Milli Şuranın namizədi Vaşinqtona dəvət olundu

ABŞ Konqresinin Helskinki komissiyası Azərbaycanda insan haqlarına dair dinləmələr keçirəcək

5 nəfərlik nümayəndə heyətinə Milli Şuranın sədri və ölkə müxalifətinin 2013-cü il prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov başçılıq edəcək. AXCP, Müsavat, El hərəkatı heyətdə bir nəfərlə təmsil olunacaq. 5-ci şəxs isə Milli Şuranın beynəlxalq əlaqələr komitəsinin rəhbəridir.

Artıq Milli Şura sədrinə və nümayəndə heyətinin üzvlərinə səfərlər bağlı detallı bilgi verilib. 5 gün davam edəcək səfərin proqramına ABŞ prezidentinin Güney Qafqaz Məsələləri üzrə köməkçisi ilə görüş, ABŞ Konqresində, Dövlət Departamentində və Pentaqonda dinləmələr və müzakirələr daxildir. Vaşinqtondan göndərilən sənəddə Milli Şura üzvlərinin gələcək əməkdaşlıq, strateji tərəfdaşlıq məsələlərinin, eləcə də Azərbaycanda mövcud siyasi durum, seçki mühiti, söz, media, sərbəst toplaşmaq azadlıqlarının, ümumilikdə insan haqlarının durumu ilə bağlı müzakirələrə dəvət edildiyi bildirilir (musavat.com).

***

Milli Şuranın prezidentliyə vahid namizədi yenidən Vaşinqtona səfər edəcək. “Turan” agentliyinin xəbərinə görə iyulun ortalarında ABŞ Konqresinin Helskinki komissiyası Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirəcək və bu dinləmələrə İbrahimbəyov, bloqqer Emin Milli və bir sıra müxalifət liderləri dəvət olnublar. Xəbərdə deyilir ki, sabah iyulun 3-də bir qrup amerikalı konqresmen və senator Türkiyə, Azərbaycan və Macarıstana səfərə çıxacaq. Nümayəndə heyətinin tərkibinə Helsinki komissiyasının həmsədri Kristofer Smit, konqresmen Robert Aderholt, senator Rocer Uiker və digərləri daxildir. Bu səfər Helsinki komissiaysında keçirilən dinləmələr ərəfəsində baş verir. Nümayəndə heyətinin tərkibində konqresmen Tom Koul, senator Maykl Krapo, konqresmen Dok Hastinqs də daxildir.