«Müxalifət nümayəndələrinin həbsi zamanı verdiyiniz bəyanatlar hakimiyyətin imicinə zərbə vurur»
Müzəffər Baxış: «Düşünürəm ki, bundan sonra hüquq mühafizə orqanları belə tədbirlərdən imtina edəcək»
Ölkədə baş verən repressiyalar, hüquq mühafizə orqanlarının məhkəmə qərarı olmadan insanları ittiham etməsi beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Ibtidai istintaq zamanı insanların artıq cinayətkar kimi qələmə verilməsi, günahlarının sübut olunduğunu deməsi qanuna zidd olsa da, hüquq mühafizə orqanları buna məhəl qoymur.
Görünür, artıq hakimiyyət də bunu dərk etməkdədir. Bu günlərdə “Azadlıq”a daxil olan məlumat da bunu təsdiqləyir. Məlumata əsasən, Prezident Administrasiyasından hüquq mühafizə orqanları rəhbərlərinə, milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova məktub ünvanlanıb. Məktubda bu qurumların mətbuat xidmətlərinin xüsusilə müxalifət nümayəndələrinin həbsi zamanı verdikləri bəyanatların hakimiyyətin imicinə zərbə vurduğunu və beynəlxalq təşkilatların narahatlığına səbəb olduğu bildirilib və bunun qarşısının alınması tələb edilib.
Belə bir məktubun olub-olmadığını dəqiqləşdirmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdik.
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti hər zaman olduğu kimi yenə də əlçatmaz oldu və qurumdan məsələ ilə bağlı açıqlama almaq mümkün olmadı.
Daxili işlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Polis günü münasibəti ilə tədbirdə iştirak etdiyini və sualı cavablandırmaq imkanının olmadığını bildirdi.
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə təmsil olunduğu quruma belə bir məktubun gəlmədiyini bildirdi.
Hər halda hüquq mühafizə orqanlarının məhkəmə qərarı olmadan vətəndaşları cinayətkar adlandırması faktdır və bunun hakimiyyət üçün problem yarada biləcəyi də istisna edilmir.
Hüquqşünas Müzəffər Baxış hüquq mühafizə orqanlarının rəhbərləri üçün Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaları, ölkə qanunlarının əhəmiyyət kəsb etmədiyini deyir. Avropa Insan Hüquqları Məhkəməsi də dəfələrlə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin artıq törətdiyi cinayətlərin sübut olunması barədə Baş prokurorluğun, Daxili Işlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin verdiyi bəyanatları dövlətə qarşı arqument kimi istifadə edib. Çünki bu artıq müstəqil məhkəmə hakimiyyətinə təzyiqdir və bu şəxslər barəsində məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar ədalətli hesab edilə bilməz. Həmin qərarlar insan hüquqları, əsas azadlıqları haqqında Avropa Konvensiyasının müddəalarına uyğun olmayan qərarlar hesab edilib: “Ola bilər Prezident Administrsiyasında bunun zərərli nəticələrini dərk ediblər və hüquq mühafizə orqanlarına bu barədə məlumatlar göndəriblər. Düşünürəm ki, bundan sonra hüquq mühafizə orqanları belə tədbirlərdən imtina edəcək. Əgər etməsələr, deməli, yaramaz hərəkətləri bundan sonra da davam etdirəcəklər. Çünki onların rəhbərliyi bunu dərk edəcək səviyyədə deyil”.
Fizzə


