kiv-df

Tarixi keçmişə çıraq yandıran Çıraqqala..

Qalanın başında işarət tonqalı qalanırmış…

Azərbaycan bütün dövrlərdə strateji mövqeyinə, zəngin sərvətlərinə və torpaqlarına görə yadelli işğalçıların diqqətini cəlb edib və buna görə də, tarix boyu müharibələr meydanına çevrilib. Yalnız silaha və qol gücünə arxalanmaqla güclü orduların qarşısını almaq mümkün olmadığı bir zamanda, vətəni işğaldan qorumaq üçün həm də etibarlı sığınacaqlar lazım idi. Düşmən önündə önəmli bir sipərə çevrilən qalalarımız belə etibarlı sığınacaqlardan olub. Təsadüfi deyil ki, təkcə Azərbaycanın şimal hissəsində 360-dan artıq dağ qalası tikilib. Xalqımızın qeyrət simvoluna çevrilən qalaların çoxluğu həm ulularımızın mübarizə əzmindən, həm də bu mübarizənin son dərəcə ağır olduğundan xəbər verir. Belə mübarizə simvollarından biri də Çıraqqaladır.
Çıraqqala – Şabran rayonunun (keçmiş Dəvəçin) təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində yerləşir. Neçə yüz ildir zamanın tufanlarına, dövrün qasırğalarına dayanaraq ulularımızın şanlı tarixini bu günümüzə qədər yaşatmaqdadır.
Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam-qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib. Gilgilçay səddinin baş qarovulxanası olub. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. Iki qala və səddin böyük bir hissəsi zamanın rüzgarlarına davam gətirməyərək uçub dağılmış, “Çıraqqala” isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.
Çıraqqala tipli qalalar tək Şabranda deyil, Azərbaycanın başqa bölgələrində, o cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, Ismayıllı rayonlarında da var. Bu qalalar müdafiə məqsədli deyildi. “Kitabi Dədə Qorqud”dan bilirik ki, od informasiya daşıyıcısı idi. Bu qalalar qədim dövrdə xəbərdarlıq, bölgələr arasında rabitə funksiyasını yerinə yetirirdi. Məsələn, əhali toplantıya, müharibəyə bu qalaların başında çatılan ocaqlarla dəvət olunurdu. Mənbələrin məlumatına görə, bir məşəl müharibə xəbərdarlığı, iki tonqal hazırlıq, həyəcan, üç tonqal toplantı mənasını verirdi.
Bildiyimiz kimi, qədim Azərbaycan dövlətlərinin sərhədləri Sovet dövründə doğru göstərilməyib. Əslində, Manna, Midiya və Atropatena tək Arazdan cənuba deyil, bütün Azərbaycan ərazilərini əhatə edirdi. Manna ərazisi müəyyən dövrlərdə nəinki Şimali Azərbaycan, hətta Dağıstan və Çeçenistan ərazilərini də əhatə edirdi. Midiya və Atropatena sərhədlərinə Abxaziyaya qədər olan torpaqlar daxil idi.
Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən görkəmli abidədir. Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı.

“Çıraqqala” adı da buradan yaranıb

Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında “Çıraqqaya” adlanır. Görünür, hələ qala-sədd tikilməmişdən öncə adamlar düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər verirlərmiş. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.
Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Uzunluğu 120 km. olan səddin divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. Babadağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni isə 30-35 metrə qədərdir. Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı. Gilgilçay səddi dörd hissədən ibarət olub. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilib. Bir vaxt Bakı-Rostov şəhərlərarası şosse yolunun genişləndirilməsi ilə bağlı bu nadir abidələrin bir qismi dağıdılıb.
Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan – su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan görünür ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən çəkilib. Hündürlüyü 120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə, işarə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən 100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya biliblər.
Çıraqqalanın baş bürcü çox maraqlı quruluşa malikdir. Bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Belə bir fənd eyni zamanda konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşu üçün qurşaqvari zolaqlardan istifadə edilib. Qurşaqların materialı daş-kərpic olmaqla növbə ilə təkrarlanıb. Siluet və textonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz.

Tarixi memarlıq qoruğu

Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, o cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, Ismayıllı rayonlarında rast gəlinsə də, Çıraqqala öz möhtəşəmliyi ilə o qalalardan fərqlənir.
Tarixi mənbələrdə Çıraqqala haqqında müxtəlif versiyalar var. Bu müdafiə istehkamı haqqında məlumat verən ərəb tarixçisi Əl Bəlazuri (IX əsr) “Kitab Fütih Əl-Buldən” (“Ölkələrin Fəthi” kitabı) adlı əsərində yazır ki, Sasani şahı Qubad Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirdi. Digər ərəb müəlliflərindən Ibn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (488-531-cü illər) əvvəl də Kaspisahili müdafiə sədləri olub. Deməli, “Uzun divarlar” adlanan bu sədd eramızdan əvvəllər də mövcud olub. Fransız səyyahı Vilhelm Rubrik (XII əsr) Gilgilçay səddi haqqında yazır ki, “biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən sədd gördük”.

Çıraqqala qayaların qardaşı,
Bu ellərin, obaların sirdaşı,
Min kəsəyə üstün gələr hər daşı,
Düşmən üçün dönər iti bıçağa.
(İsmixan Yusubov)

Qalanın XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan xəbəri digər qala və məntəqələrə çatdırılarmış. Əzəmətli qala Azərbaycanda qeydə alınan mühüm əhəmiyyətli tarixi abidələr sırasında yer alır. Bu ərazidəki bir çox memarlıq nümunələri arasında öz unikallığı ilə fərqlənən abidənin mühafizəsi, həqiqətən xüsusi önəm daşıyır. Ona görə də, 23 iyun 2003-cü ildə Azərbaycanın tarixi irsinin və Azərbaycan xalqının memarlıq ənənələrinin mühüm nümunələrindən olan “Çıraqqala” tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədi ilə sərəncam verilib. Həmin sərəncama əsasən, Çıraqqala tarixi abidə kompleksi tarix-memarlıq qoruğu elan edilib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir