Milli Şura sədri mütləq əksəriyyətin səsini aldı; O, namizədin öhdəliklərini imzaladı (VİDEO)
Dünən Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirildi. Bu dəfə sessiyaya Milli Şura üzvü, AXCP sədri Əli Kərimli sədrlik edirdi. Ə.Kərimli sessiyanın gündəliyi barədə məlumat verdi. Məlum oldu ki, gündəliyə Işçi Qrupun keçid dövrü və Milli Şuranın vahid namizədinin öhdəlikləri haqqında hazırladığı memorandumun qəbulu, Milli Şuranın prezidentliyə vahid namizədinin müəyyənləşdirilməsi, Milli Məclisə, Baş Prokurorluğa və MSK-ya müraciət və vahid namizədin seçki qərargahının formalaşdırılması haqda tövsiyə xarakterli qərarın qəbulu və cari məsələlər daxildir.
AXCP sədri məlumat verdi ki, təşkilati məsələlər növbəti sessiyaya saxlanılıb, həmin toplantı da yaxın günlərdə olacaq.
Mitinq təklifi
Müsavat partiyasının üzvü Mustafa Hacıbəyli təklif etdi ki, gündəliyə mitinqlərə hazırlıq məsələsi də daxil edilsin, Mitinq Komitəsi formalaşdırılsın.
Ə.Kərimli bildirdi ki, bu sessiya hazırlanarkən mitinqlərlə bağlı təklif də müzakirə olunub: “Mitinq Komitəsinin formalaşdırılması istiqamətində də məsləhətləşmələr gedir. Amma təşkilati məsələlər yekunlaşmayıb, yəni, Mitinq Komitəsi yoxdur, növbəti sessiyada formalaşacaq. Üstəlik, mitinqlərin elan olunması böyük hadisədir, amma bu gün istər-istəməz günün hadisəsi prezidentliyə vahid namizədin müəyyənləşməsi olacaq. Bu mənada mitinqlərin təyin olunması mətbuat, ictimaiyyət üçün ikinci dərəcəli məsələyə çevrilə bilər. Amma Mustafa bəy israr edirsə, onun təklifi səsə qoyula bilər”.
Gündəlik yekdilliklə qəbul olundu.
Ardınca vahid namizədin öhdəliklərilə bağlı memorandum müzakirəyə çıxarıldı. Redaktə xarakterli təkliflər oldu. Qərara alındı ki, həmin xırda təkliflər katibliyə təqdim olunsun. Memorandum da yekdilliklə qəbul olundu.
“Bizim üçün əsas namizəd də, vahid namizəd də, ehtiyat namizəd də Ibrahimbəyovdur”
Daha sonra sessiyadakı əsas məsələ – Milli Şuranın prezidentliyə vahid namizədinin müəyyənləşdirilməsi məsələsi müzakirəyə çıxarıldı.
Milli Şura sədrinin Icra Aparatının rəhbəri, “EL” hərəkatının sədri Eldar Namazov bildirdi ki, demokratik qüvvələrin bir araya gəlməsi, seçkiyə vahid namizədlə qatılmaq kimi məsələlər təxminən üç ildir müzakirə olunur: “Azərbaycanın ictimai-siyasi həyatında Ziyalılar Forumunun yaranması çox önəmli hadisə idi. Ictimai qurumların, gənclərin vahid mövqeyi var idi ki, siyasi partiyalar, vətəndaş cəmiyyəti üzvləri və s. birləşsin və bu birlik avtoritarizmdən demokratiyaya keçidi təmin etsin. Həmin dövrdə bir çox ziyalıların adları çəkilirdi ki, kimin ətrafında birlik yarana bilər, kimin namizədliyini irəli sürə bilərik. Bunu xatırlatmağımın səbəbi var. Bəzi mətbuat orqanlarında müzakirələr açılıb ki, Rüstəm Ibrahimbəyovun namizədliyi haradan ortaya çıxdı? Bəs üç ildir bu müzakirələr nəyin ətrafında gedirdi? Neçə ildir davam edən bu müzakirələr son dövrlərdə bir insanın üzərində cəmləşmişdi. Çünki onun ortaya qoyduğu mövqe diqqəti cəlb eləmişdi, birləşdirici fiqur kimi, Milli Şuranın yaranmasında da onun böyük rolu olub. Bəllidir ki, Milli Şura ideyasını da Rüstəm Ibrahimbəyov irəli sürmüşdü. Dünən EL Hərəkatının toplantısı olub və bizim üçün əsas namizəd də, vahid namizəd də, ehtiyat namizəd də Rüstəm Ibrahimbəyovdur”.


“Bu, məhz Azərbaycan variantı olacaq!”
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da Rüstəm Ibrahimbəyovun namizədliyini dəstəklədikləri bildirib: “Partiyamızın lideri Lalə Şövkət Milli Şuranın vahid namizədinin Rüstəm Ibrahimbəyov olması fikrindədir. Mən Milli Şura üzvlərindən Ibrahimbəyovu dəstəkləməyi xahiş edirəm. Heç bir ölkənin prezidentliyə namizədi Oskar mükafatı laureatı olmayıb. Azərbaycanı dünyada tanıdan, dünya mədəniyyətinin intellektuallarından birini vahid namizəd seçərək, onun prezident kürsüsündə əyləşməsini təmin edərək, onun rəhbərliyi altında demokratik islahatlar keçirsək, bu artıq nə Ukrayna, nə Gürcüstan variantı olacaq, bu məhz Azərbaycan variantı olacaq”.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Milli Şuranın yaradılmasını Azərbaycan siyasətçilərinin yetkinliyinin göstəricisi hesab etdi: “Azərbaycanın iddialı siyasətçiləri, prezidentliyə namizəd olmağa iddialı şəxslər bu gün ciddi addım ataraq, öz iddialarından müvəqqəti də olsa, geri çəkilirlər, bir ziyalımızın ətrafında birləşmək niyyətini ortaya qoyurlar. Açıq Cəmiyyət Partiyası da Milli Şuranın vahid namizədilə bağlı öz qərarını verib. Rəsul Quliyev də prezidentliyə namizəd olmaq fikrində idi. Ancaq o, öz iddiasından geri çəkildi və Rüstəm Ibrahimbəyovun namizədliyinin dəstəklənməsi barədə qərar qəbul etdi. Hesab edirəm ki, uğurlu seçimdir və Azərbaycanın ictimai-siyasi kəsimini də qane edir”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif Ismayılbəyli bildirdi ki, Azərbaycan xalqının maraqları, uşaqların, gənclərin gələcəyi naminə Rüstəm Ibrahimbəyovu dəstəkləyir.
ACP üzvü Zəminə Dünyamalıyeva bildirdi ki, Rüstəm Ibrahimbəyov demokratik qüvvələri bir araya gətirməyə nail olubsa, bunun özü onun siyasi səriştəsindən xəbər verir.
Çıxışlar zamanı əsas müxalifət partiyalarının ötən uzun müddətdə bir araya gələ bilməməsilə bağlı təəssüf də ifadə olundu.
“Bu qərar siyasi partiyaların vətəndaşlarımıza güzəştidir”

AXCP sədri Əli Kərimli çıxışında bu irada cavab verməklə yanaşı, həm də lideri olduğu partiyanın vahid namizədlə bağlı mövqeyini də açıqladı: “Keçmişi də, bugünkü hadisələrə münasibəti də, hətta gələcəyə baxışı da müəyyən məqamlarla üst-üstə düşməyən qüvvələr bu gün bir təşkilatda birləşib, bir vahid namizəd müəyyənləşdirirsə, bu işi görən adamlara açıq və ya dolayı tənələr tamamilə yersizdir. Bu gün Milli Şurada bir araya gəlməyimiz, vahid namizəd irəli sürməyimiz bizim qərarımızdır. Biz bu yola gələ bilmişik. Seçkilərə il yarım qalmışdan Azərbaycanın demokratik qüvvələri aramsız müzakirələr aparır, çıxış yolu arayır. Xalqımızla açıq danışırıq ki, ölkədə demokratik seçki mühiti yoxdur. Siyasi partiya rəhbərlərinin ayrı-ayrılıqda seçkiyə gedib uğur qazanmaq imkanı yoxdur. Bu, bizim suçumuz deyil. Bütün dünya qəbul edir ki, Azərbaycanda formalaşmış avtoritarizm var. Formalaşmış avtoritarizmin olduğu hansı başqa ölkədə 5-10 partiyanın lideri ayrı-ayrılıqda seçkiyə qatılıb uğur qazanıb? Hansı ölkədə bütün müxalifət qüvvələri bir arada olub, bir cəbhədə birləşib? Belə hallar tarixi məqamlarda olur. Millət artıq o həddə gəlib çatır ki, bütün başqa yollar tıxanır, demokratiyanın önünü açmaqdan ötrü hamı bir araya gəlməyin zəruriliyini dərk edir, bir araya gəlmək üçün də hamı güzəştlərə hazır olur. Azərbaycan xalqı indi o məqama gəlib çatıb. Siyasi partiyalar sıravi üzvlərindən liderlərinə qədər həmin o kompramis mövqeyə gəlib çatıb.
Bu gün qəbul olunacaq qərar həm də siyasi partiyaların Azərbaycanın vətəndaş cəmiyyətinə, heç bir partiyanın üzvü olmayan vətəndaşlarımıza bir güzəştidir. Bu günə qədər kimlərsə öz fəaliyyətsizliklərinə, mübarizədən kənarda qalmalarına bəhanə gətirirdilər ki, siyasi partiyaların ambisiyaları, onların iddialarından geri çəkilməməyi bütövlükdə xalqın prosesə qoşulmasına imkan vermir. Buyurun, demək olar ki, bütün siyasi partiyalar əməldə sübut edir ki, bizim üçün ölkəmizin, xalqımızın maraqları şəxsi və partiya maraqlarından üstündür.
Bu yerdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının adından demək istəyirəm ki, bizim də müzakirələrimiz olub və hesab edirik ki, bir araya gəlməklə, Milli Şuranı yaratmaqla tamamilə doğru addım atmışıq. Bu gün də növbəti müsbət, qələbəyə doğru addımımızı atıb vahid namizədi müəyyənləşdirməliyik. Biz də hesab edirik ki, xüsusilə son illərdə sərgilədiyi mövqeyə, Milli Şuranın formalaşmasındakı səylərinə, Azərbaycan xalqı arasında və dünyada nüfuzuna, həmçinin üzərinə götürdüyü konkret öhdəliklərə görə hesab edirik ki, vahid namizəd Rüstəm Ibrahimbəyov ola bilər. AXCP bu namizədi dəstəkləyir.
Bu gün verilən qərar tarixi qərardır, hər gün hər ölkədə verilməyən qərardır. Bunu qiymətləndirmək lazımdır. Və bu, bizim qərarımızdır, biz bunu dərk edib gəlmişik”.


“Bu hakimiyyət ölkə üçün milli təhlükəsizlik probleminə çevrilib”
Bakı Kəndlər Birliyindən Hacı Əmrulla Dadaşzadə də Rüstəm Ibrahimbəyovun namizədliyinin səsə qoyulmasını təklif etdi.
Ibrahim Ibrahimli də Rüstəm Ibrahimbəyova dəstəyini ifadə etdi: “Ənənəvi müxalifət” adlandırılan adamların 20 illik ardıcıl mübarizəsi Azərbaycanda demokratiyanı ayaqda saxladı. Bu illərdə fədakarlıq və nümunə göstərən ənənəvi müxalifətə təşəkkür etmək lazımdır. 20 ildir bu insanlar meydanlardan zindanlara, zindanlardan meydanlara gedir. Bu adamlara eşq olsun! Indiki hakimiyyət ölkə üçün milli təhlükəsizlik probleminə çevrilib, ölkədə ölüm-qalım məsələsi gedir. Belə vəziyyətdə millətin sosial sifarişi olub: vahid platforma, komanda və namizəd. Rüstəm Ibrahimbəyovun 74 yaşı var, onun yaradıcılığıyla tanışam. Çoxları onun rusdilli olduğunu deyir, əgər “Yaxşı padşahın nağılı”nı yazan Anar kimi yazıçı olmaqdansa elə Rüstəm Ibrahimbəyov olub “Dalğaların düzənlənməsi”ni yazmaq lazımdır. Rafael Hüseynov kimi, “Vaxtdan uca” romanını Azərbaycan dilində yazmaqdansa, Rüstəm Ibrahimbəyov kimi “Bir cənub şəhərində”nin ssenarisini yazmaq lazımdır. Bunun Rusiyanın ssenarisi olduğunu deyirlər, bəli, Azərbaycanda böyük dövlətlərin marağı var. Amma mən bu hadisənin Moskvanın ssenarisi olduğuna inanmıram. Yaşının ahıl çağında onun Rusiyanın oyuncağına çevriləcəyinə inanmıram. Sadəcə, Rüstəm Ibrahimbəyov Amerikada, Avropada, Rusiyada yaşayıb, demokratiya uğrunda mübarizə aparan ziyalıları görür, Azərbaycanda da ləyaqətli cəmiyyətin yaranması üçün təşəbbüsü və məsuliyyəti öz üzərinə götürüb”.
Politoloq Zəfər Quliyev də bildirib ki, reallığı nəzərə alaraq, hesab edir ki, vahid namizəd Rüstəm Ibrahimbəyov olmalıdır: “Amma Ibrahimbəyovu namizəd seçməklə qapılar açılmır, ciddi işlər qarşıdadır. Qısa müddətdə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox işlər görülməlidir. Bu dəfə real şans yaranıb qalib gəlməyə. Rüstəm Ibrahimbəyovla bağlı narahatlıq doğuran məqamlar da var. Ibrahimbəyovun namizədliyinin qeydə alınması, ölkəyə buraxılmaması kimi riskə imza atırıq. Amma risk artdıqca qələbə şansları da artır. Heç bir eyforiyaya qapılmadan ciddi işlərə başlamalıyıq”.
Daha sonra Eldar Namazov məlumat verdi ki, Rüstəm Ibrahimbəyovla əlaqə saxlayıb və öhdəliklərə imza ataraq, elektron poçta göndərib.
Müsavat İbrahimbəyovun namizədliyini dəstəkləyir, amma…


Müsavat başqanı Isa Qəmbər çıxışında bildirdi ki, lideri olduğu partiya Rüstəm Ibrahimbəyovun vahid namizədliyini dəstəkləyir. Amma onun namizədliyi qeydə alınana qədər Müsavatın seçkiyə Isa Qəmbərin namizədliyilə getmək barədə yanvarda qəbul etdiyi qərar qüvvədə qalır: “Milli Şuranın yaranmasının bəlkə də ən önəmli cəhətlərindən biri xalqın, beynəlxalq ictimaiyyətin diqqətini seçkilərə cəlb etməsidir. Milli Şuranan fəlsəfəsi ölkədə hakimiyyətin dinc yolla dəyişməsi, bu məqsədlə də bütün demokratik potensialın bir araya gətirilməsidir. Seçki mövzusu müzakirə olunarkən biz Müsavat partiyası olaraq, dəfələrlə bildirmişdik ki, demokratik düşərgənin əsas namizədinin tanınmış intellektuallardan birinin olması tamamilə mümkündür. Biz bu fikri səsləndirərərkən mümkün saydığımız namizədlərdən biri məhz Rüstəm Ibrahimbəyov olub. Əgər Milli Şura yaranmamışdan əvvəl Ibrahimbəyovun namizədliyini Müsavat mümkün hesab edirdisə, təşkilat yaranandan sonra Rüstəm bəyin vahid namizədliyi artıq bizim üçün prioritet xarakter alıb.


Indiki mərhələdə Rüstəm Ibrahimbəyovun vahid namizəd müəyyənləşdirilməsinin çoxlu müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də qalmaqda davam edir. Bu risklərdən birini biz artıq həll etdik. Vahid namizədin üzərinə götürdüyü öhdəliklərlə bağlı kifayət qədər mükəmməl bir sənəd hazırlandı. Artıq Rüstəm bəy də həmin öhdəliklərə imza atıb. Amma digər risklər qüvvədə qalır. Rüstəm bəy ölkəyə gələ biləcəkmi? Deyir ki, ayın sonuna qədər Azərbaycana dönəcək və biz də ona inanmaq istəyirik. Ümid edirik ki, bir aydan sonra “yüz minlik mitinq yığışsın, sonra gələrəm”, “mən qeydiyyatdan keçim, sonra” bəyanatını eşitməyəcəyik. Vahid namizədin iştirak etmədiyi seçki prosesi ciddi siyasi prosesdən tragikomediyaya dönə bilər. Heç kim bu riskin dilə gətirilməsini başqa səbəblərlə izah etməməlidir. Bizim marağımız Milli Şura ideyasının baş tutması, bizim hədəflərimizə çata bilməyimizdir.
Ikinci bir risk namizədin qeydə alınmaması məsələsidir. Dostlarımız deyir ki, bu risk hamıya aiddir. Təbii ki. Ölkədə qəddar, heç bir qanunu, Konstitusiyanı tanımaq istəməyən avtoritar rejim formalaşıb. Bu rejimdən istənilən yanlış qərarlar gözləmək mümkündür. Amma söhbət orasındadır ki, vahid namizədin qeydə alınmaması artıq Milli Şuranın seçkidən kənarda qalması deməkdir. Ona görə də yolu tapılmalıdır ki, heç bir vəziyyətdə Milli Şura seçkilərdən kənarda qalmasın. Biz bu fikri səsləndirərkən dostlarımız deyir ki, bu variantda hakimiyyətin namizədlər arasında seçim etmək imkanı yaranır. Bəli bu risk var. Vahid namizədlə yanaşı, başqa namizədlər də olacaqsa, belə risk var. Amma digər tərəfdən, bütün demokratik düşərgənin seçkilərdən kənarda qalmaq təhlükəsi var. Bütün bu məqamları nəzərə alaraq, Müsavat Partiyası geniş müzakirələrdən sonra öz qərarını qəbul edib. Müsavat Partiyası olaraq, biz Milli Şuranın yaradılması ideyasını dəstəkləyərək, vahid namizədin öhdəliklərini məqbul sayaraq, Rüstəm Ibrahimbəyovun Milli Şuranın vahid namizəd olmasını qəbul edirik. Eyni zamanda, Milli Şuranın Bəyannaməsində göstərildiyi kimi, ölkədə dəyişikliklərin məhz seçkilər yolu ilə həyata keçirilməsini nəzərə alaraq, Milli Şuranın vahid namizədinin qeydə alınmasına qədər Müsavat Məclisinin prezident seçkisində iştirakla bağlı 4 yanvar 2013-cü il tarixli qərarı qüvvədə qalır”.
Isa Qəmbər qərarı Eldar Namazova təqdim etdi.
Əli İnsanovdan İbrahimbəyova dəstək gəldi


Keçmiş daxili işlər naziri Isgəndər Həmidov bu yaxınlarda Şamaxıda olduğunu və orada Rüstəm Ibrahimbəyova dəstəyin şahidi olduğunu dedi: “Bu hakimiyyət istəsə də, istəməsə də, Rüstəm Ibrahimbəyovu çiynimizə alıb Prezident Administrasiyasında oturdacağıq”.
KXCP sədri Mirmahmud Mirəlioğlu vahid namizədin müəyyənləşməsini böyük nailiyyət kimi qiymətləndirdi: “2013-cü ilin yanvarında KXCP Ali Məclisi seçkidə öz namizədilə iştirak etmək qərarı vermişdi. Lakin sonrakı müzakirələr nəticəsində digər demokratik qüvvələrlə bir arada olmaq qərarı vermişik. Bu gün Rüstəm Ibrahimbəyovun namizədliyini təqdir edirik, uğurlu sayırıq və hazırkı vəziyyətdən çıxış yolunda mühüm addımlardan biridir”.
“EL” hərəkatı Idarə Heyətinin üzvü Köçəri Nağıbəyli hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli Insanovun Rüstəm Ibrahimbəyovun vahid namizədliyini dəstəklədiyini elan etdi.
“EL” hərəkatının sədri Eldar Namazov Isa Qəmbərin çıxışında vahid namizədin Azərbaycana qayıtması barədə fikirlərini xatırladaraq dedi ki, Rüstəm Ibrahimbəyovun qeydiyyatıyla bağlı hüquqşünaslar işləyirlər: “Təbii ki, rejimin nə cür addım atmasını heç kim deyə bilməz. Ancaq bir şeyi deyim ki, biz özümüz namizədimizin qeydə alınmasına əmin olmasaq, o zaman məğlub psixologiyasıyla seçkilərə gedəcəyik. Ona görə də daxilən qərarımızı verək ki, namizədimiz var, o seçkilərə qatılıb qalib gəlmək əzmindədir”.
Vahid namizəd bəlli oldu!


Bunun ardınca Rüstəm Ibrahimbəyovun Milli Şuranın vahid namizədi elan edilməsi məsələsi səsə qoyuldu. Səsvermə nəticəsində 1 nəfər – VHP Ali Məclisinin sədri Rafiq Manaflı bitərəf qalmaqla, Rüstəm Ibrahimbəyovun vahid namizədliyi yekdilliklə qəbul olundu.
Milli Şuranın sədri və prezidentliyə namizədliyinə seçki qərargahının yaradılması təklifilə bağlı tövsiyə xarakterli qərar da yekdilliklə qəbul olundu.
Əliyevin qanunsuz əməlləri haqda müraciət
Bundan sonra Milli Şuranın YAP-ın namizədi Ilham Əliyevin qeyri-qanuni əməllərilə əlaqədar Milli Məclisə, Baş Prokurorluğa, MSK-ya ünvanlanan müraciət layihəsi müzakirəyə çıxarıldı.
Müraciətdə Dubayda Əliyevin övladlarının adına 75 milyon dollarlıq villaların olması, onun ailə üzvlərinin banka, qızıl mədənlərində paya sahib olması, Kojeni ilə korrupsiya qalmaqalı və s. faktlar barədə yerli və beynəlxalq mediada yayılmış məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, sadalanan faktlar Ilham Əliyev və onun ailə üzvlərinin prezident seçkisində namizəd kimi iştirak etməyə nə mənəvi, nə də hüquqi baxımdan haqlarının çatmadığını ortaya qoyur. Üstəlik, xalqdan oğurlanan pulları dünyanın offşor zonalarında və banklarda saxlayan Əliyev xarici ölkələrdən asılı vəziyyətə düşüb və Azərbaycanın maraqlarını təmsil etmək imkanından məhrumdur.
Bu faktların yoxlanılması üçün araşdırmalara başlamaq tələb olunur.


Müraciət layihəsinin müzakirəsi zamanı sənədə əlavə və dəyişikliklərlə bağlı AXCP sədrinin müavini Nurəddin Məmmədli, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli və digərləri təkliflərini səsləndirdilər. Qərara alındı ki, müraciət layihəsində təkliflər nəzərə alınsın və vahid namizəd Rüstəm Ibrahimbəyovun imzasıyla adıçəkilən qurumlara ünvanlansın. Həmçinin müraciətin surətinin beynəlxalq təşkilatlara da göndərilməsi nəzərdə tutulub.
Cari məsələlərin müzakirəsi zamanı ALP sədri Əvəz Temirxan son vaxtlar güclənən repressiyalarla bağlı Milli Şuranın xüsusi bəyanatla çıxış etməsini təklif etdi. O bildirdi ki, əsassız yerə həbs olunan Müsavat başqanının müşaviri Yadigar Sadıqov, Prezidentin Işlər Idarəsinin keçmiş müdiri Akif Muradverdiyev siyasi məhbus kimi tanınmalıdır.
Sonda çıxış edən “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev vahid namizədin müəyyən olunmasını “tarixi qərar” kimi qiymətləndirərək, qeyd edib ki, siyasət gündəlik işdir. Bu istiqamətdə gündəlik çalışmadan uğurlu nəticəyə nail olmaq mümkün deyil.
Rahim Hacıyev həmçinin diqqəti azad sözə qarşı basqılara yönəltdi. Bildirdi ki, hakimiyyət “Azadlıq”ı susdurmaq cəhdlərindən əl çəkmir və bu dəfə öz nəzarətində olan, YAP-çı deputatın rəhbərlik etdiyi “Qasid” yayım firması vasitəsilə bunu həyata keçirməyə çalışır. “Qasid” “Azadlıq”ın satılmış nüsxələrinin pulu olan təxminən 40 min manatı vermədiyindən qəzet də nəşriyyata borcunu ödəyə bilmir və bu səbəbdən çapını dayandırmaq təhlükəsilə üz-üzə qalıb: “Ümid edirəm ki, Milli Şura və demokratik ictimaiyyət ”Azadlıq”ı tək qoymayacaq”.


Xəyal Babayev



