Ədalətsiz məhkəmə hökmü radikallaşmaya səbəb olmaqdadır
İyunun 28-də 100-dək sabirabadlı Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirib. Rayonun Şəhriyar və Xəlfəli kəndindən olan aksiyaçıların etirazı hüquq-mühafizə orqanlarının hökm sürən özbaşınalığa olub.
Bu, onların Prezident Administrasiyası önündə ikinci aksiyası idi. Etirazçılar deyir ki, onların 3 gənc həmkəndilisi istintaq tərəfindən şərlənib və hazırda davam edən məhkəmədə prokuror təqsiriləndirilənlərə ağır “iş” istəyib.
Şəhriyar kənd sakini Məmmədəli Abdullayevin sözlərinə görə, dövlət ittihamçısı Şahlar Muradov, Rafət Əmənov və Kamil Əliyevin hər birinə 11 il iş istəyir: “Bu uşaqların günahı yoxdur. Mindikləri taksidən düşən zaman sürücü onlardan 12 manat pul istəyib. Bunların da cibində 6 manat pul olub. Deyib nömrəni götürək verərik. Daha sonra polis gəlib uşaqları evdən aparıb. Deyiblər ki, taksi sürücüsü sizdən şikayət edib. Ötən ilin avqustundan uşaqları Kürdəxanıdakı təcridxanada saxlayırlar”.
Prezident Administrasiyasına yürüş məqsədləri barədə danışan Ağaverdi adlı kənd sakini bildirib ki, məmur özbaşınalığından bezdikləri üçün ölkə başçına şikayət etməyə gəliblər.

Etirazçılar deyib ki, 12 manata görə 11 il iş istəyən prokurorun vicdanının olmasına şübhə edirlər: “Bu üç gənci kənddə hər kəs çox gözəl tanıyır. Mədəni, tərbiyəli uşaqlardır. İndi onlara quldurluq maddəsi ilə iş açıblar. Axı bunlar taksi sürücüsünü qəsb etməyiblər. Pulları çatmayıb, deyiblər qalanını da sonra verərik. Buna görə 11 il iş verərələr?”.
Şikayətçilər bildirir ki, zərərçəkmiş kimi tanınan tərəf öz izahatında baş verən hadisə barədə emosianal və reallığı əks etdirməyən iddia irəli sürdüyünü desə də, bunlar nəzərə alınmayıb. Buna da səbəb istintaq orqanlarının tələb etdiyi “hörməti” verməkdən imtinaları olub.
Aksiya iştirakçılarını Fuad Ələsgərovun Nazim Rəcəbov adlı nümayəndəsi qəbul edərək dinləyib. O isə bildirib ki, işə müdaxilə edə bilməzlər, narazıdırlarsa apelyasiya şikayəti versinlər.
Məmmədəli Abdullayev “Azadlıq”a deyib ki, bundan əvvəlki aksiyada onları daxili işlər nazirinin müavini Vilayət Eyvazov qəbul edib, ədalətsizliyin aradan qaldırılması ilə bağlı vəd versə də, heç bir nəticə olmayıb: “Biz balalarımıza bu şəkildə zülm edilməsi ilə barışmayacağıq. Biz ədalət istəyirik. Sonacan bu işin arxasındayıq”.
Natiq


