Ölü heyvanların əti Bakıda kafe və restoranlara satılır

Eyyub Hüseynov: “Ölkədə artıq neçə ildir leşyığanlar qrupu fəaliyyət göstərir”

«Başıma şlem keçirib, gecə saat 2-3 arası həmin ünvana getdim, mənə dedilər ki, sənə güllə də ata bilərlər»

İnsanlara satılan dönər və digər qidaların tərkibində mənşəyi bəlli olmayan ət məhsullarının aşkara çıxarılması əhalidə qorxu yaradıb. Yediyinin qaramal məhsulu deyil, at və eşşək əti olduğunu öyrənəndə adamın hansı vəziyyətə düşdüyünü təsvir etmək çətin deyil. Amma əlaqədar qurumlar hələ də susmağa üstünlük verir.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ətrafında geniş araşdırma apararkən maraqlı faktlar əldə edib. Eyyub Hüseynov “Azadlıq” vasitəsilə aidiyyəti qurumlara çağırış edərək, təcili hərəkətə gəlməyə səsləyir. Çünki mövcud vəziyyət təxirəsalınmaz tədbirlər görməyi tələb edir: “Azərbaycanda dünyanın ən ac ölkələrində belə, baş verməyən hadisələr yaşanır. Yalnız müharibə dövründə belə halların baş verməsi mümkündür. Məsələnin ciddiliyi ondadır ki, ölkədə artıq neçə ildir leşyığanlar qrupu fəaliyyət göstərir. Bu qruplar ən çox Muğan zonasından Bərdəyə qədər, Masallı, Lənkəran ərazisində yayılıb. Əlimdə konkret faktlar var. Fermer təsərrüfatı sahibi məndə olan yazılı ərizəsində bildirib ki, heyvanım xəstəlikdən öləndə onu fermanın  itlərinə vermədim ki, itlər ölər. Apardım dərəyə atdım ki, qurd-quş yesin. Amma leşyığanlar murdar olmuş heyvanı tez tapıb apardılar. Məndə ölmüş heyvanların Bakıda hara yığıldığı, onlara harda kimyəvi məhlullar vurulduğu barədə məlumatlar var”.
E.Hüseynov bu barədə yazdığı rəsmi məktubu öncə Bakı Şəhər Baş Polis Idarəsinə göndərəndə bölmənin mayoru onunla  görüşərək, təhlükəsizliyini təmin edəcəyini deyib. Bölmənin əməkdaşı leşin istehsala verildiyi ünvanın qapısını qırmağa ixtiyarı olmadığını söyləyib. Bundan sonra Eyyub Hüseynov təkbaşına işə başlayıb: “Başıma şlem qoyaraq gecə saat 2-3 radələrində öyrəndiyim ünvana getdim. Gördüm ki, doğrudan da orada qızğın iş gedir. Mənə xəbər gəldi ki, onlar sənə güllə də ata bilər. Bundan sonra Standartlaşdırma və Patent üzrə Dövlət Agentliyinə rəsmi müraciət etdim. Mənimlə söhbət etdilər, dedilər ki, həmin ət məhsullarının toplandığı yerin adını de. Öncə demədim. Mənə bir neçə yer adı sayıb həmin yerin onların içində olub-olmadığını soruşdular. Üç yerin içində bildiyim ünvanın da adı vardı. Daha sonra dövlətin baytarlıq və gigiyena orqanları qarşısında məsələ qaldırdım. ”Qosstandart”dan malı ekspertizaya götürə biləcəklərini, “sanepidemstansiya”dan isə müəyyən sadə işdən başqa heç nə edə bilməyəcəklərini dedilər. Mən dövlət orqanlarının koordinasiya olunmuş fəaliyyətinə nail ola bilmədim.  Leşyığanlar ölmüş heyvanların ətini şadlıq sarayları və restoranlar şəbəkəsinə verirlər. Onların böyük villaları, bahalı maşınları var. Biri, hətta o qədər varlanıb ki, rayonların birində bağçılıq təsərrüfatı salıb. Bu qədər fakt əlimdə olduğu üçün dövlət orqanlarını bir yerə toplayıb hökuməti ayağa qaldırmaq istədim. Amma heç nəyə nail ola bilmədim. Bazarda heç bir iş görülmür, ayrı-ayrı seqmentlər nüfuz dairəsinə bölünüb. Heç kim bu biabırçı təbəqəni ifşa etmir. Leşyığanlar murdar olmuş heyvanların ətini 1 manata alır və paytaxta gətirir. Hazırda Bakı şəhəri təhlükəli məhsulların realizə olunmuş məskəninə çevrilib”.
Eyyub Hüseynov həmin qrupların işinə birbaşa Iqtisadi Inkişaf Nazirliyinin müdaxilə edə biləcəyini, nazirliyin bunun qarşısını almalı olduğunu söyləyir. Eləcə də Azad Istehlakçılar Birliyinin rayon şöbələri də kifayət qədər çevik iş aparmalıdır. Təşkilat rəhbəri leşyığan qrupların ifşa olunması üçün əlindən gələni edəcəyini deyərək, üzünü rəsmi çevrələrə tutur: “Şadlıq evləri, restoranlarda bəh-bəhlə yediyiniz murdar olmuş, çölə atılmış heyvanın ətidir. Leşyığanlara qarşı hərəkətsizlik isə sözdə qeyd etdiyiniz kimi, inkişaf etmiş, ən başlıcası isə müsəlman ölkəsinə yaraşmır”.

Nigar