Seçim üçün bir yetərli fərq

 

Yadigar Sadıqovun şərlənərək həbs edilməsi və ya saxlanılmasında qeyri-adi heç nə yoxdu. Müxalifət partiyasının fəal üzvüsənsə və ya hakimiyyətin əməlləri qarşısında susmursansa, demək, avtomatik olaraq narkotikayla bağlı adamsan – çəkirsən də, satırsan da; cəmiyyət üçün təhlükəli adamsan – hər an kiməsə zərər toxundura bilərsən, küçədə ucadan danışıb vətəndaşların istirahət hüququnu poza bilərsən, dükanların vitrinini sındıra, avtomobillərə hücuma keçə bilərsən; əxlaqsız adamsan – kimisə sevə bilərsən, kiminləsə sevişə bilərsən, qıza-qadına pis gözlə baxa, ürəyindən qara fikirlər keçirə bilərsən; qanuna riayət eləməyən adamsan – vergidən yayına bilərsən, polisə müqavimət göstərərsən, vəzifədə çalışsan rüşvət ala bilərsən və sair və ilaxır nə qədər pis əməl varsa, hamısı səndə var və deməli, sən dövlətçiliyə qarşısan! Sən təcili surətdə cəmiyyətdən təcrid olunmalısan! Bir qohumumun dediyi kimi: “Kasıb təcili ölməlidi!..”

Bir də təkrar eləyirəm ki, bu həbs də yeni heç nə demir, çünki çox təbii hadisədi. Bu hakimiyyətin ağlı-zəkası yalnız onun zorundadı, əlində hazır tutduğu saysız-hesabsız qandallarda, həbsxanalardadı, işverənlərdədi. Öz rəqiblərinə yalnız mafiyalaşmış, özəlləşdirilmiş dövlətin polisinin, ordusunun köməyi ilə güc gələ biləcəklərini yaxşı bilirlər çünki. Halbuki bunu uşaq da bilir ki, rəqiblərlə münasibətləri həmişə sözlə, danışmaqla, masa ətrafında aydınlaşdırmaq, qalib gəlmək olar. Hətta müharibə aparan düşmən dövlətlər belə, danışıqlarsız ötüşə bilmirlər. 

Elə Azərbaycanla Ermənistanı götürək. Hətta xalqları bir-birinin ətini yeməyə hazır olan bu dövlətlərin başçıları görüşür, müzakirələr aparır, yalan-doğru çözüm yollarını arayır, sülh üçün razılığa gəlməyə çalışırlar. Çox ehtimal ki, torpağa görə yox, sadəcə, öz eqolarına görə bir-birinə nifrət də edirlər. Lakin yəqin kimsənin gözündən yayınmayıb – dövlət başçımızın erməni liderləri ilə kifayət qədər foto-şəkli var və bu şəkillərin bir xeylisində rəqibə nisbətən o, çox gülərüz olur, hətta şəkillərin birində qəşş edəcək qədər vəziyyətdə düşüb. Eybi yox, belə şeylərə bənd olmaq lazım deyil, çünki siyasətdi, diplomatiyadı, ola bilsin, bizimki diplomatiyanın bu fəndini seçib. Ancaq adama maraqlı gəlir – nədən o yerli opponentləri ilə belə olmur? Ola bilmir, ya olmaq istəmir? Axı deyək ki, erməni sənin torpağını alıb, dövlətini hər an məhv etməyə hazırdı, buradakılar isə sadəcə sənə müxalifətdədi və uzaq başı səni seçkilər yolu ilə məğlub edərək hakimiyyətə gəlmək istəyirlər. Bu da ki, bütün dünyada normal qarşılanan şeydi. Yəni olmasa anormal olar. Onda belə çıxır ki, opponentləri ilə nəinki gülə-gülə danışa bilməyən, qələbəni yalnız zor üsulları ilə əldə etməyə çalışan dövlət başçısı üçün taxt-tac itirilmiş torpaqlardan daha qiymətlidi. Yəni qeyri-müəyyən haçansa hakimiyyəti əlindən alacaq müxalifət nümayəndəsi torpaqlarının 20 faizini almış ermənidən daha qorxuncdu. Qəti aman vermək olmaz. Daşla, yumurtayla, yabayla, qandalla, şərləməklə – nə yolla olur-olsun! Lakin bunu da hər kəs bilir ki, müharibədə zorla – savaşla, öldürməklə nəyəsə nail olunur, qələbə qazanılır, siyasətdəsə bunun bir insani yolu var – danışıqlar, azad seçki, kəsəsi, sivil yollar! Əks halda zəbun olacaqsan – gec, ya tez.

Nəhayət, bu həbsdə məni ən çox üzən Sadıqovun üzünə Qarabağ qazisinin durğuzulmasıdı. Yəni bu sıradan biri olsaydı, heç təsirlənməzdim. Lakin mən qazilərə müqəddəs insanlar kimi baxıram – bütün əyər-əskikləri ilə. Bu hakimiyyət müqəddəsliyin də içinə etdi. Qadın-ana qutsallığına baxmadılar, istifadə etdilər, indi də qazilərə keçdilər. 

Namusu olan heç kəs işverənləri sevmir. Ancaq işverən qazi olunca… Bu, artıq faciədi və mən əminəm ki, Yadigar bəy o qaziyə çox acıyır. Fərq də elə bundadı. Bizimlə onların fərqi. Təkcə bu fərq namusu olan vətəndaşın sandıq başında kimi seçəcəyinə əsas ola bilər. Yaşayaq, görək…