Lal üsyan

Oğlum onuncu sinfin yay imtahanlarını verəndən sonra üç ay tətilini hardasa işləməklə keçirmək istədi. Iş axtarmağa başladı. Fikri buydu ki, işləyib bir az para qazansın, yeni dərs mövsümündə əlavə məşğələlərin yükünə az da olsa çiyin verə bilsin. Düzü, mən də bəyəndim bu fikri. Üstəlik, bir az həyatı da öyrənər, düşündüm.

Bir şadlıq evindən söz verdilər. Daha doğrusu, hələ imtahanlara 10 gün qalmış danışılmışdı. Iyun girəndə, yəni imtahanlar bitən kimi, işə başlayacaqdı. Vədə yetişəndə “bir ay gözlə” dedilər, guya orucluq başlayırmış. Boynuma alım ki, mən də elə bildim, doğru deyirlər, orucluq başlayır. Ancaq sonra ard-arda gələn toy dəvətnamələrini görüncə anladım ki, aldanmışıq.

Sonra bir çayçıda iş təklif elədilər. Tanışlıqla-zadla hələ. On gün də onları gözlədi. Dedim, başqa iş ara, vaxt gedir. Yox, dedi, söz vermişəm, aldada bilmərəm. Ürəyim sızladı. Ah, yazıq övlad, bixəbər övlad, dedim. Aldada bilməzsən, eləmi? Səni o qədər aldatsınlar ki! Onda bilərsən, söz vermək nədi. Bu ölkəni, söz verə-verə millət vəkili olanlar, dövlət başçıları nə günə qoydu, nə yalanlar dedilər, necə kələk gəldilər. Nə oldu?

Vədə yetişdi. Məlum oldu ki, yenə də aldadıblar uşağı. Yerinə başqasını götürüblər. Uşağın alındığı gördüm. Darıxma, dedim, hələ o qədər belə şeylər görəcəksən ki! Hazır ol!..

Aha, bir gün gördüm ki, sevincdən ürəyi ağız açıb. Bir internet klub açılırmış, bunu götürəcəkmişlər işə. Gününə də 10 manat. Sadəcə, hələ ofis təmir olunurmuş…

Keşkə görəydiniz bir ayı o necə hisslərlə keçirdi. Həyatında ilk dəfə işləyəcək, para qazanacaq, atasına yardım eləyəcək, əlavə müəllim tutacaq… Özündə-sözündə deyildi. Adam ilk eşqə düşəndə elə olur, özünə yer tapmır, yuxulu kimi gəzir. Hər gün gedib “ofislərinə” baxır, təmirin hansı mərhələdə olduğunu öyrənirdi.

Nə isə. Dünən, həyət uşaqlarından biri deyib ki, klub açılıb, ancaq başqa birini işə götürüblər. Oğlum evə gəldi, nə gəldi. Bıçaq vursan qanı çıxmaz. Dediyini bilmir, öz-özünə danışır, ah çəkir, dayanmadan köks ötürür, hardasa ağlayacaq. Ancaq bunu deyir: “Axı o niyə aldatdı məni?..”

Heç cür anlaya bilmir. Soruşur, başa salıram, gedir, yenidən qayıdır və eyni sualı hövüllü-hövüllü verir öz-özünə. Lap Anton Çexovun “Qüssə” hekayəsindəki faytonçu kimi. Yanır-yaxılır. “Bir ayım getdi, daha nə qaldı yerdə… axı niyə… söz vermişdi axı… başqa işə getmə demişdi axı, neçə fürsəti qaçırdım… özü xahiş eləmişdi axı…”

Və dünən mən hiss elədim ki, oğlum dünyaya gəlir. Əslində, onun doğum gününü həmin gündən götürmək lazımdı. Bəlkə də yanlış düşünürəm, dünən dünyaya gəlmədi o. Dünən daha bir Azərbaycan vətəndaşı öldü, öldürüldü…

Bu yazı, gördüyünüz kimi, siyasi deyil. Siyasi çaları belə yoxdu. Ancaq adama nələrisə xatırladır, yada salır. 

Mən uşağın, əslində o artıq uşaq deyil, yeniyetmədi,- necə sarsıldığını gördüm. Inamın sarsılması dəhşətli seydi. Kimin sözü olduğunu xatırlamıram, ancaq yekə adamlardan biri xalqları uşağa bənzədib. Saf, məsum, saya, tez inanan, tez küsən, tez də barışan. Bir konfetlə. Indi bu xalqın, bu qədər, illərlə aldadılan bu xalqın nələr çəkdiyini düşünürəm. Üzdən baxanda heç nə hiss olunmur. Ancaq boşunadırmı bütün bu amansız qətllər, intiharlar, cinayətlər, sevgisizlik, seçkilərə getməmək, passivlik, ölgünlük, küskünlük… və dözümlülük… Yox, bu, dözüm deyil əslində, qardaşlar, bu – üsyandı! Lal üsyan. Gəlin, bir də elə düşünməyək ki, Azərbaycan xalqı dözümlü xalqdı. Bu xalq üsyanın lal yolunu seçib. Vay o gündən ki, dili açıla. Adamın boğazını dilindən çıxarar, vallah!..