Rasmussen bir bəyanatla bir neçə mövqeni susdurdu
Bölgədə yeni siyasi gərginliyin siqnalı çalındı. Gürcüstanda səfərdə olan NATO baş katibi Anders Foq Rasmussen bu ölkənin NATO üzvlüyünə yaxınlaşdığını deyərkən Rusiyanın ünvanına sərt ittihamlar irəli sürüb. Tbilisidə keçirilən mətbuat konfrasında Rasmussen Gürcüstanın NATO-ya üzvlüyünün gerçəkləşməsinin bu ölkədə zəruri islahatların aparılmasından asılı olduğunu qeyd edib: “Əgər Gürcüstan zəruri tələbləri yerinə yetirsə, mütləq NATO üzvü olacaq”.
Bununla belə NATO şefi öz çıxışında eyham vurub ki, bu prosesə mane olmaq istəyənlər var. Rasmussen çox gözlətmədən ad da çəkib. Bildirib ki, Gürcüstanın quruma üzvlüyünü hər hansı üçüncü ölkə həll edə bilməz: “Nə Rusiya, nə də digər üçüncü ölkə NATO-nun qərarına qarışa bilər. Razılaşmaya əsasən, biz zəruri meyarlara cavab verən Avropanın demokratik dövlətlərini quruma dəvət edə bilərik. Dəfələrlə qeyd etmişik ki, qapılarımız açıqdır. Həm Gürcüstan, həm də Ukrayna meyarlara cavab versə, NATO üzvü olacaq. Kimin NATO üzvü olacağını Rusiya müəyyən etmir”. Bu bəyanatın ortaya çıxmasına hansı amillər səbəb ola bilər?
Gürcüstanda güzəşt yoxdur
Rasmussenin bu bəyanatını bir neçə istiqamətdən şərh etmək olar. Birincisi, Gürcüstanda yeni hökumət formalaşdıqdan sonra belə fikirlər vardı ki, Tiflisin yeni hakimləri Gürcüstanın üzünü Kremlə istiqamətləndirə bilərlər. Rasmussenin bu bəyanatı belə iddialara cavab oldu. Iki istiqamətdən. Həm göstərdi ki, rəsmi Tiflis özü bu kommunikasiyaların içərisindədir və siyasətində heç bir kardinal dəyişiklik etməyib. Həm də bu prosesə mane olmaq istəyən qüvvələrə, konkret olaraq Rusiyaya açıq mətnlə bildirdi ki, bu prosesə mane olmaq əbəs işdir. Yəni NATO Cənubi Qafqaz siyasətindəki strateji xəttinə sadiqdir.
Bakı bu siyasətdən necə təsirlənəcək? Rasmussenin Rusiyaya istiqamətlənmiş bəyanatı təkcə Tiflislə bağlı ola bilməz. Ona görə ki, Kreml Şimali atlantika blokuna təkcə Tiflisdə müqavimət göstərmir. Həm Ermənistanda iki hərbi baza saxlayır, Azərbaycanda isə Gürcüstan demokratiyasına nifrət hissi ilə yanaşan siyasi rejimin varlığına dəstək verir. Bu isə təbii ki, regionda genişlənmək istəyən NATO-nun maraqlarına zidd sayıla bilər və Rasmussen məhz birinci ümumi ifadəsində bildirib ki, Avropanın standartlara cavab verən ölkələri NATO-ya dəvət edilir. Azərbaycan isə artıq xeyli müddətdir ki, siyasi xəritədə Şərqi Avropa ölkəsi sayılır və bu da islahatlardan sonra NATO perspektivi deməkdir. Bu mənada Rasmussen həm də ümumilikdə Cənubi Qafqazla bağlı xəbərdarlıq etmiş olub.