Nazirliyin qadağa qoyduğu dərmanlar açıq satışda

Əməkdaşımız çox istifadə edilən 6 dərmanı apteklərdən rahat şəkildə ala bildi

 

Səhiyyə Nazirliyi tibdə istifadəsi qadağan edilmiş dərman preparatlarının siyahısını açıqlayıb. Nazirliyin saytında yayılan məlumata görə, siyahıda 170-ə yaxın (diqqət yetirəndə görürsən ki, bir neçə dərmanın adı iki dəfə yazılıb – R.D) dərman preparatının adı var. Saytda yazılıb ki, nazirliyin Innovasiya və Təchizat Mərkəzinin Analitik Ekspertiza Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya müayinəsindən keçirildikdən sonra bu dərmanların istifadə üçün yararsız olduğu məlum olur. Siyahıda göstərilən preparatlardan eyni adlı, lakin fərqli seriyası olan dərmanlar istifadəyə yararlı hesab edilir. Görəsən, nazirliyin qadağan etdiyi dərmanlara bundan sonra apteklərdə rast gəlmək mümkün olacaq? 
Nazirliyin tərtib etdiyi siyahıda daha çox tələbat olan dərmanların bir neçəsinin adını yazıb əczaxanalara baş çəkdik.
Teraflü (seriya C5H36181, istehsalçı “Novartis Farma Kanada”), Dikloran 20q gel (seriya P7009, istehsalçı “Yunik Farm.Lab.” Kordafen 10mq tab.H50 (seriya 30105, istehsalçı “Polpharma”), Amitriptilin 0,025q tab. H50 (seriya 480805, istehsalçı “Ukrmedprom”), Analgin 50% 2ml H10 (seriya 81004, istehsalçı “Biosintez”), Analgin 50% 2ml amp. (seriya 41004, istehsalçı Biosintez, Rusiya). Bu 6 dərmanı almaq üçün şəhəri ələk-vələk etməyi düşünürdük. Nazirliyin məlumatından sonra bu dərmanları apteklərdən tapmağın çətin olacağı qənaətindəydik. Sən demə, yanılmışıq. Ilk andaca əksər dərmanları (6 dərman nəzərdə tutulur – R.D) apteklərdən tapa bildik. Metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən “Istanbul” aptekində yalnız Kordafen tapılmadı. Amma əczaçı söz verdi ki, bir neçə saata bu dərmanı da bizə təşkil edə bilər. Qiyməti 1 manat olan bu dərmanı tapmaq doğrudan da o qədər çətin deyilmiş.
“Istanbul”la üzbəüz olan “Zəfəran” aptekdə isə Dikloranla Kordafen yoxdur. Bu apteklər şəbəkəsi sifariş qəbul etməsə də, dərmanları çox yerdən asanlıqla tapa biləcəyimizi dedilər.
Metronun “28 may” stansiyasının yaxınlığında yerləşən daha iki aptekə baş vurduq. Burada da bəlli oldu ki, nazirliyin “qadağası” özünü doğrultmayıb. Tam açıq şəkildə dərmanlar satılır. 6 dərmandan yalnız birini reseptsiz almaq mümkün deyil.
Maraq üçün deyək ki, bu dərmanlara xərclənən pulun dəyəri 8-12 (apteklərdə eyni qiymət yoxdur) manat arasındadır.

 

Ramin DEKO