Klassik şeirimizin iki fərqli imzası…

Satirik şairimiz Mirzə Baxış Nadim

Azərbaycan klassik poeziyasında adları keçən onlarla məşhur qələm sahibinin sırasında imzası bu günün oxucusuna çox da tanış olmayan iki şairin adını ayrıca qeyd etməyə dəyər. Onlardan biri Mirzə Baxış Nadim, o biri isə Məhəmməd Bağır Xalxalidir. 

Məlum olduğu kimi, XIX əsr poeziyasında lirik xətdən başqa yeni bir istiqamət, tənqidi-satirik şeir yaranmağa başlamışdı. Artıq qələm sahibləri zəmanənin naqisliklərindən doğan eybəcərlikləri görməzdən gələ bilməzdi. Bu üslubda yaranan şeir nümunələrinin müəlliflərindən biri də Mirzə Baxış Nadim idi.

Azərbaycan ədəbiyyatı üçün önəmli bir imza sahibi olan  Mirzə Baxış Nadim 1785-ci ildə Hacıqabulun Navahı kəndində anadan olmuşdur. Onun adı XIX əsr Azərbaycan ədəbiyyatının böyük imzaları – Qasım bəy Zakir, Baba bəy Şakir, Fazil xan Şeyda ilə yanaşı çəkilir. 95 il ömür sürən şair bütün yaradıcılığı boyunca haqqın və sadə insanların yanında olmuş, bu yolda hər cür məhrumiyyətlərə dözmüş, çox maraqlı bir irs yaratmışdır. Ilk təhsilini atası Molla Əsədulladan alan Nadim sonrakı təhsilini Şamaxıda mədrəsədə davam etdirmişdir. Burada o, ərəb-fars dillərini mükəmməl öyrənmiş, atasının istəyi ilə bir müddət ruhanilik etmiş, ancaq sonralar həyatını əkinçiliyə bağlamışdır.

Demək olar ki, doğulduğu əsrin bütünlükdə şahidi olan Nadim XIX əsrin əvvəllərindən sonlarına qədər məmləkətdə baş verən əsas tarixi hadisələri öz gözləriylə görmüşdür. Təbii ki, bütün bu hadisələr onun yaradıcılığında öz əksini tapmış, həm də tədqiqatçıların araşdırmalarında tarixə bir bələdçilik işığı tutmuşdur. Şübhəsiz, şairin əsərlərində lirik çalarlı şerlər də az deyil, amma onun satirik ruhlu əsərləri daha təsirli və yadda qalandır. Buna görə də, Nadim XIX əsr Azərbaycan ədəbiyyatı tarixində daha çox yaşadığı mühitin eybəcərliklərini qəzəblə qamçılayan satirik şair kimi qalmışdır:

 

Ay ağalar, sizə tərif eyləyim,

Nə iş tutub üzü qarə Murad xan.

Tamam kəsib biçininin haqqını,

Heç verməyib sikkə, parə Murad xan.

“At olmasa, heç incimə, insan da qoşarlar!..”

Onun qələminə hədəf olan əsas tiplər sadə insanlara əziyyət verən, onları işlədib haqlarını yeyən bəylər, xanlar, çar divanxanalarında işləyən rüşvətxor, bürokrat məmurlar və əhalini aldadan yalançı din xadimləridir. Nadim onların yaramaz əməllərini açıq şəkildə, amansızlıqla ifşa edir. Onun “Murad xan”, “Kərbəlayi” rədifli şerləri bu qəbildəndir. 

Şairin “Mahmud” adlı satirası insan yerinə qoyulmayan rəncbərlərin ağır həyatına kəskin etiraz əlaməti kimi səciyyəvidir:

 

Mahmud! Əya, rəncbər ara mərdi-yeganə,

Nahaq yerə rəncidə olub gəlmə fəğanə.

Xaliq sizi rəncbər yaradıbdır bəyə, xanə,

Hərçənd gərəkdir qoşalar at bu kotanə,

At olmasa, heç incimə, insan da qoşarlar!

 

Mirzə Baxış Nadim dövlət idarələrində işləyən məmurların süründürməçiliyini, hakimlərin rüşvətxorluğunu da acı bir dillə tənqid edir. Onun satiralarında dili sadə və aydındır. Elə bu xüsusiyyəti də onu öz dövrünün satirik sənətkarlarından biri kimi məşhurlaşdırmışdır. Tədqiqatçılar Nadimin yaradıcılığının Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabir kimi böyük sənətkarların bədii-satirik üslubunun formalaşmasında əhəmiyyətli rol oynadığını dönə-dönə qeyd edirlər.

Məşhur satirik şair XIX əsrin ilk illərində Salyana köçür və təxminən 25 il burada yaşayır. O, sonra yenidən Navahıya qayıdaraq kənd mirzəsi işləyir. Yaradıcılığında birmənalı olaraq sadə insanları müdafiə edən, onların zəhmətini mənimsəyən mülkədarları tənqid atəşinə tutan Mirzə Baxış Nadim hakim dairələri özündən narazı salmışdı. Buna görə də,  şairi kənd mirzəliyindən uzaqlaşdırırlar. Işsiz qalan şair bir müddət Pirsaat çayında mirab vəzifəsində çalışır. Amma burada da bəxti üzünə gülmür. Incidildiyinə, əmək haqqı verilmədiyinə görə işdən uzaqlaşır. Daha sonralar Mirzə Baxış Nadim Navahı kəndində məktəb açır və ömrünün sonuna qədər kənd uşaqlarına dərs deyir. 

Dövrünün məşhur satiriki kimi tanınan Nadim 1880-ci ildə vəfat etmiş və Navahı kəndində dəfn edilmişdir. Həyatı ağır sınaqlar, çətinliklər içərisində keçən Mirzə Baxış Nadim şerlərinin birində “Gecə-gündüz qan-yaş töküb ağlaram”- deyir. Amma o, iti qələmi və haqqın müdafiəçisi olan şerləri ilə XIX əsr Azərbaycan ədəbiyyatında görkəmli bir şair olaraq qalmaqdadır. 

Məhəmməd Bağır Xalxali

Klassik ədəbiyyatımızın ikinci maraqlı bir nümayəndəsi olan Məhəmməd Bağır Xalxalinin yaradıcılığı da maraqlı əsərlərlə zəngindir. 1829-cu ildə Xalxal əyalətinin Qarabulaq kəndində ruhani ailəsində dünyaya gələn şair ilk təhsilini evdə atası Axund Molla Heydərdən almışdır. Xalxali 14 yaşına çatanda biliyini artırmaq üçün Zəncana, oradan da Qəzvinə getmiş, xüsusi müəllimlərin yanında bir sıra elmlərin sirlərini öyrənmişdir.

Təhsilini başa vurduqdan sonra doğulduğu kəndə qayıdan Xalxali ömrünün axırına qədər Qarabulaqda yaşamışdır. Şair 1900-cü ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur.

Öz zəmanəsinə görə yaxşı təhsil alan Xalxali əsərlərini Azərbaycan (türk), fars və ərəb dillərində yazmışdır. Şairin azərbaycanca divanına “Sələbiyyə” məsnəvisi, o cümlədən qəzəl, müxəmməs, təcnis (qoşalıq) və saqinamələri daxildir. Xalxalini ədəbiyyat tarixində məşhurlaşdıran “Sələbiyyə” (1893) məsnəvisidir. Xalq arasında geniş yayılmış nağıl və hekayətlər əsasında yaranan bu əsər Təbrizdə və Bakıda bir neçə dəfə nəşr edilmişdir. Aşağıdakı parça da həmin məsnəvinin “Başlanğıc” adlanan hissəsindən götürülmüşdür:

 

Belə nəql eyləyib Mirzə Filani

Kəlami doğrudur, yoxdur yalani –

Ki, bir Tülkü diyari-Isfəhanda

Ki, yəni qeyrəti-mülki cahanda.

Əlinə düşməyib quti-münasib,

Muradın verməyib çərxi-məlağib.

Neçün ki, salmayıb bir zad əlinə,

Keçib bir ay ki dəyməyib ət dilinə.

Tükəndi səbri, oldu taqəti taq,

Bu vüsətlə ona təng oldu afaq.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir