Milli Şura yarandı.
Milli Şuranın əhəmiyyəti nədir?
Birincisi, bu qurum, demək olar, bütün müxalifət spektrini əhatə edir. Başqa sözlə, müxalifətin ənənəvi bəladan – iki-üç yerə parçalanmaq təhlükəsindən canı qurtuldu. Indi o, vahid və bütövdür. Hamı bir yerdə məsuliyyəti bölüşür (qələbəni də, iraq olsun, məğlubiyyəti də). Təkəbbürdən və lovğalıqdanÿhələ xilas ola bilməyən bizlər deyə bilməyəcəyik ki, bu qələbə “mənim” xidmətimdir. Burada söhbət bizdən gedəcək.
Ikincisi, xalq mövcud hakimiyyətin dəyişməsini istəyən qüvvələri bir yerdə görüb ürəklənəcək. Zatən əvvəlki dövrlərdəki pərişanlığın sadə səbəbi də elə bu idi və təəssüflər (nə yaxşı ki, bu söz iki “ə” və iki “s” ilə yazılır) olsun ki, bu sadə gerçəklik praktik addımlar atılanda unudulurdu. Əsas məsələ odur ki, xalqın gözləntiləri gerçəkləşəndən sonra xalq özü də öz məsuliyyətini dərk edəcək, yəni birliyin arxasında durmağı özünün borcu hesab edəcək. Belə məsuliyyət hissi çox önəmli məsələdir.
Üçüncüsü, dinc seçkidə MŞ qalib gələcək. Burada insanlar bir nəfərə yox, quruma, onun missiyasına dəstək verəcək. Və dəstək səsvermə zamanı mütləq qalibiyyəti təmin edəcək, buna heç kəsin şübhəsi olmasın. Əgər iqtidar oyunbazları və onları yenə iqtidarda görmək istəyən kənardakı oyunbazlar prosesləri məcradan çıxarıb kütləvi repressiyalar üçün bəhanə tapmasalar, MŞ içəridən sarsıdıcı zərbə almasa, seçkidən güclü çıxacaq bu qurum hakimiyyəti psixoloji olaraq sındıracaq və o, 2003-cü ildəki kimi saxtalaşdırmağa əl atmaqdan çəkinəcək.
R.Ibrahimbəyov çox əhəmiyyətli bir tezis demişdi və təəssüf ki, bu, medianın diqqətini çəkmədi. O demişdi ki, MŞ ancaq seçki üçün nəzərdə tutulmayıb. Bu qurum seçki saxtalaşdırıldığı təqdirdə daha çox lazım olacaq və indiki hakimiyyət səhnədən gedənə qədər mübarizə aparacaq. Bu o deməkdir ki, iqtidar düşünməsin, keçici bir qüvvə ilə qarşılaşıb və seçkidən sonra həmin qüvvə ortadan qeyb olacaq.
MŞ təkcə yarış üçün yaradılmayıb. Onun missiyası indiki iqtidarı yola salmaqdır. Deməli, indiki iqtidar nə qədər varsa, bu qurum da var. Bu iqtidarı yola salandan sonra MŞ tarixi missiyasını başa vurub, yerini yeni legitim prezidentə, parlamentə və hökumətə verəcək.
Ərturan


