Avropa mediası Əliyevin “qaz şantajı”ndan yazır

«Euobserver»: «Azərbaycanın avtoritar lideri qazdan siyasi güzəştlərə nail olmaq məqsədilə istifadə etməyə çalışır»

Ilham Əliyevin “Nabukko” ilə müqayisədə “Tap” layihəsinə üstünlük verməsi Avropada ciddi narazılıqla qarşılanıb. Qərb ekspertləri bunu Avropa Ittifaqının Rusiyanın qaz asılılığından qurtarmaq planına zərbə kimi qiymətləndirir. Əsasən, Avropa Ittifaqıyla bağlı materialların yayımıyla məşğul olan “euobserver.com” mövzunu şərh edib.
Müəllif Andrew Rettman yazır ki, avtoritar dövlət başçısı olan Ilham Əliyev ölkənin qaz ehtiyatları vasitəsilə Avropadan hakimiyyətinə loyal münasibət istəyir. “Avropa Ittifaqının Rusiyadan qaz asılılığından qurtarmaq planına zərbə” adlı məqalənin tərcüməsini təqdim edirik:

***

“Nabukko” qaz kəməri layihəsinin baş tutmamasıyla Cənub-Şərqi Avropada yerləşən üzv ölkələrin qaz təminatı məsələsində Rusiyadan asılılığı aradan qaldırmaq istəyən Avropa Ittifaqının bu planı da iflasa uğrayıb.
“Nabukko” konsorsiumunun iştirakçısı olan Avstriyanın OMV şirkəti bəyan edib ki, qaz təchizatçısı olan Azərbaycan seçim edərək, “Nabukko”ya yox, rəqib “Tap” layihəsinə üstünlük verdi.
Rəsmi Bakının bu addımı ilə əlaqədar Avropa Komissiyası hər hansı şərh verməkdən imtina edib.
Ilk baxışdan həm “Nabukko Qərb”, həm də “Tap” “Cənub dəhlizi” sxemi üzrə Rusiyadan yan keçməklə Xəzərdən Avropaya qaz nəqlini nəzərdə tutur. Hər iki kəmərlə bağlı növbəti beş il və ya daha çox müddət üçün Xəzər regionundan ildə 10 milyard kub metrlik qazın Avropa Ittifaqı ölkələrə daşınması nəzərdə tutulub.
Eyni zamanda, bunların arasında böyük fərq də var. “Tap” layihəsi qazın Türkiyə sərhədini keçməklə, Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə Italiyaya çatdırılmasını nəzərdə tutur. “Nabukko Qərb”də isə Türkiyədən keçməklə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya çatdırılması planlaşdırılırdı.
Yunanıstanın qaz təminatında Rusiyadan asılılığı 58 faizdir. Italiyada isə bu asılılıq 22 faizdir.
Macarıstan (56 faiz) və Avstriyanın (52 faiz) da Rusiyadan asılılığı yüksəkdir.
Həm “Tap”, həm də “Nabukko Qərb” Avropa Ittifaqının əsl sxemi olan “Nabukko Klassik”lə müqayisədə daha az iddialıdır. Bu plana görə, Azərbaycan, Iran və Türkmənistandan Avstriyaya ildə 31 milyard kubmetr qaz daşınması nəzərdə tutulurdu.
Azərbaycanın dövlət başçısı Ilham Əliyev ötən həftə Brüsseldə bəyan etdi ki, ölkənin 2 trilyon kubmetr qaz ehtiyatı var, bunun da əksər hissəsinin Avropaya göndərilməsi nəzərdə tutulub.
Amma görünür ki, Azərbaycanın avtoritar lideri qazdan siyasi güzəştlərə nail olmaq məqsədilə istifadə etməyə çalışır.
Hələ may ayında Avropa Ittifaqı və Azərbaycan arasında “Strateji modernləşmə əməkdaşlığı” layihəsi Avropa Komissiyasında yayılıb. Bu razılaşma Əliyevə digər post-sovet liderlərilə müqayisədə imtiyazlı status verir.
Amma Əliyev “Tap”la bağlı müqavilənin imzalanmasını sentyabr-oktyabra qədər təxirə salaraq, bunu Azərbaycanda keçiriləcək prezident seçkisilə eyni vaxta saxlamaq istəyir.
Jurnalist Xədicə Ismayılova və digər fəallar isə bildirir ki, hakimiyyətin məqsədilə insan hüquqları, demokratik standartlarla bağlı Avropanın tənqidlərinin qarşısını almaqdır.

Siyasət şöbəsi