“Məhkəmə sifariş yerinə yetirib”

“Son instansiyaya qədər getmək fikrimdə qətiyəm”

“Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yekun qərar olmadığına görə mənim uduzmağım və cərimə ödəməyəcəyim barədə mətbuatda yayılan informasiyalar həqiqəti əks etdirmir. Məhkəmənin qərarını haqsız hesab etməklə yanaşı, bir daha bəyan edirəm ki, hakim heç bir sübut olmadan belə bir qərar çıxarıb. Hakim sanki sifariş yerinə yetirib. Heç bir sübut təqdim etmədən belə bir qərar qəbul edib. Ona görə də, qanunvericiliyə müvafiq olaraq bu qərardan apellyasiya şikayəti verəcəyəm və ümumiyyətlə son instansiyaya qədər getmək fikrimdə qətiyəm”.

Bunu AzNews.az-a Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevanın şikayəti əsasında keçirilən məhkəmə prosesində çıxarılan qərara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mətbuatda İlhamə Quliyevaya 50 min manatı ödəməyəcəyi və üzr istəməyəcəyim barədə yazılanlar doğru deyil:

“Mən belə bir ifadə işlətməmişəm. Ən azından ona görə ki, hələ məhkəmə prosesində sonrakı instansiyalar var. Mən qanunlara hörmət edən adamam, bu fikir isə qanunları saymayan adam tərəfindən deyilə bilər. Məhkəmənin qərarından təlaşlanmadım, çünki növbəti instansiyalar var. Ona görə də, bu məsələnin ictimailəşməsini də istəmirdim. Mən öz hüquqlarımı sona qədər müdafiə edəcəyəm. Proses davam edəcək və son qərarın ədalətli olacağına inanıram. Apellyasiya Məhkəməsi şikayəti təmin etməsə, Ali Məhkəməyə müraciət edəcəyəm. Buna görə də indidən mənim uduzmağımı söyləmək doğru deyil. Və bir daha deyirəm, əgər son instansiya da mənim əleyhimə qərar çıxaracaqsa, həmin qərarı yerinə yetirəcəyəm, mən qanun əleyhinə gedə bilmərəm”.