Xoşbəxtlik pulla da ölçülə bilər – artıq bunu elm deyir. Maraqlıdır ki, indi xoşbəxtlik təkcə poeziya mövzusu və fəlsəfə predmeti deyil. Deutsche Welleÿxoşbəxtliklə pulun bağlılığını açan yeni elmi tədqiqatların nəticələri barədə çox maraqlı material yayıb. Hazırda Ingiltərənin Varviks Universitetində dərs deyən Isveçrə əsilli tanınmış iqtisadçı professor Bruno Frey uzun illərdir bu tədqiqatlara rəhbərlik edir.
Professor elmi əsaslarla sübut edir ki, “xoşbəxtlik pulda deyil” kəlamı natamamdır, insanları çaşdıra bilər. Burada hansı puldan danışırıq? Əgər insan mənəvi dəyərlər, vicdan, insanlıq, sevgi ilə pulun arasında seçim edirsə, bu kəlamı ucadan söyləmək olar. Amma, ümumiyyətlə, pul yoxdursa, onda necə olsun? Yaxud seçim qarşısında deyilsinizsə, pulsuz xoşbəxt olmaq asandırmı?
Tədqiqatlar göstərir ki, çox qazananlar daha çox xoşbəxt olur. Professor Frey deyir: “Biz daha kasıb ölkəni orta gəlirlərə görə daha varlı ölkə ilə müqayisə etdikdə, görürük ki, daha varlı ölkələrdə insanlar daha xoşbəxtdir”.
Xoşbəxtliyin özünə də Bruno Frey və həmkarları dar baxmırlar. Onlar buna hər bir insanın subyektiv hissi kimi yanaşır, bunu qiymətləndirərkən insanlardan öz həyatından razılığı soruşulur, bu zaman hər bir insanın şəxsi taleyi, sağlamlığı, sosial durumu, ailə, sevgi və dostlar faktoru belə nəzərə alınır.
Nə işdirsə, hətta sevgi və tale məsələlərində də varlı ölkələrin insanları daha uduşludur. Amma alimlər bunun da elmi izahını verirlər. Bruno Frey deyir ki, pulun xoşbəxtliyə təsiri o demək deyil ki, insan daha çox pul qazanan kimi, dərhal pulun miqdarı qədər də xoşbəxtliyi artır. Pul insana problemlərinin həllində kömək edir. Buna kiminsə şübhəsi yoxdur. Amma onu inkişaf etmiş ölkələrdə, ədalətli və demokratik cəmiyyətlərdə qazanmaq çox böyük üstünlüklərə sahib olmaq deməkdir.
Bruno Freyin həmkarı professor Hert Vaqner xoşbəxtliyin ünvanını bir az da konkretləşdirir: “Demokratiya və özünüidarəetmə xoşbəxtliyin mənbəyidir”.
Professor Hert Vaqner deyir: “Işsizliyin aşağı səviyyədə olması, dövlət maliyyə sisteminin möhkəmliyi, yaxşı səhiyyə sistemi, yaxşı təhsil müəssisələri, ədalətli məhkəmələr, yəni demokratiya və azadlıq xoşbəxtliyin dayağıdır. Bizim sorğuda iştirak edənlər də bunu təsdiq edir”.
Bruno Frey və həmkarları məhz bu pulu nəzərdə tutur – demokratik ölkələrdə qazanılan pulu. Bu pula “əl çirkidir” demək olmur, o pul mənəvi göstəricilərə malikdir, o pulu ədalətin, düzgün və faydalı xidmətin, başqalarına yararlı olmağın təri ilə qazanırsan. Belə cəmiyyətlərdə özlüyündə hamı pul üçün çalışır, amma nəticədə hamı-hamıya yararlı olaraq, yararlı sistem və cəmiyyət yaradaraq pul qazanır. Elmi nəticələr də göstərir ki, bu da xoşbəxtlik hissini artıran ciddi amildir.
Ayrıca nümunələrlə baxsaq, dünyanın ən varlı adamı da özünü bədbəxt saya bilər. Amma söhbət ümumi tendensiyadan, daha çox adamı əhatə edən nəticələrdən gedir. Professor Frey açıqca deyir: “Bizim tədqiqatlar göstərir ki, demokratik ölkələrin insanları avtoritar ölkələrdə yaşayanlardan daha məmnun, daha xoşbəxtdir”.
O da var ki, avtoritar ölkələrin insanları demokratik dövlətlərdə yaşayanlardan maddi cəhətdən daha üstün və daha güvənli yaşayırlar. Üstəlik, digər məsələlərdə də özlərini güvənli hiss edirlər. Onların arxasında onlar üçün çalışan dövlət və ədalət sistemi, ölkənin ən ağıllı insanları var…
***
Yazı bitəndə Müsavat başqanın müşaviri, Lənkəranda nüfuzlu ictimai fəal, keçmiş universitet müəllimi Yadigar Sadıqovun həbs edildiyi xəbəri gəldi. Onun şərləndiyini bir gün öncədən bilirdik. Belə adamlar bizim xoşbəxt olmağımız üçün mübarizə apardıqlarına görə tutulurlar. Onlar dərk edirlər ki, bu gün ölkəni idarə edənlər təkcə bizim sərvət və pullarımızı oğurlamır, onlar bu pullarla bərabər bizim xoşbəxtliyi də oğurlayırlar – alimlərin yuxarıda dediyi kimi.