Aslan İsmayılov: «Həmin prosesi qarışdırmaq istəyən çox adam var»
Bakı şəhər Prokurorluğu iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş vermiş insidentlə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, iyunun 28-də saat 15 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclas zalında Hümbət Məmmədov və qeyrilərinin işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin tanışı Məmmədhüseyn Qurbanov bir qrup şəxslə onlara təyin ediləcək cəzaya etirazlarını bildirərək, məhkəmənin fəaliyyətinə müdaxilə ediblər.
Onların məhkəmənin binasında və küçədə etdikləri hərəkətlər nəticəsində məhkəmə binasının pəncərə şüşələri və giriş qapısında quraşdırılmış metal-axtarış avadanlığı sındırılıb, məhkəmənin 2 saata yaxın fəaliyyəti dayandırılıb, həmçinin məhkəmənin icra məmurları və Penitensiar Xidmətin nəzarətçilərinə zor tətbiq edilib.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq), 286.1 (ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə cinayət işi başlanıb, Məmmədhüseyn Qurbanov həbs olunub.
Sözügedən məhkəmə prosesində zərərçəkmiş tərəfin hüquqlarını qoruyan vəkil Aslan Ismayılov “musavat.com”a açıqlamasında bildirib ki, Hümbət Məmmədov və onun müdafiəçisi belə hadisələrlə törətdiyi cinayəti ikinci plana keçirməyə cəhd edir: “Həmin prosesi qarışdırmaq istəyən çox adam, o cümlədən vəkillər var. Proses iştirakçılarının arasındakı münasibətləri qızışdırırlar ki, orada bir qan, dava salsınlar. Məqsədləri Hümbətin məsələsini ikinci plana keçirməkdir”.


