Bu da yeni iş yerləri ilə bağlı böyük şişirtmənin rəsmi sübutu

Statistika Komitəsinin rəsmi rəqəmləri 1 milyon yox, 400 min iş yerinin açılmasını göstərir

Illərdir bütün dövlət təbirlərində başda Ilham Əliyev olmaqla hökumət rəsmiləri yeni iş yerlərinin açılması ilə bağlı fəxrlə bəyanat verirlər. Axırıncı belə açıqlama YAP-ın qurultayında səsləndi və son 10 ildə 1 milyon 100 min yeni iş yerinin açılması bəyan edildi. Həmin gün – 7 iyun 2013-cü ildə keçirilən tədbirdə Ilham Əliyev demişdi: “Ikinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır” (mənbə: http://www.president.az/articles/8404).

Maraqlıdır ki, eyni rəqəm 2012-ci il başa çatarkən də deyilmişdi, sadəcə o zaman  bu qədər iş yerinin 9 il ərzində açıldığı söylənilmişdi: “Bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox iş yeri açılmışdır” (mənbə: http://president.az/articles/7046).

Bu yazıda əsas məqsəd bu cür təzadları göstərmək deyil.  Artıq bizim əlimizdə Dövlət Statistika Komitəsinin elə rəqəmləri var ki, bunlar yeni iş yerləri ilə bağlı elan olunan rəqəmlərin hədsiz şəkildə şişirdildiyini sübut edir. Hakimiyyətin yeni iş yerləri ilə bağlı elan etdiyi rəqəmlərin şişirtmə olması haqda çox yazılıb, çox deyilib, mütəxəssislər həmin iddiaların yalan olması haqda müxtəlif həqiqi sübutlar gətirib. Bu dəfə heç bir dolayı üsula əl atmadan, birbaşa rəqəmlərlə reallığın nədən ibarət olduğunu söyləyə bilərik. 

Gəlin əvvəlcə, hakimiyyətin elan etdiyi rəqəmi dəqiqləşdirək. Daha əvvəlki tarixi götürək, tutaq ki, 2012-ci ildə bəyan edilənləri. Həmin bəyanata görə, 100 mini 2012-ci ildə olmaqla son 9 ildə 1 milyon 100 min iş yeri açılıb.  Yəni 2003-dən 2011-ci ilə qədər ölkəmizdə 1 milyon iş yeri açılıb.

Indi isə Dövlət Statistika Komitəsinin öz saytında “Əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri” bölümündə “Iqtisadi fəal əhali (dinamika)” cədvəlinə baxaq. Həmin cədvəldə 3 adda göstərici sizin diqqətinizi xüsusi çəkə bilər:

1) Iqtisadi fəal əhalinin sayı;

2)Iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar;

3) Işsizlər.

Buradakı 2-ci göstərici – “Iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar” elə bütün ölkədə işləyənləri, həm də bütün iş yerlərinin sayını göstərir. Yeri gəlmişkən, bu cür yanaşmada haqlı olduğuma əminliyim üçün tanınmış iqtisadçı Rövşən Ağayevlə məsləhətləşdim, Rövşən bəy də tamamilə və birmənalı şəkildə doğru olan bir göstəricini seçdiyimi təsdiqlədi. Rəsmi cədvəldə 2003-dən 2011-ə qədər bütün illərə aid göstəricilər var, yəni burada işləyən əhalinin, yaxud da iş yerlərinin illər üzrə artımını da görə bilərik. Cədvəldəki rəqəmlərə baxaq (mənbə: http://www.stat.gov.az/source/labour/):

İllər  Rəsmi statistikada məşğul əhalinin sayı cəmi (min nəfər)

2003  3972,6

2004  4016,9

2005  4062,3

2006                                             4110,8

2007  4162,2

2008  4215,5

2009  4271,7

2010  4329,1

2011  4375,2

Bu cədvəldə hər ilin qarşısında cəmi işləyən əhalinin ölkədəki sayı göstərilib. Rəsmi rəqəmlərdir. Gördüyünüz kimi işləyənlərin sayı hər il artıb. Gəlin bu rəsmi cədvələ daha bir sütun artıraq və hər il növbəti ilə nisbətən işləyənlərinin sayının nə qədər artdığını sadəcə çıxma əməli tapaq və ora əlavə edək. Bu cədvəl yeni iş yerlərinin dinamikasını konkret rəqəmlərlə göstərəcək. 

İllər  Məşğul əhalinin sayı cəmi (min nəfər)  Əvvəlki ilə görə məşğul olan əhali sayında artım – yeni iş yerləri (min nəfər)

2003  3972,6  –

2004  4016,9  44,3

2005  4062,3  45,4

2006  4110,8  48,5

2007  4162,2  51,4

2008  4215,5  53,3

2009  4271,7  56,2

2010  4329,1  57,4

2011                                                                4375,2   46,1

Cəmi artım 2003-2011 (min nəfər)  402, 6

Cədvəldəki cəmi artımı elə qısaca olaraq 2011-ci ildə cəmi işləyənlərin sayından 2003-cü ildə cəmi işləyənlərin sayını çıxaraq da almaq olar: 4375,2 -3972,6=402,6 min nəfər. 

Bu, Dövlət Statistika Komitəsinin rəqəmlərində görünən yeni iş yerləridir. Indi özünüz nəticə çıxarın, elan olunan 1 milyon yeni iş yeri hara, statistikada rəsmi əksini tapan 402 minlik yeni iş yeri hara? Şişirtməni görmək üçün başqa bir sübuta ehtiyac qalmır…