Prezident Ilham Əliyev dünən Polis günü münasibətilə Daxili Işlər Nazirliyinin şəxsi heyəti ilə görüşüb. Görüşdə Ilham Əliyev polislərin ictimai əsayişin qorunmasında böyük rol oynadığını bildirib, ölkədəki inkişafdan, görülən işlərdən, xalqın rifahından danışıb. Çıxışının sonunda Ilham Əliyev müxalifəti də yaddan çıxarmayıb. Ilham Əliyev bildirib ki, bəzi ünsürlər, qruplar özlərinə “böyük qardaş” axtarışındadırlar, kiminsə ətəyindən yapışmaq istəyirlər. Qeyd edək ki, Ilham Əliyevin müxalifəti “ünsür” adlandırması birinci dəfə deyil.
Istənilən tədbirdə, bayramda, rəsmi görüşlərdə müxalifətin fəaliyyətinin tənqid edilməsi, şəxsən dövlət başçısı səviyyəsində müxalifəti aşağılmağa cəhd göstərilməsi hakimiyyətin narahatlığından xəbər verir. Bir tərəfdən müxalifətin olmadığını, xalqın müxalifətdən üz döndərdiyini iddia etsələr də, digər tərəfdən Milli Şuranın fəaliyyətindən şikayətlənirlər, ölkədə sabitliyi pozmaqda ittiham edirlər.
Ilham Əliyevin müxalifəti nəzərdə tutaraq “böyük qardaş axtarışına çıxıblar” deməsi nəyin göstəricisidir?
«Müxalifət böyük qardaş axtarışına yox, demokratiya axtarışına çıxıb»
Milli Şuranın üzvü Ibrahim Ibrahimli bildirdi ki, bütün fəaliyyətləri dövründə böyük qardaş axtarışında olan, böyük qardaşın himayəsi ilə seçkiləri saxtalaşdıran, Rusiyadakı seçki texnologiyasını Azərbaycana tətbiq edən, Ruşayloların diktəsi ilə hərəkət edən Əliyevlər hakimiyyəti olub: “Bu gün demokratik qüvvələrin birləşməsi, vahid namizəd seçməsi və xalqın da dəyişikliklərə köklənməsi hakimiyyəti narahat edir. Buna görə də Milli Şuranı Rusiyanın və digər güc mərkəzlərinin proyekti kimi qələmə verib xalqın gözündən salmaq istədilər. Ancaq zaman göstərir ki, bu, Azərbaycan xalqının proyektidir, bu layihənin rejissoru da, ssenaristi də Azərbaycan xalqıdır. Artıq ölkədə situasiya dəyişib və bu dəyişiklik Azərbaycan hakimiyyətinin əleyhinə, Azərbaycan cəmiyyətinin lehinə işləyir. Azərbaycan hakimiyyətindən fərqli olaraq, Azərbaycan müxalifəti böyük qardaş axtarışına yox, demokratiya axtarışına çıxıb”.
«İlham Əliyev özünün hakimiyyətə gələrkən istifadə etdiyi metodları müxalifətə irad tutmaq istəyir»
AXCP sədrinin müavini Nurəddin Məmmədli vurğuladı ki, Ilham Əliyev özünün və ailəsinin hakimiyyətə gələrkən istifadə etdiyi metodları, indi demokratik düşərgə üçün irad tutmağa çalışır: “Heydər Əliyevin hakimiyyətə gəlməsində Rusiyanın, Türkiyənin, Qərbin müxtəlif dairələrinin xidməti olmuşdu. Sonra da Ilham Əliyev kürü diplomatiyası, rüşvət hesabına beynəlxalq aləmlə dil tapmağa nail olmuşdu. Indi hakimiyyət qorxur ki, eyni ssenari bunlara qarşı həyata keçirilə bilər. Ancaq hakimiyyətdən fərqli olaraq Azərbaycanın demokratik qüvvələri dünyanın qəbul olunmuş inteqrasiya qanunlarına uyğun olaraq fəaliyyət göstərir. Azərbaycanın demokratik qüvvələri, Azərbaycan xalqına güvənir, arxalanır və etibar edir. Və biz bütün ölkələrlə normal münasibətin tərəfdarıyıq. Ancaq bizim dünyaya inteqrasiyamız, kiminsə tabeliyində olmaq, kiminsə maraqlarına xidmət etmək istiqamətində olmayacaq. Hakimiyyət narahat olmasın, NATO ordusunu töküb hakimiyyəti devirməyəcək. Bu hakimiyyəti xalq yola salacaq”.
Ilham Hüseyn