Bu il hakimiyyət dəyişəcəkmi?

Dəyişmə əlamətləri, deyəsən, get-gedə aydın görünür. Sadədən başlayaraq mürəkkəbə tərəf bu əlamətləri təsvir etməyə çalışaq.
Birincisi, uzun illərdir hakimiyyəti vəsf edən eyni simalar bu seçkilərdə fəallıq göstərmirlər. Siyavuş Novruzov, Əli Əhmədov, Zahid Oruc kimi hələ də danışanlar isə könülsüz-könülsüz danışırlar və bəzən sadəcə dodaqlarınınÿ altında deyinən kimi görünürlər (əvvəllər bir nərə çəkirdilər ki, Nargin adasında ilanların qorxudan dili paralanırdı). Niyə? Cavab sadədir: artıq inamsızdırlar, qorxu və həyəcan keçirirlər, sabahın məsuliyyətini hiss etməyə başlayıblar. Heç şübhəsiz, indi ciddi-ciddi fikirləşirlər ki, hakimiyyət dəyişəndən sonra bu ölkədə insanların üzünə baxa biləcəklərmi? Dayanmaq, səhvi etiraf etmək heç vaxt gec deyil. Son illər nə qədər qocaman yapçı tövbə etdi.
Ikincisi, ölkə prezidenti Ilham Əliyev Avropanı inandırmağa çalışır ki, Azərbaycanın hələ də nefti, qazı var və hakimiyyət dəyişməsi olmasa, bu sərvətlərdən daha böyük pay verə bilər. Avropalılar da, deyəsən, artıq bu işə əhəmiyyət vermirlər. Adamlar pullarını verib məhsullarını alırlar, niyə öz xalqlarının qınağına, tənəsinə məruz qalmalıdırlar ki? Bəyəm Liviyada qaz, Iraqda neft yox idi? Qərb bu ölkələrdən əvvəl aldıqlarını indi də alır, sadəcə Səddam və Qəzzafidən deyil. Prezident Ilham Əliyev qərblilərin soyuq baxışlarından get-gedə daha çox əndişələnməyə başlayıb. Adamlar sükut edib dayanıblar və bu mənzərə sabah haqqında optimist düşüncə imkanlarını xeyli azaldıb.
Üçüncüsü, Rusiyanın get-gedə soyuyan baxışlarıdır. Kreml də Azərbaycandakı hakimiyyətə sərt və soyuq baxmağa başlayıb. Hətta bu soyuqluq indi o qədər aydın duyulur ki, prezident Ilham Əliyev Belçikada Tehranın və Moskvanın təzyiqlərinə sinə gərmək üçün Qərbdən dəstək umduğunu dilə gətirdi. Amma deyəsən, nə Moskva, nə də Brüssel indi göz yaşlarına inanır.
Dördüncüsü, hakimiyyətin daxilindəki çatın get-gedə böyüməsidir. Paşayevlərlə Mehdiyevlər cinahının savaşını artıq kor da görür. Gündə 20-30 naxçıvanlını işdən çıxarırlar, məhkəmələr də təxminən onlarınÿ 90%-ni yerinə bərpa edir. Daxili gərginlik gündən-günə artır. Gələcəklə bağlı narahatlıqlar tərəfləri artıq birləşdirə bilmir. Yollar çoxdan ayrılıb.
Beşincisi, Moskvadakı “milyarderlər” məsələsidir. Bu böyük bir qüvvədir və görünən hələ odur ki, indiki hakimiyyətin qalmasını, ən azı yarısının qalmasını istəmir. Yaxın zamanlarda onların da nə istədiyi tam aydın olacaq. Ola bilməz ki, qeyri-müəyyənlik uzun müddət davam etsin.
Altıncısı, Milli Şuranın get-gedə tam gücü ilə fəaliyyətə başlamasıdır. Son 20 ildə heç vaxt bu qədər optimal bir müxalifət (başqa sözlə, xalq) birliyi yaranmamışdı. Bu qurum bütün cəmiyyəti arxasınca aparacaq. Hakimiyyətin müxalifət daxilindəki qədim layihələri də heç nə edə bilməyəcəklərini anlayıb quzu balası kimi sakitləşdilər. MŞ-nin say tərkibinin böyüməsindən də narahatlıq keçirməyə əsas yoxdur. Say 200-ə də çata bilər, əsas odur ki, 10-15 nəfərdən ibarət qərar verən çevik bir qurum yaradılsın, operativ qərarlar qəbul və icra etmək mümkün olsun. Amma MŞ-nin artıq dəyişmə edəcək gücdə olması şübhə doğurmur və hakimiyyət repressiv, aqressiv davransa da, faydasızdır.
Nəhayət, yeddincisi, iki namizəd məsələsidir. Ilham və Mehriban Əliyevlər güclərini birləşdirir. Bu da böyük təşvişin təzahürüdür. Xanım qəflətən mədəni fəaliyyət müstəvisindən siyasi müstəviyə gəldi və namizədliyinin irəli sürüləcəyi barədə söhbətlərin ortaya çıxmasına haqlı zəmin yaratdı. Bu o deyən sözdür ki, hakimiyyətdəki komandaya deyilir ki, qorxub-hürkməyin, əvəzedici var: o olmasa, bu olacaq, əsas odur ki, biz olacağıq. Həm də baza baxımından da o olmasın, bu olsun, yəni naxçıvanlılar olmasın, indi də şirvanlılar olsun.
Hakimiyyət sarılıq mərəzinə düçar olub, əlamətləri də göz qabağında. Yeri gəlmişkən, Nizami Cəfərov da çoxdandır görünmür.

P.S. Hər şey nazikliyindən, təkcə insan qalınlığından sınar (atalar söhbəti).

Ərturan