Klassik poeziyamıza rəng qatan imzalar…

 

«Ona nəqş eyləmiş mehrin, dili-şeydayə göndərmiş…»

Klassik Azərbaycan ədəbiyyatında xüsusi dəst-xətti olan bir neçə şair haqqında söz açmışdıq. Budəfəki mövzuda həmin silsiləni davam etdirmək və hamı üçün maraqlı olan bir neçə fərqli imzadan söz açmaq istəyirik. Azərbaycan poeziyasında imzası unudulmayan qələm sahibləri sırasında Şahnigar Rəncur da var. Bu qadın şairimiz dövrünün tanınmış imzalarından olub, Qazaxda “Mollaxanım” ləqəbi ilə tanınıb.

Şahnigar xanım Kazımağa qızı (Rəncur) 1850-ci ildə Qazax mahalının Ağköynək kəndində anadan olub. Ilk təhsilini qardaşı Hacı Məhəmməd ağadan alan Şahnigar xanım klassik üslubda və janrlarda şeirlər yazmışdır. O, münacat, mərsiyə, qəzəl janrlarına müraciət etmişdir. Nəqşibəndi təriqətinə mənsub olan Şahnigar xanım şeirlərinin çoxunu müridi Hacı Mirhəmzə Əfəndiyə (Seyid Nigariyə) xitabən yazmışdır. Eyni zamanda, Şahnigar xanım Qiyasbəyova Qazax şairləri arasında  zərif təbli yazarlardan biri hesab olunur.

Zəmanəsinin məşhur qələmlərindən hesab olunan şair “Rəncur” təxəllüsü ilə şeirlər yazmış, vaxtının çoxunu ibadətdə keçirmişdir. 

Şahnigar xanımın təxminən 45-50 yaşlarında Qazaxda vəfat etdiyi bildirilir.

O, Hacı Mirhəmzə Əfəndinin müridlərindən olduğu üçün şerlərinin çoxunda onun mənəvi aləmindən bəhs edir:

 

Yazıb bir şəqqəni şahim, sərimə sayə göndərmiş,

Ona nəqş eyləmiş mehrin, dili-şeydayə göndərmiş.

Nigaridir kərəm kani kərəm dəstini baz etmiş,

Nübüvvət gülşənindən bir güli-həmrayə göndərmiş.

Mənim cürmi-kəbir içrə pərişan olduğum bilmiş,

Duayi-iltifatını mənə pirayə göndərmiş.

 

Mirhəmzə Əfəndi Şahnigar xanıma cavabında yazmış:

Nigari-nazəninim fərşi-bəzmarayə göndərmiş,

Nigariş eyləmiş rəngi-tərin şeydayə göndərmiş.

Yenə sövdayə düşmüş, aşiqanə bir qəzəl yazmış,

Nigari bir qəzəlnamə büti-zibayə göndərmiş.

 

Şahnigar xanımın iki yüzə yaxın qəzəli olduğu göstərilir. Onun əlyazmaları olan dəftərdə şairənin münacat və qəzəllərindən başqa rübailəri, müxəmməs və müsəddəsləri, eyni zamanda  saqinamələri də var. 

“Amandı tez yetirin cilvəgahı-Turə məni…” 

XIX əsr ədəbiyyatında imzası seçilən şairlərdən biri də Mirzə Əli Ləlidir. O, 1845-ci ildə Təbrizdə anadan olsa da, ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alan Mirzə Əli Ləli ərəb və fars dillərini də mükəmməl öyrənib. Təbrizdə əttarlıq dükanı açıb, bir müddət ticarətlə məşğul olduqdan sonra o, dövrünün məşhur həkimlərindən təbabət elmini öyrənib. Sonradan Tehranda tibbi biliklərini zənginləşdirən Mirzə Əli Təbrizə qayıdaraq həkimlik etməyə başlamışdır. Mirzə Əli Iranın ən məşhur həkimlərindən biri olub. O, Misirə, Istanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib. 

Təbrizdə böyük nüfuz sahibi olan Mirzə Əli eyni zamanda şeirlər, həcvlər yazmışdır. “Şəmsül-hükəma” ləqəbini almağa səbəb Müzəffərəddin şahın Təbrizdə vəliəhd olduğu vaxtlarda onun yaxınlarından birini müalicə edərək sağaltmış və bunun müqabilində ona vəzifə verilmişdir. 

Mirzə Əli məddahlığa nifrət etmiş, xarakter etibarilə azad bir insan olub. Buna görə də dövrünün vəzifə və mənsəb adamlarını tənqid edən həcvlər yazmışdır. O, vaxtının çoxunu səyahətdə, xüsusilə Tiflisdə və Islambulda keçirmişdir. 

Şairin çox gözəl qəsidələri, qəzəlləri, dübeytləri və növhələri var. Onun farsca da bir sıra şeirləri qalıb. 

 

Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,

Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.

Cəmali-şahidi-qeyb istərəm Kəlimasa,

Amandı tez yetirin cilvəgahı-Turə məni.

Zəmirim olmadı biganə məşrəbindən saf,

Qıl aşina genə bir sağəri-bülurə məni.

“Dil yarəsinə məlhəm ol müşki-Xütən olmaz…”

Bu dövrün tanınmış qələm sahiblərindən biri də Əbülhəsən Vaqifdir. O, 1845-ci itdə Salyan şəhərində bərəçi ailəsində doğulmuşdur. Ilk təhsilini Salyanda mədrəsədə alan şair  fars dilini və klassik ədəbiyyatı öyrənmişdir. Maddi çətinlik ucbatından təhsilini davam etdirə bilməyən Vaqif mədrəsədən çıxaraq atasının yanında işləmişdir. Yalançı ruhanilər əleyhinə tənqidi şeirlər yazdığına görə təqib olunan şair 1888-ci üds Salyanı tərk edərək Bakıya köçmüşdür. Bakıda yaşadığı illərdə Əbülhəsən Vaqif “Məcməüş şüzra” ədəbi məclisinin yığıncaqlarında iştirak etmiş, Əbdülxaliq Yusif, Cənnəti, Seyid Zərgər və başqa şairlərlə yaxından dostluq etmişdir. 

Əbülhəsən Vaqif 1914-cü ildə Bakıda vəfat etmiş və Şıx (Bibiheybəi) qəbristanlığında dəfn olunmuşdur.

Əbülhəsən Vaqif ilk şeirlərini gənclik illərində yazmış, onun bəzi qəzəlləri XX əsrin əvvəllərində mətbuat səhifələrində çap olunmuşdur. 

Əsərləri tam şəkildə əldə olmasa da, ədəbiyyatşünas-alim Cənnət Nağıyeva şairin boyük zəhmət bahasına ələ gətirə bildiyi əsərlərini toplayaraq 2000-ci ildə Bakıda nəşr etdirmişdir. Aşağıdakı qəzəl də həmin kitabdan götürülmüşdür.

Ey qönçədəhan, sən kimi qönçədəhən olmaz,

Gülşəndə üzüntək gülü bərgü səmən olmaz.

Sordum nə qədər sirri-dəhanın ürəfadan,

Böylə dedi: get-get belə rəmzi bilən olmaz.

Çin-çin eləyib tökmə üzə zülfi, xətadır,

Dil yarəsinə məlhəm ol müşki-Xütən olmaz.

Ey sərvqədim, gülşəni-hüsnün gül açıbdır,

Gülzari-behişt içrə bü sərvü çəmən olmaz.

Zərif lirik qəzəlləri ilə Şirvan mahalında məşhur olan  Məşədi Mirzə Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani də klassik poeziyamızda öz yeri olan şairlərdəndir. O, 1852-ci ildə Şamaxıda anadan olmuşdur. Şair də dövrünün bir sıra tanınmış şəxsləri kimi öz zəmanəsinə görə mükəmməl təhsil alanlardan sayılırdı. O, gənc vaxtlarında altı il Teymurxanşurada yaşamış, sonra Irana getmiş, Raşt, Qum, Qəzvin şəhərlərinə səyahət etdikdən sonra Tehrana qayıdaraq orada tibb elmini öyrənmişdir. Şəhriyar Şirvani on səkkiz il Iranda qalmışdır. Şair vətəninə qayıtdıqda Şamaxıya getməyib, əvvəl Gəncədə, sonra isə Ağdaş va Göyçayda təbiblik etmişdir. O, “Hacı Həkim” ləqəbi ilə məşhur olmuşdur.

Şəhriyar Şirvani 1915-ci ildə Göyçayda vəfat etmiş, vaxtilə Göyçay-Ucar yolunun üstündə olan şəhər qəbiristanlığında dəfn olunmuşdur.

O, Ağdaş ədəbi dərnəyinin iştirakçılarından olmuş, bəzi cünglərdə bir neçə şeri qalmışdır. Bu qəzəli də “Poetik məclislər” (1987) kitabından götürülmüşdür.

Keçə bu fəsli-xəzan, mövsümi-baharım ola,

Bahar bülbülü tək gülşənə güzarım ola.

Müyəssər ola əzadan çəməndə bəzmi-xas,

Gülü mülü meyü bülbül, mənü nigarım ola.

Nigar ola, gül ola, gül müqabili-lalə,

Güli nigara tərəf qəlbi-dağidarım ola.

Bir əldə dəsti-nigarım misali-çəng tutam,

Bir əldə zülfı-mütərrasi rəngi-tarım ola.

Nəvayı-eşqə çəkəm şur ılə ərşə nazın,

Müxalifı-qəmə mənsurdə hisarım ola.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir