Çingiz Abdullayev: «İranla danışıq aparanda Elmar Məmmədyarova deyiblər ki, sizin bir dəli yazıçınız var…»
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev APA-ya müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik:
– Yazıçılar Birliyinin sədrliyi məsələsi gündəmə gələndə, iki nəfərin adı daha çox hallanır: sizin və Rəşad Məcidin…
– Öz adıma inanmıram, amma Rəşad Məcidin adı hallansın. Bilirsiniz, adam nə qədər çox tanınırsa, onu sevməyənlərin sayı da çox olur. Bunu mən bilirəm, ona görə də xüsusi iddiam yoxdur. Mən “Pen Klub”un prezidentiyəm, vəzifəm var. Bir dostum var, deyir, xalq yazıçısı olmusan, bundan sonra beynəlxalq yazıçı olmayacaqsan ki.
– Adamlarda nəyə görə belə fikir formalaşıb ki, Anar sədrlikdən getmək istəsə, bu vəzifəyə Çingiz Abdullayev gələcək?
– Bəlkə bu onunla bağlıdır ki, mən Anar müəllimlə 20 ildir bir yerdə çalışıram. Bəlkə mən təşkilat məsələləri üzrə katibəm, maliyyə məsələlərinə baxıram. Anar vəzifədən getsə də, sədr olmaq fikrim yoxdur. Bunu yazıçılar seçirlər.
Yazıçılar məni seçsələr də, sağ olsunlar, seçməsələr də! Məni oxuyanlar da sağ olsunlar, oxumayanlar da. Həmişə deyirəm, mənim kitablarımı oxumasanız da olar, amma kitab oxuyun.
– Deyirsiniz ki, yazıçılıqdan çətin peşə yoxdur. Bəlkə bu fikrə düşməyiniz peşənin perspektivsizliyi, yazıçının cəmiyyətdə nüfuzunun olmaması ilə bağlıdır…
– Yox, bununla qəti bağlı deyil. Siz niyə belə düşünürsünüz? Son 25 ildə Milli Məclisdə təmsil olunan yaradıcı adamlardan ən çoxu yazıçılardır.
– Amma siz yoxsunuz…
– Mən ona görə yoxam ki, özümü təqdim etməmişdim. Namizədliyimi versəydim, bəlkə məni də seçərdilər, səs verərdilər. Cəmiyyətdə ən hörmətli insanlar elə yazıçılardır, siz nə danışırsınız? Cavansınız, xatırlamırsınız, xalq hərəkatı başlayanda insanlar məhz yazıçıların evlərinə gəlirdilər. Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun, Ismayıl Şıxlının, Sabir Rüstəmxanlının yanına insanlar gəlirdilər, məsləhət edirdilər, onlardan tələb edirdilər ki, bizə yol göstərin. Azərbaycanda indiyəcən yazıçıya hörmət qalıb. Bəlkə dünyada elə ikinci belə şəhər yoxdur ki, şairlərə bu qədər heykəl qoyulsun. Bizim şairlər Iranda həbs olunanda, mən “Pen Klub” vasitəsilə dünyaya müraciət elədim. Elmar Məmmədyarov şəxsən mənə dedi, Iranla danışıq aparanda mənə dedilər ki, sizin bir dəli yazıçınız var, “Pen Klub”un prezidenti, o, bütün dünya “Pen Klub”larını bizim üstümüzə qaldırıb. Bu nə etmək istəyir, bizə nə qədər məktublar gəlir ki, şairləri azad edin.
– Məmurlara ağız açanda sözünüzü eşidirlər?
– Açığı, bəli, sözümü eşidirlər. Bəlkə ona görə ki, nazirlər mənim kitablarımı oxuyurlar. Mən Bakıda anadan olmuşam, Bakıda böyümüşəm. Atam, anam vəzifələrdə çalışıblar. Bir yerdə böyüdüyüm, indi nazir olan adamlar var. Bəzilərini 30-40 ildir tanıyıram. Bizim futbol komandamız vardı, sonradan hesabladıq ki, həmin komandada 14 general olub. Bizim qapıçımız Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev, ən yaxşı müdafiəçimiz Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev, kapitanımız indiki “Standart Bank”ın vitse-prezidenti Rəhman Babayev idi. Istəsəniz, nazirləri də deyə bilərəm, mən onları özümə həqiqi dost bilirəm. Məsələn, Əbülfəs Qarayev, Azad Rəhimov, Samir Şərifov, Elmar Məmmədyarov və s. Indi müsahibəni oxuyanda adamlar yanıma gələcəklər ki, nazirlərdən xahiş elə, işimiz düzəlsin (gülür). Amma mən dostlarıma belə şeylərdən ötrü zəng etmərəm.
– Müsahibənizdə demisiniz ki, xalq yazıçısı adı mənim üçün “Nobel”dən üstündür. Bəlkə bu mükafatı ala bilmirsiniz, ona görə belə demisiniz?
– Mənim 16 fəxri mükafatım var. Mən xalq yazıçısı adını alandan sonra əsassız ittihamlardan qorundum. Açıq danışaq, yazıçı təvazökar ola bilməz. Bəli, mən “Nobel” mükafatı da istəyirəm, çox istəyirəm. Nəinki mən, Azərbaycandan hansı yazıçı bu mükafatı alsa, sevinərəm.


