Baş verənlərlə bağı Azərbaycan rəhbərliyi ilə müzakirələr aparılır
ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell iyunun 27-də keçirdiyi brifinqdə “Azadlıq” radiosunun peyk yayımlarının Azərbaycan hökuməti tərəfindən əngəllənməsinə dair xəbərlərə reaksiya verib.
“Amerikanın səsi” radiosunun sualını cavablandıran ABŞ rəsmisi “Azadlıq” radiosu proqramlarının Azərbaycanda problemlərlə üzləşməsi haqda hesabatları gördüyünü təsdiqləyib. O, məsələ ilə bağlı “Azadlıq” radiosu və Azərbaycan rəhbərliyi ilə müzakirələr aparıldığını söyləyib.
“Biz düşünürük ki, “Azadlıq” radiosu Azərbaycanın media məkanına töhfə verən mühüm media orqanıdır. Onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır”, – deyə Dövlət Departamentinin sözçüsü bildirib. Ventrell əlavə edib ki, ABŞ Azərbaycanda media və söz azadlığını tam dəstəkləyir.
Son vaxtlarda “Azadlıq” radiosu Azərbaycana yayımlanan proqramlarının “jamming” adlanan praktikaya əsasən əngəlləndiyini sənədləşdirib. Radio rəhbərliyi peyk siqnallarının qəsdən və sistematik şəkildə boğulduğunu güman edir.
Soyuq Müharibə dönəmində Sovet İttifaqının xarici radiostansiyalara qarşı geniş tətbiq etdiyi bu praktika beynəlxalq telekommunikasiya qaydalarına ziddir.


