II
Min illər boyunca Azərbaycan Türk dünyasının, Türklüyün düşünən beyni olub. Tarixin o başından bu başına çoxlu sayda dövlət yaratmağımız da üstün, oturuşmuş düşüncə yiyəsi olmağımızdan irəli gəlib. Buna görə 20-ci yüzilin başlanğıcında azacıq olanaqdan çoxluca (maksimum) yararlanmaq bacarığımızla bir arada üç DEMOKRATIK RESPUBLIKA yaratmışıq. Indi nə olub? Niyə indi – 21-ci yüzildə – əliyevçi ANTIMILLI, ANTIDEMOKRATIK rejim əlində qalmışıq? Orta oxul öyrəncilərimizin yüzdə doxsanının bilik düzəyinin birdən sonra gələn sayla dəyərləndirilməsinə görə! Bu il ortaya çıxan, rejimin iç üzünü açıb ortaya qoyan, gerçək ideoloji yönünü göstərən bu DƏHŞƏTLI göstəriciyə görə Ölkədə DEVRIM baş verməli idi.
Nə oldu? Qurbağa gölünə daş atılandan sonra nə olursa o oldu – susqunluq! Demək, ölkə bulanıq bir gölməçəyə çevrilib, bizlərsə o gölməçədə qurbağalara çevrilmişik – balaca bir daş atılmasından da qorxub səsini kəsən, susan qurbağalara! Hanı bu ölkənin Elmlər Akademiyası, elmlər doktorları, akademikləri? Başqaları bir yana, onlar niyə susdular? Onlar da, başqaları da – hamısı 44 illik düşünülmüş-planlı bir sürəcin sonucu olaraq susdular. Üstəlik, onlar hamısı 44 ildən bəri yürüdülən ANTIMILLI sosial-ekonomik siyasətlərin sonucu olaraq susdular. Bircə neftdən gündəlik gəliri 90 milyon dollar olan ölkədə akademik 300 manat, öyrətmən 200 manat aylıq alırsa, toplumun ucdantutma QURBAĞALAŞMASI doğaldan da doğal görsəniş deyilmi?!
2013-cü il göstəricisi – öyrəncilərimizin yüzdə doxsanının bilik düzəyinin “2″ dəyərləndirilməsi düşünülmüş-planlı bir siyasətin finişə yaxınlaşması deməkdir. Başlanğıc – start çağı 1969-a gedib çıxır. Bu siyasət təhsilin təhsilsizləşdirilməsi yolu ilə milləti sürüləşdirmə – ideyasızlaşdırma siyasətidir. Biliksizlik yoluyla ideyasızlaşdırılan millət yetkin düşüncə görsənişlərindən, anlamlı yaşam duyğusundan uzaq, yarıölü kütlə, sürüləşdirilmiş toplum deməkdir. Belə toplumu Arif Alışanov kimi buxalter-sayğacların əlinə bir neçə televiziya verməklə (indilikdə AzTV, ITV) istənilən yerə yönəltmək olar.
Fransız filosofu le Bon yazır: “Çağdaş dünyada dövlət adamları quruluşların (qurumların) önəminə aşırı olaraq, ideyaların önəminə çox az inanırlar. Ancaq, bilimin doğrulamasına görə, birincilər ikincilərdən törəyir, onlara arxalanmaqla var ola bilirlər. Ideyalar predmetlərin görünməyən çalışdırıcı gücləridir. Onlar yox olduqda quruluşların, sivilizasiyaların gözəgörünməz dayaqları da uçulur. Xalq üçün ən qaranlıq çağlar onun əski ideyalarının ölü tanrıların gecələdiyi qaranlıq zirzəmilərə salındığı çağlardır”. Baxın, elə bil bütünlüklə bugünkü Azərbaycan üçün deyilib. Ancaq bizdə rejim başında duran “dövlət adamları” ideyaların necə önəmli olduğunu çox gözəl anladıqlarından təhsilsizləşdirmə – biliksizləşdirmə yolu ilə ideyasızlaşdırma siyasəti yürüdürlər. Strategiya ideyasızlaşdırma yolu ilə ölkədə çoxillik, təkəlçi (monopolist) hakimiyət qurmaq, ailəiçi ötürmə-karusel prinsipi ilə bu hakimiyətin qorunub saxlanmasına qarantiya yaratmaqdır!
Bu gün Azərbaycanda gerçək millətdən daha çox, dağınıq-parçalanmış bir toplum var. Yuxarıda sözügedən 44 illik planlı biliksizləşdirmə-ideyasızlaşdırma siyasətləri bizi bu yerə gətirib çıxarıb. Alman filosofu Şpenqler deyir: “Millətin özülündə ideya dayanır”. Demək, biliksizləşdirmə-ideyasızlaşdırma millətin özülünü dağıtmaq üçün düşünülmüş siyasətdir. Şpenqlerə görə, “Topraq milli ideyanın daşıyıcısı olarkən Vətənə çevrilir”. Indi gəlin görək yüzdə doxsanı biliksiz-ideyasızlardan oluşan ölkədə 10 faizlik Vətən anlayışı ilə (o da olsa!) nə etmək, hara gedib çıxmaq olar? Bizi yoxluğa yuvarladan yolsuzluqdan qurtulmağın yolu indiki rejimdən qurtulmaqdır!