Təhsildə inqilab: FATIH projesi

Nadir Israfilov: «Vaxtı ötmüş kağız dərsliklərə «yox!» deməliyik və elektron dərsliklərin yaradılmasına başlamalıyıq»

Bildiyimiz kimi, ötən ildən başlayaq qardaş Türkiyənin ümumtəhsil məktəblərində çox böyük strateji əhəmiyyət daşıyan proje – “FATIH Projesi” adlı proqram həyata keçirilir. Proqrama uyğun olaraq, yaxın bir neçə il ərzində ölkənin bütün şagirdlərinə dövlət hesabına fərdi tablet bilgisayarlar (iPad) veriləcək. Çəkisi 800 qram civarında olan bu bilgisayarlara təlim prosesində istifadə olunacaq dərsliklər, müxtəlif tədris vəsaitləri və məlumat qaynaqları yüklənəcək. Bununla da şagirdlərin canı kağız dərsliklərdən, dövlətin canı isə hər il sərf olunan milyardlarla dollar xərcdən qurtulacaq.
Indiyədək pilot layihə kimi tətbiq olunan bu proqramın nəticələri böyük ümidlər doğurduğundan qardaş ölkədə bu ildən başlayaraq FATIH projesinin tam şəkildə həyata keçirilməsinə start verilib. Belə ki bir neçə gün öncə bu məqsədlə Milli Eğitim Bakanlığı 10,6 milyon tablet bilgisayarın, Ulaştırma Denizcilik ve Haberleşme Bakanlığı isə 347 min “ağıllı taxta”, 42 min “dokunmatik kamera” və digər avadanlıqların alınması üçün tender elan edib. Görünən odur ki, bu gün bizdə klassik kağız dərsliklərdən “şıdırğı” istifadə olunduğu bir zamanda qardaş ölkədə təhsil sahəsində inqilabi dəyişikliklər baş verməkdədir. Yaranmış situasiya ilə bağlı tanınmış ekspert Nadir Israfilova müraciət edib məsələyə aydınlıq gətirməsini istədik. O bunları dedi:
“Baş nazir Ərdoğan 2010-cu ildə ”FATIH Procesi”ni elan edəndə Türkiyədə bir çoxları buna inanmadılar, bunu seçki təbliğatının bir parçası hesab etdilər, hətta “AKP-nin xəyal ürünü” adlandıranlar da oldu. Amma pilot məktəblərdə keçirilən eksperimentlər Türkiyə təhsilinin böyük bir sıçrayışa hazır olduğunu nümayiş etdirdi.
Əlbəttə, başladılan bu proqrama kağız istehsalına görə milyonlarla ağacın qırılması, ətraf mühitin tullantılarla zibillənməsi, uşaqların sağlamlığı və hər il sərf olunan milyardlarla vəsait israfçılığının qarşısını almaq prizmasından da baxmaq olar. Lakin burada diqqətçəkən əsas məsələ, öncə təhsildə tətbiq olunacaq çağdaş texnologiyaların gənc nəslin beynində, dünyagörüşündə yaradacağı inqilabdır. Şagirdlər öz fərdi tablet bilgisayarlarından dərslik və dərs vəsaitləri kimi istifadə etməklə yanaşı, həm də bir-biri və müəllimləri ilə daim interaktiv əlaqədə olacaq, keçilən mövzuları daha yaxşı mənimsəmək üçün ölkədə və dünyada mövcud olan ən yaxşı canlı dərs nümunələrindən bəhrələnə biləcəklər. Bunun nə demək olduğunu anlamaq elə də çətin deyil. Məsələn, Qarsdakı, yaxud Ədirnədəki bir kənd məktəbinin şagirdləri hətta Istanbulun, Ankaranın ən öncül məktəblərinin ən öncül müəllimlərinin də dərsini izləyə biləcəklər…
Bunlar haqqında indiyədək kifayət qədər deyilib və yazılıb. Biz isə dünya təhsilində baş verən bu yeniliklərin fonunda özümüzün nə edəcəyimizi düşünməli, təhsilimizin sabahını fikirləşməli, bu texnologiyaların əldə olunması, lazımi mütəxəssislərin yetişdirilməsi üçün indidən işə başlamalıyıq. Bildiyimiz kimi, Türkiyə dövləti bu texnologiyaları bütövlükdə xaricdən idxal etmək niyyətində deyil. Dünyanın 11 ən böyük şirkətinin iştirak etdiyi tenderin əsas şərtlərindən biri də istehsalın Türkiyədə təşkil olunması, bilgisayarların, “ağıllı taxta”ların, kamera və digər avadanlıqların hazırlanmasında yerli detallardan və kadrlardan istifadə olunmasıdır. Hesab edirəm ki, biz də gecikmədən qardaş ölkədə gedən bu prosesə qoşulmalıyıq, vaxtı ötmüş kağız dərsliklərə, xüsusən də onlar üzərində gedən əttökən mübahisələrə “yox!” deməliyik və elektron dərsliklərin yaradılmasına başlamalıyıq. Təbii ki, bunları deyərkən bir neçə il öncə Təhsil Nazirliyinin sifarişi ilə “elektron dərslik” adı ilə məktəblərə sırınan karikatura multimedia tədris vəsaitlərini nəzərdə tutmuram.
Bildiyimiz kimi, ölkə başçısının fərmanı ilə 29 dekabr 2012-ci il tarixində “Azərbaycan 2020: Gələcəyə baxış” adlı proqram qəbul olunub. Proqram hər sinfin bir noutbuk, proyektor və elektron lövhə dəsti ilə, hər şagirdin isə bir pulsuz netbuk və ya planşetlə təmin edilməsini nəzərdə tutur. Əlbəttə, bu çox yaxşı haldır. Amma mənə görə, bu, sadəcə olaraq görsəniş xatirinə olmamalıdır. Bunun üçün əvvəlcə müəyyən ön hazırlıq işləri aparılmalı, daha doğrusu, təhsilin nüvəsini təşkil edən məzmun qaydaya salınmalı, mükəmməl proqram təminatı hazırlanmalı, sonra isə bu işə girişilməlidir”.

Ramin DEKO