Fikrət Cəfərli
KXCP-də Demokratik Birlik Fraksiyasının həmtəsisçisi
Demokratik qüvvələrin vahid təmərküzləşmə mərkəzi olan Millli Şuranın qarşıdan gələn prezident seçkilərində vahid komanda və vahid namizədlə iştirakı qərarı münasibətilə həm xalqımızı, həm də demokratik qüvvələri təbrik etməyə dəyər.
Artıq demokratik qüvvələrin vahid komanda və vahid namizəd problemi yox, vahid fəaliyyət və taktika problemi aktuallıq kəsb edir. Bü gün demokratik qüvvələrin vahid fəaliyyət, vahid taktika və addımlarını sinxronlaşdırması vacibdir. Maraqlı cəhət ondan ibarətdir ki, prosesin bu mərhələsinə qədər vahid namizəd tezisindən daha çox əsas namizəd konsepsiyasının üzərində dayanan dostlarımız, bu gün də belə görünür ki, “ehtiyyat namizəd” doktrinasını təklif etməkdədirlər. Hesab edirəm ki, proseslərin indiki gedişatında vahid namizəd ideyası və bu ideyanın realizəsi istiqamətində hər hansı bir diversifikasiya xarakterli addım və ya təklif ümumi işə ziyan vurmaqla yanaşı, mövcud hakimiyyətin maraqlarına xidmət edir. Milli Şuranın vahid namizədinin müəyyən edilməsi barədə qərarın qətiliyinə xələl gətirən, onu bu və ya digər formada mübahisələndirən, eləcə də daxili auditoriyada vahid namizədlə paralel ehtiyyat namizədin mövcudluğu barədə təsəvvürlər formalaşdıran təkliflər, addımlar, cəhdlər yolverilməzdir. Belə cəhdlər onun müəllifləri barədə ictimaiyyət arasında belə bir təsəvvür formalaşdıra bilər ki, onlar hakimiyyətə mesaj verirlər. Demək istəyirlər ki, müəyyən edilmiş vahid namizəddən fərqli olaraq sövdələşməyə meyilliyik.
Kimin və ya hansısa siyasi qüvvənin müxalifətin son 20 illik fəaliyyətini necə xarakterizə etməsindən aslı olmayaraq, bundan artığına gücümüzün və siyasi potensialmızın kifayət etmədiyini bir acı həqiqət kimi qəbul etməyi bacarmalıyıq. Siyasi mübarizə o zaman həqiqətən də hamı üçün uğurlu olan bir sonluqla yekunlaşa bilər ki, mübarizənin bütün iştirakçılarında digərlərini də özü üçün arzuladığı pillədə görə bilmə alicənablığı daxili eqonu əzə bilsin.
Milli Şuranın ehtiyat namizədinə çevrilməyə cəhd etmək siyasi iradəsizliyin bariz təzahürü kimi meydana çıxır. Demokratik qüvvələrin və aktiv narazı elektoratın demək olar ki, bütün spektrinin, az qala mövcud rejimdən qurtuluşun ümid yeri kimi baxdığı Milli Şuranın yekdilliklə seçdiyi vahid namizədinin qeydiyyata alınmadığı seçkidə kiminsə iştirak etmək istəyi ortaya ciddi suallar çıxaracaq və bu addımı atan dostlarımız bunun fərqində olmalıdır.


