Bu iqtidarın ən sevimli nağılıdır. Uzun illərdir o nağıla qulaq asırıq. Onun baş qəhrəmanı Lazım əmidir. Onun nə vaxtsa gələcəyi deyilir. Bir müddət qabaq – indiki gənclər uşaq olanda o nağılı Heydər Əliyev danışırdı. Həm də təkcə uşaqlara yox, böyüklərə də. Şübhə eləmirəm ki, bu nağılı Qarabağ qaçqınları daha yaxşı bilir. Çünki hər il Heydər Əliyev bu nağılı onlara bir neçə yol danışırdı. Amansız tale nağıl dilinin yüyrək olmasına imkan vermədi…
Bircə təsəlli odur ki, yapçıların diliylə desək, Ilham Əliyev bütün sahələrdə “layiqli davamçı” oldu. Aksentlə danışsa belə, həmin atadanqalma nağılı o da bir qədər əlavələrlə gənc nəslə çatdıra bilir. Taktika dəyişməyib, yenə əsas auditoriya qaçqınlardır. Onlara Qarabağdan yüz kilometrlərlə uzaqda düşərgə tikib verəndə həmin nağılı bir daha xatırladırlar, yaddaşlarını təzələyirlər. Yenə də əsas qəhrəmanımız Lazım əmidir. O gəlsə, qüdrətli ordumuz istənilən vaxt (həm də Ali Baş Komandan əmr edəndən sonra) Qarabağı azad edəcək. Ancaq gəlmir. Niyəsini heç kim bilmir. Heç onun axtarıldığını da eşitməmişəm. Bir neçə yol Xoşqədəm xanımın verilişlərinə baxmışam, hələ indiyə qədər orda da bu ad çəkilməyib.
Google sistemində də bu axtarışların nəticə vermədiyini deyirlər.
Son çağlar Interpol vasitəsilə axtarışa başlanılıb. Düzdür, hələlik müxalif mövqedən çıxış edənlər axtarılır. Azərbaycan iqtidarı tez-tez müxtəlif adamların bu yolla izinə düşmək istəyir. Deyilənə görə, seçki yaxınlaşdıqca axtarışların sayı artacaq. Hətta Interpol qardaşımıza buna görə müəyyən məbləğin ödəniləcəyi də nəzərdə tutulub. Neftin canı sağ olsun, üstəlik, qazımızın Avropaya daşınmasıyla bağlı da razılaşma əldə etmişik. Yəni pul sarıdan hər kəs ürəyini buz kimi saxlaya bilər. Başqa şeylərə – insan haqları, demokratiya, söz və mətbuat azadlığıyla bağlı götürdüyümüz öhdəliklərə baxmayın, belə prinsipial məsələlərdə YAP iqtidarı heç kimə atmır, vədinə əməl edir…
“Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz, sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. …Sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir” – bu sözləri Ilham Əliyev iyunun 26-da keçirilən paradda deyib. Yox, təkcə bunları deməyib, çox danışıb, sadəcə köşədəki yeri, həm də o çıxışı günlərdir dinlədiyinizi nəzərə alıb tam vermirəm. Elə arif adamlar üçün bu da yetərlidir.
Məni çox ciddi narahat edən bir məsələ bilərəkdən, ya bilməyərəkdən sirrimizin üstünün açılmasıdır. Gərək dövlət başçısı belə bir addımı atmayaydı. “Sirr deyil ki, Azərbaycan gündən-günə güclənir…” sözünü dilə gətirməyə ehtiyac yox idi. Heç yox idi…
Bizim gücləndiyimizin, Ermənistanın zəiflədiyinin şahidi olan adam axtarıram. Nədədir gücümüz? Bəlkə uçurulan evlər nəzərdə tutulur. Bir neçə ildir Ilham Əliyev hakimiyyəti Bakıda genişmiqyaslı söküntü işi aparır. Bunun üçün yaxşı texnikalar, binanı yerindən oynadan ekskovatorlar alır. Hərdən gedib söküntülərə baxıram, həqiqətən o texnikaların qabağında duruş gətirmək mümkünsüz. Evləri sökülən sakinlərin gücü özünə çatır, ah-nalə, vay-şivən göyə yüksəlir. Üz-gözün cırmaqlayan, saçını yolan, yerlə sürüdülən vətəndaşlarımız hökumətin qarşısında doğrudan hələ çox gücsüz görünür. Ancaq onlar Ermənistan yox, Azərbaycan vətəndaşlarıdır. Bəlkə hökumətimiz onları səhv salıb? Axı “Gücsüz” Ermənistan 21 ildir torpaqlarımızı işğal edib. Hər il onlar paradı Xankəndi şəhərində, Şuşada keçirirlər, bizim torpaqlarımızda. Ilham Əliyevin paradları isə Bakıdan o yana keçmir. Niyə? Yəni bunu öyrənmək üçün də Lazımı gözləyək?!