Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, S. Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından biridir: “Onun tamaşalarını yüz dəfələrlə, min dəfələrlə izləmişik. Siyavuş Aslanı hamı komik rolların ifaçısı kimi tanıyırdı. O, sonralar bir sıra dramatik rollara da çəkildi. O, Milli Dram Teatrının səhnəsində böyük dramaturqların tamaşalarında böyük rollara imza atdı. Siyavuşu mən 80-ci ildən tanıyırdım. Onunla bağlı xeyli xatirələrim var. Səyavuş Aslan son dərəcə ürəyiyumşaq, ətrafındakı adamlara hədsiz diqqətli adam idi. Siyavuş Aslanın sənəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. İki gün öncə hörmətli prezidentimiz onu “Şərəf” ordeni ilə təltif etdi.”
Daha sonra çıxış edən Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov sənət dostu haqqında fikirlərini bildirib: “Siyavuş Aslanla 40 il dostluq etmişik. Onunla hansı qastrolda olurdumsa, böyük tamaşaçı sevgisi ilə qarşılaşırdıq. Bu itki bizim hamımızı sarsıdıb. Onun ailəsinə, yaxınlarına başsağlığı verirəm”.
Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, İctimai Televiziyanın baş direktoru Cəmil Quliyev S. Aslan haqqında xatirələrini, fikirlərini bölüşüb, aktyorun yoxluğunu Azərbaycan teatrı və kinosu üçün böyük itki kimi dəyərləndiriblər.
Xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb və orada dəfn edilib.
***
Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilir.
Vida mərasimində aktyorun sənət yoldaşları iştirak edir. Teatrın direktoru İsrafil İsrafilov APA-ya açıqlamasında bildirib ki, xalq artistinin II Fəxri Xiyabanda dəfn olunması gözlənilir.
***
Azərbaycanın xalq artisti, gülüş ustası Səyavuş Aslan vəfat edib. Xalq artistinin oğlu Çingiz Aslanov APA-ya bildirib ki, S. Aslanın vəziyyəti gecə pisləşib. Təcili yardım çağırılsa da, aktyoru xilas etmək mümkün olmayıb.
O, iyunun 27-si saat 4.00 radələrində dünyasını dəyişib.
Aktyor bu gün dəfn olunacaq.
Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb.
1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur.
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.