Boş çoxluqda “idiot” olmaq…

Günümüzdə baş verənlərin mərkəzində nələr yaşandığına daha dərindən varmaq istəyirsinizsə, “Səfehlər”(Idiocracy) filminə baxmanız tövsiyə olunur. Çoxdan izləyənlər də yaddaşını təzələyə bilər. Məncə, bu gün dünyada bir toplumun Azərbaycanda olduğu qədər görməzdən gəlindiyi, səfeh yerinə qoyulduğu ikinci ölkə tapa bilməzsiniz. Baxanlar bilir, amerikan rejissoruÿ(Mike Judge) filmin mövzusunu bir kişi və bir qadının ordunun insan dondurma layihəsinə qatılması və 500 il sonra oyanması üzərində qurub. Filmin qəhrəmanı(Joe Bowers) orta səviyyəli amerikan vətəndaşıdır və o, ordunun həyata keçirdiyi bir illik sınaq üçün seçildiyində 500 il sonra oyanacağını ağlının ucundan belə keçirmir. Bir il yuxuya verilən qəhrəman sınağın gözləndiyi kimi baş tutmaması üzündən unudulur və 500 il sonra oyanır… 

Bilirsiniz, riyaziyyatda boş çoxluq deyilən bir ifadə var – tərkibində heç bir element olmayan çoxluğa deyilir. Filmin qəhrəmanı da uzun yuxudan sonra belə bir boş çoxluğun ortasına düşür. Beş əsr ərzində iş-güc, karyera arxasınca qaçan ağıllı insanlar nəsil artırmağı unutmuş, səfehlərin doğub-törətdikləri kütbeyinlər ölkənin hakim çoxluğuna çevrilmişdir. Ölkədə zəka səviyyəsi orta olan insanlar belə yoxa çıxmış, yüksək mərtəbələrdə oturan rəhbərlərin ağıl səviyyəsi keçmiş amerikan yeniyetmələrinin ağlından uzağa getmir. Belə bir mühitdə Aydan gəlmiş adam təsiri bağışlayan Conun üzərində aparılan sınaqlar onun dünyanın ən zəkalı insanı olduğunu ortaya çıxarır və qəhrəmanın həyatı birdən-birə dəyişir…

Bu filmə baxan istənilən normal adam yaşadığı mühitdə gördüklərinin həmin qəhrəmanın başına gələnlərlə çox yaxın olduğunu düşünə bilər. Və bunu düşünərsə, özünə “niyə bu hala gəldik” sualını da vermiş olar. Əslində, sualın cavabı sadə və aydındır. Yaşadığımız ölkədə on illərdir saxtakarlıqlara susan və ona şərik çıxan çoxluq yaşayır. Bu saxtakarlıq siyasi hakimiyyətin dəyişməsindən tutmuş, evimizdəki su, qaz, işıq sayğaclarına qədər ayaq açıb. Məsələnin kökünü gələcəyin beyin nüvəsini yetişdirmək missiyası daşıyan müəllimin saxta seçki bülletenlərinin mühafizəçisinə çevrildiyi yerdə axtarmaq lazımdır. Bunun kökünü kitab oxumağı, şeir əzbərləməyi, musiqi dinləməyi idiotluq hesab edən yeni nəslin eybəcər TV şoularının əsirinə çevrildiyi yerdə axtarmaq lazımdır. Bunun kökünü gəncləri test əzbərçisi olan robotlara çevirərək, məntiqi və düşüncəni yadırğadan təhsil sisteminin naqisliklərində axtarmaq lazımdır. Bunun kökünü uzun illərdən bəri siyasi hakimiyyəti patriarxal düzənlə idarə edən, bu düzəndən kənara çıxmaq istəyənləri küncə sıxışdırıb əzən bir sistemin səfehliyində görmək lazımdır. 

Bütün qaydaları səfehlərin diktə etdiyi ikiüzlü bir sistemdən idarə olunan cəmiyyətdə siz öz dürüstlüyünüzlə Dostoyevskinin “idiot” Mışkini kimi görünə bilərsiniz ancaq. Amma nə olur-olsun, bu sistemi və cəmiyyəti dəyişmək üçün  oradakı səfehlərin sırasını azaltmağa ehtiyac var. Belə boş çoxluq arasında dürüst bir idiot olub, dəyişiklik üçün savaşmağın nə qorxusu var ki?..

Bəhs etdiyim filmin xoşbəxt sonluğu da bunu deyir. Zaman maşınının olduğuna inanan qəhrəman onunla 500 il əvvəl qaldığı yerə, xoşbəxt keçmişinə geri dönmək istəyir. Bu zaman məlum olur ki, onun başından bəri inandığı bir aldanışdır, əslində, keçmişə qaytaran zaman maşını deyilən şey yoxdur. Səfehləşmiş toplumun xilaskarı zamanın geri dönməyəcəyini yəqin edərək, öz ölkəsində müsbət dəyişikliklər üçün çalışıb-vuruşmaqdan başqa yol olmadığı qərarına gəlir: “Bir zamanlar insanlar burada kitablar, filmlər yazdılar, hekayələri olan filmlər. Mən o günlərin geri gələcəyinə inanıram…”.

Zaman maşınını, şübhəsiz, kimsə geri döndərə bilməz. Amma müsbətə aparan dəyişikliklər yolunda inadla irəli getmək olar, sabahın bu gündən daha yaxşı olacağına inanaraq…