özü də o adamla görüşmək istəmir, çünki onu tanımır. Əgər uşaq görüşmək istəmirsə, məhkəmə qərarının icrası qeyri-mümkündür. Biz qərardan apelyasiya şikayəti hazırlayırıq və sona qədər gedəcəyik”.
“Uşaqları siyasi mübarizədə alət etmək yolverilməzdir”
İctimaiyyət nümayəndələri də məhkəmənin bu absurd qərarına münasibət bildirib. Yazıçı-publisist Mehriban Vəzir “Azadlıq”a bildirib ki, qanunlar hər bir halda düzgün tənzimlənməlidir. Yəni uşaqla görüşəndə atasnın ona psixoloji təsir etməsi məsələsini diqqətdə saxlamaq lazımdır: “Məhkəmə qərar çıxarıb. Amma mənəviyyət qanunlarına da riayət etmək vacibdir. Körpə uşağın əsəbləriylə oynamaq, onu bu qədər travmalı vəziyyətə salmaq olmaz. Ümumiyyətlə, siyasi baxışlarına görə insanları bu şəkildə incitmək yolverilməzdir. Belə hərəkət heç bir normaya sığmır. Siyasi hakimiyyətin müxalif düşüncəli insanlardan bu şəkildə intiqam alması təəssüf doğurur”.
Tanınmış vəkil Aslan İsmayılov baş vermiş hadisə və məhkəmənin belə bir qərar verməsini təsəvvür etmədiyini bildirib: “Uşağın üzünü görmədiyi atasına verilməsi görünməmiş hadisədir. Cəmiyyət Gültəkin xanımın şəxsiyyətinə, əxlaqına, mədəniyyətinə çoxdan bələddir. Ümumiyyətlə, uşağın alınması valideynin yalnız xroniki alkoqolik və narkoman olması zamanı mümkündür. Heç bu hallarda da uşağın anadan alınması və ataya verilməsinin şahidi olmamışam. Hakimiyyət siyasi mübarizədə uşaqlardan istifadə etməməlidir. Onun qadına qarşı mübarizədə ehtiyatlı olması vacibdir. Uşaqları siyasi mübarizədə alət etmək isə yolverilməzdir”.
Bu, hakimiyyətin mənəvi dəyərləri pozmasının təzahürüdür
Demokratik Qüvvələrin Milli Şurası məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Demokratik Qüvvələrin Milli Şurası Nəsimi rayon məhkəməsinin keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilməsini siyasi təzyiq kimi qiymətləndirir. Azərbaycan məhkəmə tarixində analoqu olmayan bu qərar hakimiyyətin siyasi oponentlərinə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsidir və Gültəkin Hacıbəylinin siyasi baxışları ilə bağlıdır. Baş verən hadisə hakimiyyətin siyasi mübarizədə bütün hədləri aşmasının, mənəvi dəyərləri pozmasının təzahürüdür. Milli Şura qəti şəkildə siyasi mübarizədə ailə münasibətlərinə bu formada kobud müdaxiləni yolverilməz sayır”.
Nigar