Nəşriyyat “Azadlıq”a 1 həftə vaxt verdi

Qəzet 20 min manata yaxın borcunu ödəməsə, çapı dayandırılacaq

“Azərbaycan” Nəşriyyatı ona olan borcuna görə “Azadlıq” qəzetinə xəbərdarlıq məktubu göndərib. Məktubda borcun ödənilməsi istənilir və bunun üçün qəzetə 1 həftə vaxt verilir. Məktubda deyilir:

“Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən 01.07.2013-cü il tarixinədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 17271 manat, kommunal xərclərinəgörə 2666,80 manat, cəmi isə 19937,80 manat debitor borcu yaranmışdır.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün tərəfinizdən kifayət qədər tədbir görülməmişdir. Bunun da nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşmüş, dövlət və sosial vergilərin, enerji daşıyıcılarının ödənilməsində, eləcə də işçilərin əmək haqlarının verilməsində çətinliklər yaranmışdır.
Yuxarıdakıları nəzərə alaraq 08.07.2013 cü il tarixinədək debitor borcların tam ödənilməsini sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və kommunal xidmətlərinin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində olacaqdır.